Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləni beş ildir davam etdirən və Avropanı davamlı hərbi ritorika ilə təhdid edən Rusiya rəhbərliyindən növbəti mesaj gəlib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində danışıb.
Lavrov bildirib ki, Rusiya müharibə axtarmır və müharibə istəmir. Lakin onun sözlərinə görə, əgər Avropa ölkələri “səhvlərini anlayıb birlikdə yaşamaq məcburiyyətində olduqlarını qəbul etmək” əvəzinə Rusiyaya qarşı müharibəyə hazırlaşsalar, bu halda vəziyyət tam fərqli olacaq.
“Biz Ukraynada xüsusi hərbi əməliyyat aparırıq. Amma əgər onlar müharibə istəyirlərsə, bu, tamam başqa müharibə və tamam başqa vasitələrlə aparılan müharibə olacaq”, – deyə Lavrov vurğulayıb.
O, həmçinin Avropa siyasi rəhbərliyini tənqid edərək bildirib ki, Avropa paytaxtlarında, xüsusilə Brüsseldə “seçilməmiş bürokratlar” hakimiyyəti ələ keçirib. Lavrov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallası və NATO-nun baş katibi Mark Rütteni xüsusi olaraq qeyd edib və onların yerlərinin dəyişdirilməsinin heç nəyi dəyişməyəcəyini iddia edib.
Rusiya XİN rəhbəri ümid etdiyini bildirib ki, Avropada “milli maraqları və vətəndaşlarının rifahını düşünən qüvvələr” üstünlük qazanacaq və Moskva məhz belə qüvvələrlə danışıqlara hazırdır.
Qeyd edək ki, Lavrovun bu açıqlamaları Rusiyanın Ukraynaya qarşı 2022-ci ildə başlatdığı hərbi müdaxilənin hələ də davam etdiyi və Moskvanın Qərblə münasibətlərinin son onilliklərin ən gərgin mərhələsində olduğu bir dövrdə səsləndirilib. Kreml bir tərəfdən müharibə istəmədiyini bəyan etsə də, digər tərəfdən Avropaya qarşı açıq şəkildə “tamamilə başqa vasitələrlə” aparılacaq müharibə ehtimalını dilə gətirməsi regionda təhlükəsizlik narahatlıqlarını daha da artırır.
Musavat.com






