İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mixaylo”ya dönmüş Mixaylovu Bakıda axtarırlar - Azərbaycana təzyiq

1598 22.11.2025 09:31 Siyasət A A

Rusiya və Qərb eyni anda təzyiqlər göstərir; casusun ölkəmizdə olub-olmaması belə məlum deyil

Rusiya və Qərb kəşfiyyat agentlikləri 2024-cü ilin yayında Böyük Britaniya, Almaniya və Polşada yük və kuryer şirkətlərinin anbarlarında bağlamaların partladılmasında iştirak edən rusiyalı diversant Yaroslav Mixaylovla bağlı gizli şəkildə mübarizə aparır. Adam “Uzaq sahillərdə” filminin personajı, “Mixaylo” ləqəbli əfsanəvi partizanımız Mehdi Hüseynzadəyə dönüb. İndi onu şəhərdə (Bakıda) axtarırlar.

“Vaşinqton Post” xəbər verir ki, partlayışlardan sonra Mixaylov saxta sənədlərdən istifadə edərək Azərbaycana qaçıb. İndi Qərb və Rusiya xüsusi xidmət orqanları rusiyalının ekstradisiyası üçün Azərbaycana təzyiq göstərməyə çalışır. Məqalədə bildirilir ki, Federal Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti (SVR) və Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbərləri Bakıya təzyiq göstərməyə çalışıblar ki, Mixaylovu Rusiyaya qaytarsın və Polşanın rus agentinin ekstradisiyası tələbini rədd etsin.

Öz növbəsində Polşa, Böyük Britaniya, Ukrayna və Litva Mixaylovun Rusiyaya qayıtmasının qarşısını almağa çalışır.

“Interpol” Polşanın tələbi ilə Mixaylovun “Rusiya kəşfiyyat xidmətləri”nin göstərişi ilə həyata keçirdiyi “terrorçu” əməliyyatlara görə onun barəsində gizli həbs qərarı verib. Moskva bağlama anbarında baş verən partlayışlar da daxil olmaqla, Avropada təxribat törədilməsi ilə bağlı bütün ittihamları rədd edir.

Azərbaycan indiyədək Mixaylovun ekstradisiyası ilə bağlı bütün müraciətləri rədd edib. Onların fikrincə, rusiyalı 2024-cü ilin böyük hissəsini naməlum şəraitdə keçirib: o, saxlanılmayıb, lakin nəzarətdə qalıb və ölkədən çıxışına qadağa qoyulub. Kremlin sözçüsü Dmitri Peskov “WP”-nin suallarını cavablandırmaqdan imtina edib. “Bizim şərh edəcəyimiz heç nə yoxdur. Azərbaycan Xarici İşlər Nazirliyi də şərh verməkdən imtina edib”, - Peskov deyib.

Azərbaycan onu təhvil verməlidirmi? Ümumiyyətlə, belə bir şəxsin ölkəmizdə olması haqda səhih informasiya varmı və Bakının onu ekstradisiya etmək istəməməsi nədən qaynaqlanır?

Sona Əliyeva və Dilarə Cəbrayılova deputat olmayacaq Pravda.az

Sona Əliyeva

Siyasi təhlilçi Sona Əliyeva “Yeni Müsavat”da bir sıra səbəbləri açıqladı: “Rusiya casusu Yaroslav Mixaylovun Azərbaycanda olub-olmaması bəlli deyil. Əgər o, Azərbaycandadırsa, Bakı bütün təzyiqlərə rəğmən onu nə Qərbə, nə də Rusiyaya qaytarmırsa, deməli, ortada başqa səbəblər var. Digər tərəfdən, Yaroslav Mixaylov Azərbaycan sərhədlərini qeyri-ənənəvi yollarla da keçə bilər. Belə olan halda rusiyalı casus məhz Azərbaycan qanunlarına görə mühakimə olunmalıdır.

 Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a dedi ki,  son günlər Qərb və Rusiya kəşfiyyat xidmətləri arasında baş verən rəqabət nəticəsində gündəmə gələn Yaroslav həm Rusiya, həm də Qərb xüsusi xidmətləri tərəfindən eyni anda tələb olunması və Bakıya edilən siyasi təzyiqlər regionun geosiyasi reallığını əks etdirir. Lakin bütün bu informasiyalara baxmayaraq, həmin şəxsin ölkəmizdə olub-olmaması barədə təsdiqlənmiş rəsmi məlumat mövcud deyil. Dövlət səviyyəsində də bu məsələyə dair hər hansı açıqlama verilməməsi göstərir ki, bu informasiya ya tam təsdiq edilməmiş kəşfiyyat məlumatlarına əsaslanır, ya da böyük güclər arasında gedən psixoloji əməliyyatların bir elementidir.

Azərbaycan dəfələrlə bəyan edib ki, onun ərazisi heç bir halda başqa dövlətlərin təhlükəsizliyinə qarşı fəaliyyət üçün istifadə oluna bilməz. Bu prinsip ölkənin xarici siyasətinin təməl sütunlarından biridir. Qonşu dövlətlərlə gərginlik yaradan, yaxud hər hansı tərəfə qarşı təxribat məqsədi daşıyan addımlara Bakı heç zaman razılıq verməyib. Bu baxımdan, Mixaylovun Azərbaycanda olub-olmaması, nəzarətdə saxlanılıb-saxlanılmaması və ya üçüncü dövlətlərə təhvil verilib-verilməməsi barədə həqiqətlər yalnız müvafiq dövlət qurumlarının ixtiyarında ola bilər. Məlumatların gizli saxlanılması isə ilk növbədə milli təhlükəsizlik maraqlarından doğur".

Siyasi şərhçi onu da qeyd etdi ki, Rusiya və Qərbin eyni anda rəsmi Bakıya təzyiq göstərməyə cəhd etməsi göstərir ki, Azərbaycan nə Rusiya orbitindədir, nə də Qərb təsirinə tabe olan ölkədir: “Əksinə, ölkəmiz balanslaşdırılmış siyasət yürüdərək, hər iki tərəf arasında sabitlik, kommunikasiyalar və enerji təhlükəsizliyi baxımından mühüm körpü rolunu oynayır. Məhz bu siyasətin nəticəsində Azərbaycan həm regional münaqişələrdə aktiv rol oynaya bilir, həm də böyük güclərin rəqabətindən öz təhlükəsizliyini maksimal dərəcədə qoruyur”.

A.Hüseynovun sözlərinə görə, belə bir şəraitdə Azərbaycanın Mixaylov kimi şəxsləri ekstradisiya edib-etməməsi yalnız hüquqi məsələ deyil, həm də siyasi qərardır: “Bu tip addımlar ölkənin müttəfiqləri, qonşuları, regional güclər, eləcə də beynəlxalq təhlükəsizlik balansı üçün ciddi nəticələr doğura bilər. Ona görə də belə məsələlərdə Bakı öz milli maraqlarını əsas götürür və yalnız dövlət təhlükəsizliyi üçün optimal olan qərarı qəbul edir”.

Şərhçinin fikrincə, Mixaylov məsələsinin mahiyyəti ondan daha genişdir. Bu, sadəcə bir casusun ekstradisiyası deyil, ölkənin təhlükəsizlik siyasətini necə formalaşdırdığını göstərən nümunədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR