Ermənistanın daxili işlər nazirinin sabiq müavini Arzrun Markaryanın qətli ilə bağlı 27 il əvvəl baş vermiş hadisənin üstünün açıldığı açıqlanıb.
Musavat.com xəbər verir ki, Ermənistan İstintaq Komitəsi iş üzrə aparılan yeni araşdırmaların nəticələrini açıqlayıb.
Qurumun məlumatına görə, meyitin ekshumasiyası və məhkəmə-tibbi ekspertiza nəticəsində Markaryanın öz mühafizəçilərindən biri tərəfindən güllələnərək öldürüldüyü müəyyən edilib.
Bu açıqlama Ermənistan Baş Prokurorluğunun iki gün əvvəl cinayət işi üzrə istintaqın yenidən bərpa olunduğunu bildirməsindən sonra verilib.
Arzrun Markaryan 1999-cu ilin fevralında müəmmalı şəraitdə ölü tapılmışdı. Onun qətli uzun illər Ermənistanın ən səs-küylü və açılmamış cinayət işlərindən biri hesab olunurdu.
Ermənistan mediasında yayılan şərhlərdə isə bildirilir ki, indi əsas məsələ Arzrun Markaryanın qətlinə kimin göstəriş verməsinin müəyyən edilməsidir. Həmin şərhlərdə qeyd olunur ki, Markaryan Ermənistan müdafiə nazirinin müavini Vaqram Xorxoruninin qətlindən iki ay sonra, 27 oktyabr parlament terror aktından isə az əvvəl öldürülüb.
Müəlliflərin fikrincə, Vazgen Sarkisyanın yaxın dostlarından olan Markaryan terror aktının qarşısını ala biləcək şəxslərdən biri hesab olunurdu. Bu baxımdan bəzi dairələr onun qətli ilə 27 oktyabr hadisələri arasında mümkün əlaqələrin araşdırılmasının vacibliyini vurğulayırlar.
Həmin dövrdə Ermənistan prezidenti Robert Köçəryan, DİN və Milli Təhlükəsizlik Nazirliyinin rəhbəri isə Serj Sarkisyan idi. Ermənistan mətbuatında yayılan bəzi materiallarda o illərdə Qarabağ məsələsi üzrə Meğrinin dəyişdirilməsi variantının müzakirə edildiyi də iddia olunur.
Musavat.com






