İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın Bakıya qarşı köhnə ssenarisi – Novella Cəfəroğludan SƏRT REAKSİYA 

729 30.06.2026 16:05 Siyasət A A

Bakı-Moskva münasibətlərində gərginlik nisbətən azalsa da, Kremlə yaxın bəzi dairələr yenidən erməni separatizmi mövzusunu gündəmə gətirməyə çalışır. Belə ki, Rusiyanın dövlət kanalı “Rossiya-1” Ukraynada Rusiya tərəfində döyüşən erməni “Arbat” batalyonu haqqında reportaj yayımlayıb.

Reportajda döyüşçülərdən biri Qarabağ müharibəsi zamanı ilk dəfə silaha sarıldığını, digəri isə fəaliyyətinə Qarabağda başladığını deyib. Süjetdə həmin şəxsin hərbi geyimində separatçı qurumun simvolu hesab olunan və üzərində “artsakh” yazılmış emblem də nümayiş etdirilib.

Sual yaranır ki, Rusiya dövlət kanalında “artsakh” simvolunun göstərilməsi hansı siyasi mesajları ehtiva edir? Azərbaycanın bu cür informasiya təxribatlarına reaksiyası necə olmalıdır?

Prezident Novella Cəfəroğlunu “Şöhrət” ordeni ilə təltif edib

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu Musavat.com-a danışıb:

“Ermənistanın Baş naziri Nikol Paşinyan bəlkə də erməni siyasi elitasında reallıqları ən yaxşı anlayan fiqurlardan biridir. O, uzun illər erməni cəmiyyətinə təlqin olunan miflərin və xəyali təsəvvürlərin Ermənistanı hansı təhlükəli nöqtəyə gətirib çıxardığını görür və bu stereotipləri dağıtmağa çalışır. Paşinyan anlayır ki, regionda formalaşmış yeni geosiyasi reallıqları qəbul etmədən Ermənistanın inkişafı və təhlükəsiz gələcəyi mümkün deyil.

Bu baxımdan onun son açıqlamaları da diqqət çəkir. İsrailin qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı suala cavab verərkən Paşinyan dolayısı ilə göstərdi ki, Ermənistanın gələcəyi keçmişin mübahisəli iddiaları üzərində deyil, real siyasi maraqlar üzərində qurulmalıdır. Bu yanaşma əslində regionda sülh və əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edən praqmatik mövqedir.

Digər tərəfdən, Rusiyanın bəzi media qurumlarında və müəyyən dairələrində hələ də köhnə separatçı ritorikanı gündəmə gətirmək cəhdləri müşahidə olunur. “Rossiya-1” kanalında yayımlanan reportaj buna misaldır. Lakin nə qədər belə reportajlar hazırlansa, nə qədər insanların üzərinə “artsax” simvolları taxılsa da, regionda artıq formalaşmış yeni reallıqları dəyişdirmək mümkün deyil. Qarabağ məsələsi öz həllini tapıb və separatizm ideyası tarixə qovuşub. Bu istiqamətdə aparılan təxribat xarakterli informasiya kampaniyalarının hər hansı nəticə verməsi inandırıcı görünmür”.

Azərbaycanın həm Ermənistan, həm də Rusiya ilə qonşu olduğunu xatırladan hüquq müdafiəçisi buna görə ölkəmizin bütün qonşuları ilə normal münasibətlərin qurulmasında maraqlı olmasına diqqət çəkib: “Məhz bu mürəkkəb geosiyasi şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı və praqmatik siyasət Azərbaycanın milli maraqlarının qorunmasına, dövlətimizin təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. Son illərin hadisələri göstərdi ki, ölkə rəhbərliyi müxtəlif təzyiqlər, xarici təsirlər və regional risklər fonunda Azərbaycanın müstəqil mövqeyini qoruyub saxlaya bilib.

Bu gün Azərbaycan üçün ən vacib məsələlərdən biri ağıllı, uzaqgörən və milli maraqlara söykənən siyasətin davam etdirilməsidir. Ölkəmiz təkcə bir istiqamətdən deyil, müxtəlif regional və qlobal çağırışlarla üz-üzədir. Buna görə də dövlətin güclü olması ilə yanaşı, cəmiyyətin də milli məsələlərdə həmrəyliyi böyük əhəmiyyət daşıyır. Dövlət başçısının həyata keçirdiyi siyasətin uğuru yalnız hakimiyyətin deyil, bütövlükdə xalqın birliyi və dəstəyi ilə daha da möhkəmlənə bilər. Mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın maraqlarının qorunması üçün həm güclü dövlət idarəçiliyi, həm də milli həmrəylik əsas şərtlərdən biridir”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR