İnsanlara hürriyət, millətlərə istiqlal!

Maduronun tərəfdarları və əleyhdarları üz-üzə gəldi

621 23.07.2026 03:09 Dünya A A

ABŞ-ın Nyu-York şəhərində federal hakim Alvin Hellersteyn devrilmiş Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Flores barəsində cinayət işi üzrə məhkəmənin 1 iyun 2027-ci ildə başlanmasına qərar verib.

Musavat.com xəbər verir ki, Maduro və Flores ABŞ hakimiyyəti tərəfindən silah və narkotiklə bağlı cinayətlərdə ittiham olunurlar. Onlar irəli sürülən bütün ittihamları rədd ediblər.

Məlumata görə, ABŞ qüvvələri cütlüyü bu ilin 3 yanvarında Karakasdakı iqamətgahlarından saxlayaraq Nyu-Yorka gətirib. İş üzrə növbəti məhkəməyəqədər dinləmə isə 17 noyabr tarixinə təyin olunub. Həmin iclasda tərəflərin vəsatətlərinə baxılacaq.

Maduronun vəkili Barri Pollak bildirib ki, müdafiə tərəfi məhkəmədə keçmiş dövlət başçısının suveren toxunulmazlıq hüququna malik olduğunu əsas gətirəcək. Onun sözlərinə görə, bu prinsip dövlət rəhbərlərinin xarici ölkələrdə cinayət təqibindən qorunmasını nəzərdə tutur.

Dinləmə böyük ictimai maraq doğurub. Məhkəmə zalı tam dolduğundan, çoxsaylı insanlar Maduronu canlı görmək üçün saatlarla növbədə gözləyiblər.

İclas başlamazdan əvvəl məhkəmə əməkdaşları tamaşaçılara xəbərdarlıq edərək hər hansı çağırış və ya reaksiya verməyin yolverilməz olduğunu bildiriblər. Qaydanı pozanların hüquqi məsuliyyətlə üzləşə biləcəyi vurğulanıb.

Həbsxana geyimində, lakin qandalsız şəkildə zala gətirilən Maduro müdafiə masasındakı yerini tutarkən tamaşaçılara başı ilə salam verib. O və həyat yoldaşı proses boyu tərcümə üçün qulaqcıqlardan istifadə ediblər.

İclas başa çatdıqdan sonra Maduro ayağa qalxaraq zaldakı insanlara əl yelləyib və ABŞ marşallarının müşayiəti ilə məhkəmə binasından çıxarılıb.

Məhkəmə binasının qarşısında isə həm Maduronu müdafiə edən, həm də onun cəzalandırılmasını tələb edən qruplar toplaşıb.

Müharibə əleyhdarları "Prezident Maduronu azad edin" şüarları səsləndirərək prosesi "saxta məhkəmə" adlandırıblar. Etirazçılar ABŞ-ı Venesuela və digər regionlarda siyasi təsirini genişləndirməyə çalışmaqda ittiham ediblər.

Bununla yanaşı, Venesuela bayraqları ilə məhkəmə binası qarşısına gələn digər qrup isə ittihamları dəstəkləyib. Təxminən 30 il əvvəl ABŞ-a köçmüş 53 yaşlı venesuelalı Vilmer Kontreras Maduronu cinayətkar adlandıraraq bildirib ki, onun hakimiyyəti ölkəsini məhv edib.

Kontreras həmçinin Donald Tramp administrasiyasının Maduronun saxlanılması istiqamətində atdığı addımları tam dəstəklədiyini deyib və bunun Venesuelanın gələcəyi üçün dönüş nöqtəsi ola biləcəyini vurğulayıb.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR