Bu gün Ukrayna ordusu pilotsuz uçuş aparatları ilə Moskva vilayətində yerləşən “Dubna” kosmik rabitə mərkəzinə zərbə endirib. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Obyekt ərazisində güclü tüstülənmə müşahidə olunur. Zərərin miqyası dəqiqləşdirilir”, – məlumatda bildirilir.
Açıqlamada qeyd olunur ki, Ukrayna hərbçiləri Luqansk vilayətinin Debaltsevo rayonu ərazisində pilotsuz uçuş aparatları operatorlarının hazırlanması üçün istifadə olunan poliqonu, eləcə də Donetsk vilayətinin Mirnoqrad və Perebudova rayonlarında PUA idarəetmə məntəqələrini vurub.
Həmçinin Rusiya ərazisində, Belqorod vilayətinin İlek-Penkovka rayonu və Donetsk vilayətinin Pokrovsk istiqamətində komanda-müşahidə məntəqələrinin məhv edildiyi bildirilib.
Bundan əlavə, Ukrayna ordusu Zaporojye vilayətinin Vasilyevka rayonu yaxınlığında Rusiya ordusunun qoşun və təminat daşımaları üçün istifadə etdiyi avtomobil körpüsünün də vurulduğunu açıqlayıb.
“Əlavə məlumatların təhlili nəticəsində iyunun 21-də Krasnodar diyarında yerləşən “Qafqaz” limanının infrastrukturuna və iki avtomobil bərəsinə zərbə endirildiyi təsdiqlənib. Bu obyektlər Ukraynanın cənub bölgələrindəki Rusiya qüvvələrinin təminatı üçün istifadə olunur”, – Baş Qərargahın məlumatında qeyd olunur.
Rusiya son sutkada Ukraynaya məxsus 734 dronu vurub.
Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son sutkada Ukraynanın təyyarə tipli 734 dronunu və idarə olunan 12 aviasiya bombasını vurub.
Moskva meri Sergey Sobyanin isə son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 84 dronun paytaxta yaxınlaşarkən vurulduğunu bildirib. O qeyd edib ki, heç bir ziyan və ya itki olmayıb.
Ukrayna ordusunun Voronejə zərbəsi nəticəsində üç nəfər yaralanıb. Voronej vilayətinin qubernatoru Aleksandr Qusev bildirib. Onun sözlərinə görə, şəhər üzərində bir neçə “yüksəksürətli hava hədəfi” məhv edilib, müəssisələrdən biri isə zərər görüb.
Hazırda Moskva şəhəri üzərində bir dənə də təyyarə yoxdur. Bu barədə Rusiya teleqram kanalları “Flightradar24” xidmətinə istinadla məlumat yayıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi professor Fikrət Yusifovla müzakirə edir.






