İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya və erməni mediası Prezident Əliyevə qarşı birləşdi

615 23.07.2026 10:20 Son xəbər A A

İlham Əliyevin Almaniya kansleri ilə birgə mətbuat konfransında Rusiya neft və qazı haqda dedikləri yanlış kontekstdə təqdim olunur

Prezident İlham Əliyevin Almaniya kansleri ilə birgə mətbuat konfransında Rusiya neft və qazı ilə bağlı səsləndirdiyi fikirlər kontekstdən çıxarılaraq, yanlış təqdim edilib. Musavat.com bildirir ki, hər iki ölkənin bəzi media strukturları guya dövlət başçısının Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə neft məhsullarını ixrac edə bilmədiyini deyərək, Azərbaycanın bu bazarda Rusiyanı əvəz etmək niyyətini açıqlayıb. Qəribədir ki, Rusiya mediasının eyni yalanını olduğu kimi erməni mediası da tirajlalayır. Məsələn, news.am “Əliyevdən Moskvaya daha bir şillə- bu dəfə Berlindən” başlıqlı yazıda qızışdırıcı mövqe tutub.

Rusiya Milli Energetika İnstitutunun baş direktorunun “arqumentləri”

Picture background

Rusiya Milli Energetika İnstitutunun baş direktorunun müavini Aleksandr Frolov “Svobodnaya Pressa” ya açıqlamasında deyib ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu artırmaq imkanları olsa da, ölkənin mövcud istehsal və ixrac həcmləri Rusiyanın bazar payını əvəz etməyə imkan vermir.
Ekspert qeyd edib ki, Rusiya gündəlik 10,5 milyon barreldən çox, Azərbaycanın gündəlik hasilatı isə təxminən 600 min barrel təşkil edir. “Daxili tələbat çıxıldıqdan sonra Azərbaycanın ixrac potensialı gündəlik yarım milyon barreldən də azdır. Müqayisə üçün, Rusiya hər gün təxminən 6 milyon barrel xam neft və neft məhsulu ixrac edir ki, bu da Azərbaycanın ixrac imkanlarından on dəfədən çoxdur” deyə, o bildirib.
Frolovun iddiasına görə, Azərbaycanın neft emalı gücü də məhduddur. Ölkənin ümumi emal potensialı gündəlik təxminən 300 min barrel olsa da, son illərdə faktiki istehsal 150 min barrel ətrafında dəyişib. O bildirib ki, Azərbaycan müəyyən həcmdə neft və neft məhsullarını Avropa bazarlarına çıxara bilər. Bununla belə, bu tədarüklər Rusiyanın ənənəvi ixrac həcmləri ilə müqayisədə ciddi təsir gücünə malik deyil. Frolov xatırladıb ki, Rusiya neft məhsullarının ixracına görə dünyada ikinci yerdə qərarlaşıb, Azərbaycan isə ilk onluğa belə daxil deyil.
Qaz sahəsinə toxunan ekspert qeyd edib ki, son on ildə Azərbaycan əsasən Cənub Qaz Dəhlizinin istifadəyə verilməsi sayəsində ixracını artırıb. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr təşkil edir. Bunun 6 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə Avropa bazarına yönəldilir. Praktikada Avropa ölkələri təxminən 12,5 milyard kubmetr Azərbaycan qazı alırlar.
Onun sözlərinə görə, 2022-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında qaz tədarükünün iki dəfə artırılmasını nəzərdə tutan razılaşma əldə olunub və 2027-ci ildən etibarən Avropaya nəql imkanlarının 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Lakin bunun üçün minlərlə kilometr uzunluğunda infrastrukturun genişləndirilməsi tələb olunur və əsas problem maliyyə mənbələrinin müəyyənləşdirilməsidir.
Frolov bildirib ki, Avropa İttifaqı bu investisiyaların əsas yükünü Azərbaycanın üzərinə qoymağa çalışır. Lakin Bakı uzunmüddətli perspektivdə Avropanın qaz istehlakını azaltmaq və 2050-ci illərə qədər fosil yanacaqlardan imtina etmək planlarını nəzərə alaraq, iri həcmli sərmayələrin iqtisadi səmərəliliyinə ehtiyatla yanaşır.
Onun nəşrə dediyinə görə, Azərbaycan artıq müəyyən mənada Liviyanın Avropa bazarındakı enerji tədarükünü qismən əvəz edib. Xüsusilə, Liviyada uzun illər davam edən siyasi böhran səbəbindən İtaliyaya ixracın azalması fonunda Azərbaycan həmin bazarda mövqeyini gücləndirib. Bununla belə, o vurğulayıb ki, bu uğur Rusiyanın Avropadakı enerji payını əvəz etmək üçün yetərli deyil.
Frolovun qiymətləndirməsinə görə, Rusiyanın hətta 2025-ci ildə Avropaya boru kəmərləri və mayeləşdirilmiş təbii qaz formasında ixrac etdiyi 38 milyard kubmetr qazı belə Azərbaycanın mövcud resurs bazası, hasilat həcmi və investisiya imkanları ilə əvəz etmək mümkün deyil.
Frolov Prezident İlham Əliyevin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində daha böyük rol oynaya biləcəyi barədə bəyanatları daha çox siyasi xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoru əsasən dövlətə məxsus SOCAR tərəfindən idarə olunur və ölkədə xarici transmilli şirkətlər fəaliyyət göstərsə də, onların payı həlledici səviyyədə deyil.

