Akademiyanın əski müdiri, Geologiya və Geofizika İnstitutunun isə hazırkı direktoru, akademik Akif Əlizadənin elm yollarında çətinliklə qarşılaşanda seyidlərin cəddini yardıma çağırması haqda müsahibəsindən artıq əziz millətimiz xəbərdardır. Keçən yazımda sitat vermişdim, məsələn, bir dəfə Akif müəllimə bağın hovuzu üçün paslanmayan poladdan pilləkən lazım imiş, seyid Mirmövsüm ağanın cəddini köməyə çağırıb, pilləkəni tapıb.
Bəs seyidlərin cəddi geoloq alimə Yer qatlarını öyrənməkdə yardım əlini uzada bilərmi? Bu haqda hələlik məlumatımız yoxdur. Bizə nerj pilləkənin sirrini açmışlar. Əsrar aləminin məlumatlarını gərək çox ortaya qoymayasan, düşər-düşməzi olar. Ramiz Mehdiyev də akademik olanda din, mənəviyyat işlərinə həddən artıq aludə olmuşdu, axırda karantində toy elədiyi yerdə ilişdi. AMEA Fizika İnstitutunda mələyin uçma sürətini hesablamış alimimiz vardı, deyilənə görə rəhmətə gedibdir və artıq hesablamalarını şəxsən yoxlamaq imkanı əldə etmişdir. Allah əcr vərsün.
Mövzuya təzədən qayıtmağımda isə məna vardır. Dünən hörmətli Qarabağ qazisi Məğrub Bədəlsoydan bu temada məktub almışam. Yazır: “Mən savaşda olanda AMEA İşlər İdarəsi iki körpə uşaqlı ailəmi AMEA-nın Şərifzadə küçəsindəki yataqxanasından çıxarıb, binanı AMEA-ya aid olmayanlara satıblar. Yerində tikilən binadan mənə mənzil veriləcəyinə Akif Əlizadə 2015-ci ildə Rəyasət Heyətinin müraciətimlə bağlı iclasında söz vermişdi. 2017-ci ildə bölgü oldu, yenə İşlər İdarəsi (müdiri Fətəli Abdullayev, müavini Sərdar Əliyev), akademik heyət – Akif Əlizadə, İbrahim Quliyev, İsa Həbibbəyli, sürücüləri, katibələri... mənzil kolleksiyalarını zənginləşdirdilər, mənə isə ev vermədilər. Mirmövsüm ağanın cəddini köməyə çağırsam da, kömək olmadı, heç demə öz qohumu Akif Əlizadə seyidin cəddini məndən qabaq çağırıbmış, ona kömək olub”.
Həqiqətən, seyidin cəddinə 2 şəxs eyni temada müraciət edirsə, burda növbəlilik prinsipi gözlənilməlidir. O cümlədən, qazinin işarə etdiyi kimi, qahımlıq prinsiplərini necə tapdalasın? (Akif müəllim Mirmövsüm ağanın yaxın qahımlarından biridir).
Yoxsa bizdə haqq-ədalət, humanizm, mənəviyyat, əxlaq, vicdan prinsiplərinin qorunmasına heç kim şübhə etmir. (Yadıma uca şeyximizin “Mən altmış ildir şeyxəm, lakin vicdan nədir bilmirəm” sitatı düşdü. Təbii ki, onu zarafatla söyləmişdi, vicdan nədir, kimin monopoliyasındadır, vicdan əzabını hansı idarədə verirlər və sairə - hamısını yaxşı bilir).
Elə akademiklərimizdən söhbət düşmüşkən, bu yaxında onların müdiri İsa müəllimin övladı, uzun illər Naxçıvan gömrüyündə rəhbər vəzifələr tutmuş Səhhət müəllimin hansısa məhkəmədə ifadəsi ortaya çıxmışdı. Həmin istintaq ifadəsində Səhhət müəllim ərz edirdi ki, gömrükdə qanunsuz pullar yığıb əski Naxçıvan xanı Vasif müəllimə verirmiş. Sitat: “2020-ci ildə rəhbərliyə çatdırdığım pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub”.
Ayda 2-3 milyon dollar təkcə tamojnadan Vasif müəllimin cibinə girirmiş, bunu da Səhhət müəllim təşkil edirmiş. Bu zəhmətinin müqabilində isə Vasif müəllim ona ayda paketdə 40 min dollar, müavinlərinə də 10 min verirmiş.
Necə gözəldir... Həmin soyğunçuluğa görə Talıbova, o cümlədən Səhhət Həbibbəyliyə gözün üstündə qaşın var deyən olmayıb. (Ən azı bizə məlum deyil). Və gömrükdə yığılan o qanunsuz pullar sonra ərzaq və başqa malların bahalaşmasına səbəb olurdu. Yəni, əslində bu quldur dəstəsi xalqın – bizim cibimizə girirdi. Həmin aylıq 3 milyon dolları Talıbovun dəstəsinə biz ödəyirdik. 300 manat pensiya alan qocalar, ünvanlı sosial yardıma ehtiyac duyan yoxsullar, xəstələr, yetim uşaqlar, qazilər, əlillər...
Əvəzində kimi tutublar? Jurnalist Natiq Cavadlını. Media eksperti Ələsgər Məmmədlini. QHT nümayəndəsi Anar Məmmədlini. Və sairə və ilaxır – hamısının adını yazmağa yerimiz çatmaz. Ən tragikomiyi isə bu tutulanların qaçaqmalçılıqda – gömrük qanunlarını pozmaqda ittiham edilməyidir. Gömrükdən guya 10 min dollardan çox pulu ölkəyə qaçaq üsulla gətirən həbsdədir, gömrükdə ildə 35 milyon dollar yeyən azadlıqda dombalaq aşır.
Seyidlərin cəddi köməyimiz olsun – başqa ümidimiz qalmır.