Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın müharibədən sonrakı taleyi ilə bağlı sərt açıqlamalar verib.
Musavat.com xəbər verir ki, Lukaşenkonun sözlərinə görə, münaqişə başa çatdıqdan sonra Kiyevə real dəstəyi yalnız Rusiya və Belarus göstərəcək.
Belarus lideri bildirib ki, Qərb ölkələri, xüsusilə də ABŞ, müəyyən müddətdən sonra Ukraynanı unudacaq. Onun fikrincə, Vaşinqton diqqətini İran, Yəmən və ya Tayvan kimi digər geosiyasi istiqamətlərə yönəldəcək və Ukrayna məsələsi arxa plana keçəcək. “Müharibədən sonrakı dövrdə onlara bizdən başqa heç kim kömək etməyəcək”, – deyə Lukaşenko vurğulayıb.
Belarus prezidentinin açıqlamaları bununla da bitməyib. O qeyd edib ki, Minsk özünü Şərqlə Qərb arasında “ayırıcı xətt” kimi deyil, əksinə, körpü kimi görmək istəyir. Lukaşenkonun sözlərinə görə, Belarus regionda dialoq və əməkdaşlıq üçün platforma rolunu oynamağa çalışır.
Lukaşenko Avropa İttifaqına da toxunaraq iddia edib ki, Avropa artıq “harada xoşbəxtliyinin olduğunu anlayıb”.
Onun fikrincə, Aİ beynəlxalq münasibətlərdə müstəqil subyekt olmağın vacibliyini dərk edir və Avropanın təbii yeri Rusiya və Belarusun yanında olmalıdır.
Belarus lideri həmçinin Venesuela ilə bağlı mövqeyini də açıqlayıb. “Dostları itirmək olmaz”, – deyən Lukaşenko Minsk hakimiyyətinin Venesuelaya necə kömək edə biləcəyi üzərində düşündüyünü bildirib.
Müdafiə məsələlərinə toxunan Aleksandr Lukaşenko vurğulayıb ki, Rusiya və Belarus hərbi baxımdan faktiki olaraq vahid bir bütündür. Onun sözlərinə görə, iki ölkənin müdafiə sistemlərini artıq bir-birindən ayırmaq çətindir.
Musavat.com bildirir ki, Lukaşenkonun bu açıqlamaları regionda davam edən geosiyasi gərginlik və Ukrayna müharibəsi fonunda Minsk və Moskvanın ortaq mövqeyini bir daha nümayiş etdirir.
Musavat.com