Frolovun yanlış müqayisəsi

Frolovun arqumentləri statistik göstəricilərə əsaslansa da, müsahibədə bir sıra metodoloji və siyasi məqamlar diqqət çəkir. Ekspert Azərbaycanın bütün Rusiya ixracını əvəz edə bilməyəcəyini əsas tezis kimi təqdim edir. Halbuki nə Berlində, nə ondan əvvəl Azərbaycan dövlət başçısı heç vaxt Rusiyanın bütün neft və qaz ixracını tam əvəz edəcəyini bəyan etməyib. Rəsmi Bakı daha çox Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsində etibarlı tərəfdaş olduğunu vurğulayır.
Frolov unudur ki, enerji bazarında təkcə hasilat həcmi deyil, marşrutların təhlükəsizliyi, siyasi etibarlılıq və tədarükün sabitliyi də mühüm amillərdir. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya Rusiya ərazisindən keçməyən alternativ marşrut təqdim edir. Məhz buna görə Avropa İttifaqı son illərdə Bakı ilə əməkdaşlığı genişləndirib.
Aİ-nin enerji strategiyası bir mənbədən asılılığı azaltmağa yönəlib. Burada Norveç, ABŞ, Qətər, Azərbaycan, Əlcəzair və digər təchizatçılar birlikdə diversifikasiya siyasətinin elementləridir. Buna görə də Azərbaycanın ixracının Rusiya ilə müqayisədə kiçik olması onun strateji əhəmiyyətini azaltmır.
Frolov əsasən hazırkı istehsal göstəricilərinə istinad edir. Halbuki "Abşeron", "Şəfəq-Asiman", "Babək", "Qarabağ" və digər perspektiv yataqların işlənməsi, həmçinin mövcud yataqlara yatırımlar Azərbaycanın ixrac imkanlarını artırmaq potensialına malikdir.
“İlham Əliyevin bəyanatlarının yalnız siyasi xarakter daşıdığı” iddiasına gəlincə, bu qiymətləndirmə iqtisadi analizdən çox siyasi qərəz təsiri bağışlayır. Ən azı o səbəbdən ki, Avropa Komissiyası son illərdə Azərbaycanı rəsmi şəkildə "etibarlı enerji tərəfdaşı" kimi qiymətləndirib və qaz tədarükünün artırılması ilə bağlı Bakı ilə memorandum imzalayıb.

İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblərPrezidentin Berlində dedikləri olduğu kimi

Dövlət başçısının müzakirə və spekulyasiyaya çevrilmiş fikirlərini olduğu kimi təqdim edirik.
“Bildiyimə görə, Almaniya şirkətləri ilə 10 illik kontrakt imzalanmışdır və ilkin həcm 1,5 milyard kubmetrdir. Ancaq bu, təbii ki, arta bilər. Bunun üçün bir neçə məsələ öz həllini tapmalıdır. Birincisi, bizə müraciət olmalıdır, yəni həcmin artırılması üçün. İkincisi, mövcud qaz infrastrukturu genişləndirilməlidir. Çünki bu gün həm TANAP, həm TAP tam gücü ilə işləyir və bu kəmərlərdə boş yer qalmayıb. Avropa məkanında yeni interkonnektorlar lazımdır. Əlbəttə ki, buna vəsait lazımdır. Əsas problemlərdən biri də odur ki, Avropa bankları, xüsusilə Avropa İnvestisiya Bankı yaşıl gündəliyə görə neft-qaz layihələrinə maliyyə dəstəyini dayandırmışdır. Beləliklə, bu gün infrastrukturu - Avropanı qazla təchiz edən infrastrukturu genişləndirmək üçün biz başqa mənbələrdən kreditlər almalıyıq. Yaxşı olardı ki, Avropa bankları öz qərarlarına yenidən baxsınlar. Xüsusilə nəzərə alsaq ki, bu gün Yaxın Şərqdə böhran əfsuslar olsun ki, dərinləşir və ənənəvi təchizat zəncirləri qırılıb. Nəzərə alsaq ki, Rusiyanın neftayırma zavodlarının sıradan çıxarılması ilə əlaqədar ənənəvi müştərilərə Rusiya istədiyi qədər neft məhsullarını ixrac edə bilmir. Bütün bu sonu bilinməyən hadisələr davam edir. Ona görə hesab edirəm ki, yaşıl gündəliyi nəzərə almaq şərti ilə bu məsələlərə yenidən baxıla bilər ki, Avropa bankları da neft-qaz layihələrinin işlənməsinə, neft-qaz infrastrukturunun tikintisinə və genişləndirilməsinə vəsait ayırsın. Belə olan halda Azərbaycan Avropa məkanına, o cümlədən Almaniyaya öz qaz ixracını böyük dərəcədə artıra bilər”.

Əlavə şərhə ehtiyac yoxdur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR