İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsahibə ədalətsizlik nümunəsi sərgiləyən beynəlxalq media təmsilçilərinə tutarlı cavab oldu-deputat

659 15.02.2026 11:22 Dünya A A

Fevralın 13-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “France 24” telekanalına verdiyi müsahibə Cənubi Qafqazda postmünaqişə mərhələsinin siyasi, hüquqi, iqtisadi parametrlərini sistemli şəkildə təqdim edən mühüm mesajlardır.

Deputat, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Zaur Şükürov bunu Musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, müsahibədə səsləndirilən fikirlər siyasi ritorika deyil, beynəlxalq hüququn fundamental prinsiplərinə - dövlət suverenliyi, ərazi bütövlüyü, müharibə cinayətlərinə görə fərdi məsuliyyət və qayıdış hüququ kimi normalara istinad edən konseptual yanaşma üzərində qurulub: 

“Bu müsahibə, Azərbaycanın post-münaqişə mərhələsində faktiki olaraq formalaşdırdığı regional əməkdaşlıq modelinin siyasi, hüquqi və iqtisadi əsaslandırılmasıdır. Müsahibədə Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Ağ Evdə imzalanmış üçtərəfli bəyannaməyə diqqət çəkərək, münaqişənin faktiki olaraq sona çatdığı qeyd edilir və daimi olacağına ümid  bəslənən sülh dövrünə qədəm qoyulduğu vurğulanır. Müsahibədə qeyd edilən faktlar - sərhəddə atəşin dayandırılması, itkilərin olmaması, tranzit məhdudiyyətlərinin aradan qaldırılması və ticari-iqtisadi təmasların başlaması - silahlı qarşıdurma mərhələsinin geridə qaldığını nümayiş etdirir. Bu faktlar isə sülh müqaviləsinin imzalanmasından əvvəl normallaşma mərhələsinin mümkünlüyünü göstərir və bu, etimad quruculuğuna mühüm töhfə verə biləcək amillərdir”.

Z.Şükürov dövlət başçısının sülh sazişi ilə bağlı prinsipial mövqeyini bir daha xatırlatmasına diqqət çəkib:

“Prezident İlham Əliyev normallaşmanın hüquqi baxımdan tamamlanması üçün əsas şərt kimi Ermənistan Konstitusiyasında yer alan və müstəqillik Bəyannaməsinə istinad edən müddəalara diqqət çəkərək, həmin istinadda Azərbaycana qarşı potensial ərazi iddiasının olduğunu bildirdi. Bu xüsusda qeyd edilməlidir ki, beynəlxalq hüquqda dövlətlərarası sülh sazişlərinin davamlılığı tərəflərin ərazi bütövlüyünü və suverenliyini qarşılıqlı və qeyd-şərtsiz tanıması ilə bağlıdır. Əgər konstitusion səviyyədə başqa dövlətin ərazisinə iddia xarakterli müddəa qalırsa, bu, gələcəkdə hüquqi mübahisələr, hətta münaqişə, işğal və hərbi  təcavüz üçün zəmin yarada bilər. Bu baxımdan Azərbaycan tərəfinin mövqeyi dövlətlərin suveren bərabərliyi və daxili hüquq normalarının beynəlxalq öhdəliklərlə uyğunlaşdırılması prinsiplərinə əsaslanır. Konstitusiya dəyişiklikləri məsələsi siyasi deyil, beynəlxalq hüquqi təminat mexanizmidir”.

Milli Məclis üzvü qeyd edib ki, TRIPP layihəsi və Zəngəzur marşrutu ilə bağlı Prezidentin mövqeyi regional iqtisadi inteqrasiyanı beynəlxalq nəqliyyat hüququ prinsipləri çərçivəsində qiymətləndirməyə imkan verir:

 “BMT-nin və digər beynəlxalq konvensiyaların tanıdığı prinsiplər dənizə  - dünya okeanına - çıxışı olmayan və ya coğrafi məhdudiyyətləri olan dövlətlərin kommunikasiya xətlərinə maneəsiz çıxışını nəzərdə tutur. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz bağlantının yaradılması bu kontekstdə dövlətin daxili kommunikasiya bütövlüyünün təmin olunması kimi izah edilməlidir. Layihənin ABŞ tərəfindən dəstəklənməsi isə regionda çoxtərəfli iqtisadi əməkdaşlıq mexanizmlərinin formalaşmasına əlavə siyasi çəki verir”.

