ABŞ konqresmeni, Ermənistan İşləri üzrə Konqres Qrupunun həmsədri Bred Şerman Kapitolidə Bakıda həbsdə olan hərbi canilərin saxlanmasının 1000-ci gününə həsr olunmuş mətbuat konfransı keçirib.
Musavat.com məlumat verir ki, ermənipərəst konqresmen keçmiş xunta rejiminin həbsdə olan rəhbərlərini yenə müdafiə edib.

Hətta irəliyə gedərək antiterror əməliyyatının “100 mindən çox yerli erməninin minilliklər boyu əcdadlarının yaşadığı torpaqlardan zorla köçürülməsinə gətirib çıxardığını” iddia edib. Konqresmen Azərbaycana şər atmaqdan da çəkinməyib və ittiham edib ki, erməni məhbuslara guya “işgəncə” verilir. Konqresmenin sözlərinə görə, ABŞ administrasiyası Bakıya təzyiq göstərmək üçün bütün mövcud vasitələrdən istifadə etməlidir. O bildirib ki, Vaşinqtonun saxlanılanların azad edilməsi üçün qətiyyətli addımlar atmasını tələb edən xüsusi düzəliş hazırlayıb və Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri ilə razılaşdırıb.
Tədbirdə digər konqresmen Laura Friman da çıxış edib və oxşar bəyanatları səsləndirib. Həmçinin konqresmen Cim Koşta çıxışında hərbi canilərin azad olunmasına çağırış edib. Şerman və digərləri ilk dəfə deyil ki, ermənilərin ağzı ilə danışır. Konqresdə onlar kimi siyasi dələduz, korrupsioner, erməni lobbisinin əlinə baxanlar az deyil. Ümumiyyətlə, son üç il ərzində Konqres üzvləri arasında anti-Azərbaycan mövqedən çıxış edənlər, qanun layihələri və qətnamə irəli sürənlər olub. Onlar erməni lobbisinə bağlı konqresmenlərdir və rüşvət müqabilində fəaliyyət göstərirlər.

Eyni zamanda, Avropa Parlamenti, Avropa Şurası, Fransa Senatı, Benilüks ölkələrin parlamentləri xunta rejiminin ləğvindən sonra Azərbaycanı etnik təmizləmədə ittiham edirlər. Halbuki BMT-nin faktaraşdırıcı missiyası Qarabağda monitorinq aparıb və heç bir sübut aşkarlamayıb.
Bundan əlavə, indiyə qədər Ermənistan hökuməti nə erməni məhbuslar, nə Qarabağdan öz xoşu ilə gedənlər barəsində hər hansı ittiham irəli sürməyib. Hazırda iki ölkə arasında sülh prosesi gedir. Amma Şerman kimi siyasi oyunbazlar erməni lobbisinin maraqlarına xidmət edərək əsassız çıxışlar edir.
Sadəcə, o tək deyil. Söhbət konqresmenlər Tom Makklintok, Judi Çu və Laura Friman kimilərindən gedir. Bilavasitə Şermana gəldikdə, onun hay təəssübü həm utanmazlıqdır, həm də bütün həyasızlıq normalarını aşıb. Əlbəttə, stajlı ermənipərəstin mənəvi deqredasiyasında başlıca rolu ANCA-nın pulları oynayır. ANCA-nın, habelə hay millətçiliyi üzərində formalaşmış digər erməni lobbi və diaspor təşkilatlarının Şerman kimi pul düşkünü həyasızlardan yararlanmaları tendensiyasına son qoyulmalıdır.
Emil Salamoğlu
Musavat.com






