Ermənistanın sabiq xüsusi tapşırıqlar üzrə səfiri, müxalif siyasətçi Edmon Marukyan baş nazir Nikol Paşinyanın son addımlarını kəskin şəkildə tənqid edib.
Musavat.com xəbər verir ki, Marukyanın sözlərinə görə, Paşinyan baş nazir olduğu müddətdə ilk dəfə olaraq Ermənistan Konstitusiyasına zidd sənədə imza atıb və rəsmi səlahiyyətlərindən istifadə edərək Erməni Apostol Kilsəsinin daxili işlərinə birbaşa müdaxilə edib.
Marukyan bildirib ki, Paşinyanın bu davranışı sadəcə şəxsi dini mövqeyin ifadəsi sayıla bilməz. Onun vurğulamasına görə, sənədin baş nazirin rəsmi iqamətgahında imzalanması Paşinyanın bu məsələdə sıravi vətəndaş yox, məhz hökumət başçısı kimi çıxış etdiyini açıq şəkildə göstərir.
Müxalif siyasətçi ehtimal edib ki, Paşinyanı bu cür riskli addımlara katolikosun daha tez kənarlaşdırılmasında maraqlı olan “üsyankar yepiskoplar” təşviq edə bilər. Marukyanın fikrincə, baş verənlər dövlət–kilsə münasibətlərində təhlükəli gərginlik yaradır və cəmiyyətdəki həssas tarazlığı ciddi şəkildə sarsıdır.
Edmon Marukyan mövcud vəziyyəti nəzərə alaraq müxalif qüvvələrə də çağırış edib. O bildirib ki, hazırkı mərhələdə bütün daxili ziddiyyətlər kənara qoyulmalı və seçkilərdə iştirak üçün vahid müxalif blok formalaşdırılmalıdır.
Sabiq səfir eyni zamanda Paşinyanın Milad gününə planlaşdırdığı “Kilsənin yenilənməsi naminə yürüş” təşəbbüsünü boykot etməyə çağırıb. Marukyan bu aksiyanı qeyri-qanuni adlandıraraq xəbərdarlıq edib ki, belə bir addım möminlər arasında ciddi qarşıdurma və toqquşmalara yol aça bilər.
Musavat.com






