Xəbər verildiyi kimi, Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları Azərbaycanla birbaşa təmas qurmaq təşəbbüsü ilə çıxış ediblər. Onlar bu məqsədlə Həkəri çayı sahilinə ağ bayraqla gəlməyə hazır olduqlarını açıqlayıblar.
Yerli erməni mediasının məlumatına görə, itkin düşmüş hərbçilərin ailə üzvləri yenidən hökumət binasının qarşısına toplaşaraq hakimiyyətə yaxınlarının taleyi ilə bağlı konkret məlumat təqdim etməsi üçün bir həftə vaxt veriblər.
İtkin düşmüş hərbçinin əmisi Arsen Qukasyan bildirib ki, 1990-cı illərdən etibarən azərbaycanlıların dəfn yerləri barədə məlumata malik şəxslər onların təşəbbüs qrupu ilə əlaqə saxlayaraq vahid məlumat bazasının yaradılmasına dəstək verə bilərlər. O qeyd edib ki, Ermənistan tərəfi ağ bayraqla Həkəri çayına gələrək eyni taleyi yaşayan azərbaycanlı ailələrlə əlaqə yaratmağa hazırdır.
"Biz itkin düşmüş yaxınlarımız barədə məlumat əldə etmək üçün bir-birimizə kömək etmək istəyirik. Artıq nə hökumətə, nə Avropaya, nə ABŞ-yə, nə də Rusiyaya ümid edirik. Bütün ümidimiz özümüzədir. Mümkün olan bütün vasitələrdən istifadə etməliyik", – deyə Qukasyan bildirib.
Belə bir təmasın, əməkdaşlığın və ya ortaq təşəbbüs qrupunun yaradılması nə dərəcədə realdır?

Mövzu ilə bağlı Musavat.com-a danışan Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 4 minə yaxın azərbaycanlı itkin düşüb və onların taleyi barədə bu günədək heç bir rəsmi məlumat verilməyib. Deputat xatırladıb ki, Azərbaycan istər münaqişə dövründə, istərsə də müharibədən sonra itkin düşmüş vətəndaşların taleyi məsələsini beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq həm beynəlxalq təşkilatlar, həm də Ermənistan qarşısında mütəmadi şəkildə qaldırıb.
Onun sözlərinə görə, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda aparılan tikinti, bərpa və qazıntı işləri zamanı kütləvi məzarlıqların aşkar edilməsi Ermənistanın törətdiyi müharibə cinayətlərinin növbəti sübutudur. "İtkin düşmüş və əsir götürülmüş azərbaycanlıların basdırıldığı məzarlıqların aşkarlanması göstərir ki, Ermənistan həm müharibə dövründə, həm də sonrakı illərdə beynəlxalq humanitar hüququ kobud şəkildə pozub", – deputat vurğulayıb.
Tural Gəncəliyev bildirib ki, bu məlumatların toplanaraq vahid bazaya çevrilməsi və Azərbaycana təqdim olunması Ermənistanın beynəlxalq humanitar hüquqdan irəli gələn birbaşa öhdəliyidir. “Bu məsələ sülh danışıqları və postmünaqişə dövründə də Azərbaycanın gündəliyində qalacaq və sonuncu itkin azərbaycanlının taleyi müəyyənləşdirilənədək rəsmi Bakı bu tələbi Ermənistan qarşısında qaldırmaqda davam edəcək”.
Deputat qeyri-rəsmi təşəbbüslərə də münasibət bildirib. O qeyd edib ki, Ermənistanda ayrı-ayrı şəxslərin, ictimai birliklərin və ya QHT-lərin belə təşəbbüslərlə çıxış etməsi müsbət qiymətləndirilə bilər, lakin bu cür addımlar Ermənistan dövlətini beynəlxalq hüquqdan irəli gələn öhdəliklərindən azad etmir. "Əsas gözləntimiz Ermənistan dövlətindəndir. Məhz rəsmi İrəvan beynəlxalq humanitar hüququn tələblərinə uyğun olaraq itkin düşmüş azərbaycanlılarla bağlı bütün məlumatları Azərbaycana təqdim etməlidir. Fərdi şəxslərin və ya qeyri-hökumət təşkilatlarının təşəbbüsləri dövlətin məsuliyyətini əvəz edə bilməz və onu bu öhdəlikdən yayındırmamalıdır", – deyə deputat vurğulayıb.
Onun fikrincə, bu məsələdə məsuliyyət daşıyan tərəf Ermənistan dövlətidir və itkin düşmüş şəxslərlə bağlı bütün məlumatlar rəsmi kanallarla Azərbaycana təqdim olunmalıdır. “Bu, beynəlxalq humanitar hüququn tələbidir və Ermənistan həmin öhdəliyi yerinə yetirməyə borcludur”.
Şahanə Rəhimli
Musavat.com






