İnsanlara hürriyət, millətlərə istiqlal!

“Narazıların həbsxanası” - SSRİ-nin “problemli” bölgədə yaratdığı məxfi təcridxana haqda ŞOK

845 02.08.2024 12:26 Yaxın tarix A A

İosif Stalinin hakimiyyəti dövründən Mixail Qorbaçovun baş katib olduğu illərə qədər Baltikyanı respublikalar Moskva üçün həssas və problemli bölgə sayılıb, 1940-cı ildə Litva, Latviya və Estoniya SSRİ-nin tərkibinə daxil edildikdən sonra Kreml üçün bu bölgə siyasi baxımdan ən narahat məkanlardan birinə çevrilib.

Baltikyanı respublikaların vətəndaşlarındakı anti-sovet ruhu bütün sahələrdə özünü göstərib, gizli təşkilatlar yaradılıb, kommunist rejiminə qarşı ardıcıl təbliğat işləri aparılıb, hətta açıq şəkildə Moskvanın mövqeyini sərt tənqid edənlər də olub.

Təbii ki, mövcud vəziyyətdən SSRİ-nin rəhbərləri də xəbərdar olublar və Baltikyanı respublikalarda sabitliyi bərqərar etmək üçün bütün mümkün vasitələrdən istifadə ediblər.

Baltikyanı respublikalar Moskva tərəfindən ciddi nəzarət altında saxlanılıb. Bu respublikaların ayrı-ayrı sahələrinə rəhbər işçilərin təyinatı Kremldə xüsusi müzakirə mövzusu olub. “NKVD”, sonralar DTK, Daxili İşlər Nazirliyi isə bu bölgəyə ən peşəkar əməkdaşlarını göndəriblər.

Baltikyanı respublikalarda “NKVD”nin ilk rəsmi fəaliyyəti 1940-cı ilin payızında Litvanın paytaxtı Vilnüs şəhərində başlayıb. “NKVD”nin idarəsi şəhərin Gediminas prospektində yerləşib. Bina 1899-cu ildə tikilib və Rusiya imperiyasının Vilenski quberniyasının “ədalət sarayı” adlandırılıb.

İkinci Dünya müharibəsi zamanı almanlar Litvanı işğal edəndə bina alman gestaposunun ofisinə çevrilib. 1944-cü ildə isə SSRİ xüsusi xidmət orqanlarının əməkdaşları öz fəaliyyətlərini yenidən burada davam etdiriblər.

TECRİD.jpg (92 KB)

Uzun illər yerli sakinlər şəhərin mərkəzində yerləşən bu binanın zirzəmisində təcridxana olduğunu bilməyiblər. “NKVD” əməkdaşları binanın zirzəmisindən məhz türmə kimi istifadə ediblər və öz aralarında 50-yə qədər kamerası olan bu təcridxananı “narazıların həbsxanası” adlandırıblar.

Şahidlərin söylədiklərinə görə, bu “məxfi türmə”yə düşənlərin 70 faizindən çoxu geri qayıtmayıb.

Vilnüsdəki “məxfi türmə”də xüsusi işgəncə metodlarından istifadə olunub. Kameralar o həddə qədər səsə qarşı izolyasiya olunub ki, tək-tək saxlanılanlar bir neçə gündən sonra yaranmış sükutdan dəli olmaq vəziyyətinə düşüblər.

Sibirin həbs düşərgələrindən geri qalmayan bu türmədə saxlanılan şəxslərə heç bir tibbi yardım göstərilməyib. Onların gündəlik qida rasionu 400 qram su, 200 qram qara çörək və bir də yalnız su və xarab olmuş kələmdən hazırlanmış şorbadan ibarət olub.

Vilnüs türməsində saxlanılanlar doğmaları ilə görüş hüququndan məhrum ediliblər, o cümlədən məktub yazmaq, yaxud göndərmək, sovqat qəbul etmək də qadağan olunub.

TURME.jpg (143 KB)

Türmənin sakinləri əsasən siyasi məhbuslar, sovet rejimi ilə barışmayan elm, mədəniyyət və incəsənət nümayəndələri olublar. İstintaq binadan kənara çıxmadan türmənin xüsusi kamerasında aparılıb. Müstəntiqlərlə razılaşmayanların ömrü uzun çəkməyib.

Maksimum bir həftədən sonra ittihamnamələrində nə yazıldığından asılı olmayaraq onlar terrorçu damğası ilə zirzəmidəki güllələnmə kamerasında güllələniblər. Elə müstəntiqlərlə razılaşanların da aqibəti xoşluqla bitməyib. Bu türməyə düşən 3 nəfərdən ikisi ölüm cəzasına məhkum edilib.

1940-cı illərdə Litva “NKVD”sində çalışan, sonralar Amerikaya mühacirət edən dövlət təhlükəsizliyi mayoru Mixail Koçetov öz xatirələrində Vilnüs türməsini belə xatırladıb:

“O dünyada cəhənnəm adlı bir məkanın olmasına şübhə etməyin. Cəhənnəm adlı bir yer var, amma o dünyada yox, bu dünyada. Bir neçə saat Vilnüs türməsində olmaq kifayətdir ki, cəhənnəmin nə olduğunu anlayasan. İnsan öz hüququnu, öz azadlığını tələb edirsə və bunun müqabilində ən ağır cəzalara, işgəncələrə məruz qalırsa, bu, artıq cəhənnəm deməkdir. Mən bunların canlı şahidi olmuşam. Vilnüs türməsində saxlanılan insanlara insan kimi yox, heyvan kimi baxırdılar. İstintaq zamanı verilən ifadələrdən, günahının olub-olmamasından asılı olmayaraq bu təcridxanada insanı məhv etmək, işgəncə vermək adi hal idi. Moskva belə tələb edirdisə, belə də olmalı idi...”

İSGEN.jpg (127 KB)

1959-cu ilə qədər Vilnüs türməsi qeyri-rəsmi fəaliyyət göstərib. Yəni nə türmənin, nə də türmədə işləyən əməkdaşların adı rəsmi olaraq heç bir ştat cədvəlində əks olunmayıb.

Yalnız 1959-cu ildə “məxfi türmə” rəsmi olaraq istintaq təcridxanası kimi fəaliyyətini davam etdirib. Adı dəyişsə də, təcridxana əvvəlki “qanun”ları ilə işləyib.

SSRİ-nin süqutundan sonra bina “Azadlığın işğalı və mübarizəsi” adı altında muzey kimi fəaliyyət göstərir. Kameralarda hər şey olduğu kimi qalır. Divarlarda yüzlərlə insanın dəmir parçası ilə yazılmış qeydləri də olduğu kimi durur. Bir əsrdən artıq yaşı olan bu bina kommunist rejiminin dəhşətlərini özündə əks etdirən tarixi bir kompleks kimi də qiymətləndirilir.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR