Ermənistan baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Almaniyaya səfəri nəzərdə tutulur. Artıq yayılan məlumatlardan belə aydın olur ki, səfər zamanı təkcə Ermənistan-Almaniya ikitərəfli münasibətləri deyil, Cənubi Qafqazda vəziyyət, Azərbaycanla sülh və normallaşma prosesinin müzakirə mövzusu olacağı gözlənilir. Bu barədə “Report” xəbər verib.
Səfər öncəsi diqqəti bir məsələ xüsusilə çəkib. Belə ki, Almaniya Kansleri Fridrix Merts Nikol Paşinyana deyil, Prezident İlham Əliyevə zəng edib. Heç şübhəsiz ki, bu, rəsmi Berlin tərəfindən Cənubi Qafqazın lider ölkəsi kimi Azərbaycanın qəbul olunmasıdır, eyni zamanda, İlham Əliyevə və onun ölkəsinə verilən yüksək dəyərdir.
Almaniya dərk edir ki, Azərbaycan Prezidentinin Cənubi Qafqaz üçün formalaşdırdığı sülh modeli regionun parlaq gələcəyinə, dayanıqlı inkişafına zəmin yaradır. Onun üçün də, Cənubi Qafqazdakı məsələlər İ.Əliyevlə öncəliklə müzakirə olunur.
Burada təkcə telefon zəngi deyil, başqa bir məqam da diqqəti çəkməyə bilməz. Məlumdur ki, ötən həftənin şənbə günü hakimiyyəti zorla ələ keçirmək ittihamı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli həbs edildi. Əslində bu zəng həm də onu göstərir ki, AXCP lideri qabaqcıl Avropa ölkələri üçün müzakirə predmeti deyil.
Kərimlinin Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev işi üzrə istintaqa cəlb olunduğundan çıxış edərək, Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu nəzərə alsaq, demək Avropa tərəfindən bu siyasətçinin üzərindən birdəfəlik xətt çəkilib. Bütün bunları təsadüfi demirik. Çünki əvvəllər Azərbaycan Avropanın qərəzli münasibəti ilə tez-tez üzləşirdi. Avropa qanunvericiliyin pozulmasına görə həbslər zamanı Azərbaycanı guya insan hüquqlarının və demokratik normaların pozulduğu bir ölkə kimi qələmə verirdi. Şübhəsiz ki, burada Əli Kərimlinin dövlət qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilmiş bütün prosedurları həyata keçirmək üçün ona bütün şəraitin yaradılması da başlıca rol oynayır. Həm də burada bir məsələ də aydın olur ki, Vətənə, dövlətə xəyanətkar mövqedə dayanaraq, bəzi xarici qüvvələrin sifarişini yerinə yetirən bu kimi şəxslərin həbsinə Avropanın müdaxiləsinə ehtiyac qalmır.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a bildirdi ki, Azərbaycanın regionda oynadığı rolla və artan nüfuzu ilə bütün güclər barışmağa məcburdur: “Hazırda Azərbaycan Avropanın əsas diqqət mərkəzində dayanan ölkədir. Çünki Bakı hazırda qoca qitənin enerji təhlükəsizliyinin əsas qarantıdır. "Bir kəmər bir yol" layihəsi fonunda Orta Dəhlizin əsas mərkəzi məhz Azərbaycandır. Üstəlik, gələcəkdə Orta Asiyanın enerji resurslarının məhz Azərbaycan üzərindən Avropaya daşınması nəzərdə tutulur. Bunu Almaniyada, İtaliyada, hətta Britaniyada da çox yaxşı başa düşürlər. Ona görə də Azərbaycan prezidenti ilə münasibətləri yüksək səviyyədə saxlamağa çalışırlar. Eyni zamanda, Azərbaycanın Cənubi Qafqazdakı sülh təşəbbüslərini alqışlayır, Almaniya da daxil olmaqla bir sıra ölkələr məhz indi sülh sazişinin qısa zamanda imzalanması üçün Ermənistan tərəfinə yumşaq təzyiqlər edirlər. Vaxtilə Azərbaycandakı radikal müxalifət vasitəsi ilə ölkəmizə qara kampaniyası aparan şər qüvvələr də hazırda dövlətimizin qlobal miqyasda gücü və ağırlığı ilə hesablaşırlar. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın Avropaya təbii qaz, elektrik enerjisi və digər resursları ixrac etməsi təkcə iqtisadi məsələ deyil. Nəzərə almaq lazımdır ki, Avropa yuxarıda göstərilən beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmaq üçün Azərbaycana iri həcmdə investisiya da yatıracaq. Bu isə dövlətimizin iqtisadi inkişafına böyük təkan verməklə yanaşı, həm də siyasi dividend qazandıracaq”.
Cavanşir ABBASLI
Musavat.com






