Milli Məclisin deputatı Fazil Mustafa Yeni Müsavat Media Qrupunun rəhbəri, tanınmış jurnalist Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, Rauf Arifoğlu Azərbaycan mətbuatının ən çətin və keşməkeşli dövrlərində fəaliyyət göstərən, peşəsini böyük fədakarlıqla yaşadan qəzetçilərdəndir.
“Rauf Arifoğlu əslində mətbuatın Sizif əməyini öz üzərinə götürmüş, xüsusi seçilmiş insanlardan biridir. Mənim gözümün qarşısında onun kustar formada “Yeni Müsavat” qəzetini necə çap etdiyi, necə yaydığı və hansı əziyyətlərlə o qəzeti ərsəyə gətirib bu günə daşıdığı canlanır. Bu, yalnız belə inadla və belə ardıcıl düşüncə ilə mümkün ola bilər”, – deyə Fazil Mustafa bildirib.
Deputatın sözlərinə görə, “Yeni Müsavat” sıradan bir redaksiyada yaranan qəzet deyil, meydanlarda, cəbhədə və yollarda doğulmuş bir media orqanıdır.
“Bu qəzet həm meydanlarda doğulan qəzetdir, həm də cəbhədə doğulan qəzetdir, yollarda doğulan qəzetdir. Bu, konkret məkanı olmayan, hansısa komfort şəraitində ortaya çıxmayan bir məhsuldur. Onu hər dəyişən situasiyada salamat şəkildə bir məntəqədən digərinə çatdırmaq böyük fədakarlıq və peşəyə sevgi tələb edir”, – deyə o vurğulayıb.
Fazil Mustafa qeyd edib ki, Rauf Arifoğlu formal olaraq siyasətdə təmsil olunsa da, əsl kimliyi həmişə mətbuatla bağlı olub:
“Rauf Arifoğlu nə qədər formal olaraq siyasətdə olsa da, mahiyyət etibarilə mətbuatda qaldı. Mətbuatdan qopmadı, öz bütövlüyünü siyasətə köçürmədi. Sonrakı dövrdə də göstərdi ki, o, yenə də mətbuat kimliyi ilə, qəzetçi kimliyi ilə özünü daha çox aid olduğu yerdə hiss edir. Bütün situasiyalarda, bütün rejimlərdə, bütün dövrlərdə mətbuatdan yorulmadı, mediadan uzaqlaşmadı və media ilə iç-içə qaldığını nümayiş etdirdi”.
Millət vəkili Rauf Arifoğlunun əsas üstünlüklərindən birinin təşkilatçılıq bacarığı olduğunu bildirib.
“Yaratdığı qəzeti özü satmaqdan utanmayan, bunu həm də müasir dövrün biznes sistemi içində yerləşdirə bilən və informasiyanın müstəqilliyini qoruya bilən bir zehniyyətə sahibdir. Bəzən adam yaxşı qəzetçi olur, amma yaxşı menecer olmur. Yaxud yaxşı yazar olur, amma kollektiv idarə edə bilmir. Rauf Arifoğlu isə bu kompleks qabiliyyətləri özündə cəmləşdirib. O, bir media holdinqinin rəhbəri kimi özünü qəbul etdirə bilib”, – deyə Fazil Mustafa vurğulayıb.
Deputatın fikrincə, Rauf Arifoğlunun fərqləndirici cəhətlərindən biri də daim yenilənməyə açıq olmasıdır.
“Onu bütövdən ayrılmış bir parça kimi təsəvvür etmək mümkün deyil. O, yüksək səviyyədə yazı da yaza bilir, danışa da bilir, idarə də edə bilir, kollektiv yarada bilir və həmin kollektivdə düzgün bölgü aparmağı bacarır. Eyni zamanda müasir dövrün tələblərinə uyğun olaraq texnoloji sistemini də dərhal yeniləməyə çalışır. Köhnə qəzetçi kimi qalmaq olardı, amma Rauf Arifoğlu yeni texnologiyalara uyğunlaşa bildiyi üçün başqalarından fərqlənir”, – deyə o əlavə edib.
Fazil Mustafa uzun illər Rauf Arifoğlu ilə həm dostluq, həm də peşəkar müzakirələr apardığını xatırladaraq onun söz və fikir plüralizminə münasibətini də xüsusi qeyd edib.
“Vaxtilə mən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini olanda Rauf Arifoğlunun bir mövqeyinə qarşı yazı yazmışdım. Həmin yazını “Yeni Müsavat”a göndərdim və o, yazını dərhal dərc etdi. Öz əleyhinə olan yazını dərc edə bilən adam mətbuatın dəyərini özündən uca tutmağı bacaran adamdır. Elə buna görə də o, bu illər ərzində həm adını, həm də mövqeyini qoruyub saxlaya bilib”, – deyə deputat bildirib.
Millət vəkili yaradıcı insanlar üçün yaşın əsas meyar olmadığını da vurğulayıb.
“Rauf Arifoğlu 40 yaşında da, 50 yaşında da, Allah nəsib eləsin, 70 yaşında da, 90 yaşında da yaradıcı insandırsa, onun fəaliyyəti yaşına görə yox, məhsuldarlığına görə qiymətləndiriləcək. Mən həmişə belə insanlara bir sual verirəm: ‘Nəyi edə bilərdin, amma etmədin?’ Çünki onların missiyası sadəcə statistik yaş artırmaq deyil”, – deyə o bildirib.
Fazil Mustafanın sözlərinə görə, bu sual Rauf Arifoğluna da ünvanlanmalıdır.
“Mənə elə gəlir ki, Rauf Arifoğluna da bu sual verilməlidir: Nəyi etmədin? Nəyi edə bilərdin və onu etmədin? Ola bilər ki, müəyyən məhdudiyyətlər, maneələr, sistem və başqa amillər bəzi işlərə əngəl olub. Amma bütün hallarda qapılar bağlı olanda belə, nəfəsliklər açıq olur. Mənə elə gəlir ki, Rauf Arifoğlu həmin nəfəsliklərdən doğru istifadə edə bildi və oradan cəmiyyətə yaxşı, faydalı hava gətirən işlər gördü.”
Musavat.com