 Z.Şükürov Prezidentin Bakı-Vaşinqton münasibətləri barədə fikirlərinə də diqqət çəkib:

“Azərbaycan-ABŞ münasibətləri və bu ölkənin Vitse-prezidentinin Azərbaycana rəsmi səfəri ilə bağlı jurnalistin sualına cavab olaraq, Prezident İlham Əliyev səfərin Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə əlamətdar olduğunu və Birləşmiş Ştatların yüksək vəzifəli rəsmisinin səfərinin özlüyündə istənilən ölkə üçün əhəmiyyət daşıdığını, dünyanın ən güclü ölkəsi ilə rəsmi strateji tərəfdaşlıq əlaqəsinin qurulmasını böyük uğur kimi qeyd edib. Müxtəlif bölmələrdən ibarət olan Xartiyada enerji, bağlantı, süni intellekt, investisiya və ticarət sahələrində əməkdaşlığın nəzərdə tutulduğunu bildirən ölkə başçısı müdafiə məhsullarının satışının planlaşdırıldığını və bu xüsusda Azərbaycana silah tədarükü ilə bağlı bütün məhdudiyyətlərin aradan qaldırıldığını diqqətə çatdırıb. Heç şübhəsiz, bu sənəd Azərbaycanın beynəlxalq münasibətlər və regional təhlükəsizlik sistemində mühüm aktor kimi qəbul edilməsinin göstəricisi kimi dəyərləndirilə bilər”.

Milli Məclisin üzvü həmçinin bildirib ki, müsahibədə Qarabağdakı keçmiş separatçı qurumun rəhbərlərinə çıxarılmış məhkəmə hökmləri məsələsinə də toxunuldu:

“Prezident İlham Əliyev onların məhz müharibə cinayətlərinə və digər ağırcinayətlərə görə məsuliyyətə cəlb olunduğunu qeyd edib. Məlumdur ki, 1949-cu il Cenevrə Konvensiyaları və onların Əlavə Protokolları silahlı münaqişə dövründə törədilmiş ağır cinayətlərə görə fərdi məsuliyyət nəzərdə tutur. Müharibə cinayətləri və insanlığa qarşı cinayətlər beynəlxalq hüquqa görə cəzasız qala bilməz və siyasi kompromis predmetinə çevrilmir. Bu prinsip Nürnberq və digər beynəlxalq tribunal presedentlərində də təsbit olunmuşdur. Müharibə cinayətlərinə görə məsuliyyətin tətbiqi dövlətin beynəlxalq öhdəlikləri ilə uyğunluq təşkil edir. Prezidentimiz jurnalistin qeyd olunan məsələ ilə bağlı suallarını bu şəkildə cavablandırdı: “Bu insanlar uzun illər ərzində azərbaycanlılara və Azərbaycana qarşı törədilən bütün müharibə cinayətlərinin təşkilatçıları olublar və məsuliyyətə cəlb ediliblər. Onlar bizim həyata keçirdiyimiz hərbi əməliyyat nəticəsində Qarabağda saxlanılıb məsuliyyətə cəlb olunublar. Onlar vəkillərlə təmin ediliblər. Məhkəmə prosesi tamamilə şəffaf keçib. Onların cinayətləri şahid ifadələri, çoxsaylı ifadələrlə sübuta yetirilib, hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Bilirsiniz, bu insanlar bəşəriyyətə qarşı ağır cinayətlər törədiblər. İkinci Dünya müharibəsindən sonra Nürnberq məhkəmələrində ölüm hökmünə məhkum edilmiş bütün o nasist liderlərini təsəvvürünüzə gətirin ki, iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin. Onların törətdiyi cinayət İkinci Dünya müharibəsi zamanı nasistlərin etdiklərindən daha pis idi”. Prezidentin bu məsələ ilə əlaqədar prinsipial, milli maraqlara cavab verən qətiyyətli mövqeyi ən ağır cinayətlər törətmiş həmin şəxslərlə bağlı mövzuya bir daha aydınlıq gətirməklə yanaşı, hələ də ikili standartlar və ədalətsizlik nümunəsi sərgiləyən beynəlxlaq media təmsilçilərinə tutarlı cavab oldu”. 

Yekun olaraq, Z.Şükürov vurğlayıb ki, Prezident İlham Əliyevin müsahibəsi Azərbaycanın postmünaqişə mərhələsində hüquqi əsaslara söykənən siyasətini sistemli şəkildə təqdim edir:

“Çıxışın əsas xətti dövlət suverenliyi və ərazi bütövlüyü, müharibə cinayətlərinə görə fərdi məsuliyyət, dövlətlərarası münasiibətlərdə qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq, öz dədə-baba yurdlarından didərgin düşmüş Qərbi Azərbaycanlıların Ermənistana qayıdış hüququ, regional iqtisadi inteqrasiya, bağlantılar və tranzit imkanları kimi mühüm prinsiplər üzərində qurulub. Bu yanaşma Azərbaycanın Cənubi Qafqazda münaqişədən sonrakı mərhələnin təkcə siyasi deyil, hüquqi təminatlı və institusional sabitliyə əsaslanan model üzrə qurulmasında marağını ifadə edir. Azərbaycanın irəli sürdüyü əhəmiyyətli təşəbbüslər isə sülh müqaviləsinin imzalanmasından sonraregionun beynəlxalq hüquq, qarşılılıqlı faydalılıq və hörmət, səmərəli əməkdaşlıq prinsiplərinə uyğun şəkildə formalaşmış yeni təhlükəsizlik mühitinə və iqtisadi inkişaf mərhələsinə daxil olmasına imkan verəcək”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR