Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rusiyanın Ukraynadakı müharibədə uğur qazana bilmədiyini və Kremlin diqqətini regiona yönəldə biləcəyini iddia edib.
Saakaşvili hesab edir ki, Vladimir Putin Ukraynada məğlub olur və buna görə də növbəti mərhələdə Belarus, Gürcüstan və Ermənistana qarşı ekspansionist siyasət yürütməyə cəhd göstərə bilər. Sabiq prezidentə görə, region ölkələri mümkün təhlükələrə qarşı hazırlıqlı olmalı və beynəlxalq tərəfdaşlarla əməkdaşlığı gücləndirməlidirlər.
“Bizim üçün ən təhlükəli aylar iyul və avqustdur. Onların (Rusiya ordusu – red.) əlində nə varsa, hamısını atacaqlar”. Axar.az xəbər verir ki, bunu ukraynalı astroloq Vlad Ross müharibə ilə bağlı yeni proqnozunda bildirib.
Astroloqun fikrincə, Rusiyada ümumi səfərbərlik də hakimiyyət üçün uğursuz nəticələnəcək. O iddia edib ki, belə bir qərar artıq qəbul olunub. "Onların əlində qalan son vasitə ümumi səfərbərlikdir və bu, Moskvadakı hakimiyyətin sonunu gətirəcək".
Bəs bu şəraitdə Güney Qafqaz üçün belə bir təhlükə nə dərəcədə realdır?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli Rusiyanın çevrəsinə təzyiq göstərməyə taqəti qalmadığını düşünür. Onun qənaətinə görə, müharibə bu templə davam edəcəyi halda, imperiyanın çöküşünə şahid ola bilərik: “Rusiya postsovet məkanına əvvəlki kimi nəzarət edə bilmir. Onun Cənubi Qafqazda və Mərkəzi Asiyada mövqeyi zəifləyib. Bu da təsir imkanlarını itirməkdən irəli gəlir. Ukrayna müharibəsində uğursuzluq həm də strateji itkilərə səbəb olur. Rusiya MDB məkanında həmişə dominant olub. Bu gün də gücünü saxlamağa çalışır, amma reallığı görmək lazımdır. Ukrayna ordusunun qəhrəmanlığı və Zelenskinin qətiyyəti, təbii ki, kollektiv Qərbin də dəstəyi Rusiyanı bu günə salıb. Ona görə də Moskvanın Kiyevə olan acığını Cənubi Qafqazdan çıxa biləcəyini gözləmirəm. Əksinə, növbə Gürcüstandır, yəni Kremlin qonşu ölkədə də təsirlərini zəiflətmək üçün proses başlanacaq”.
Samir Əsədli hesab edir ki, Rusiya Azərbaycanda və Ermənistanda təsirlərini itirməkdədir: “Gürcüstanda isə hakimiyyətlə müəyyən əlaqələr var. Amma müharibənin nəticələri onun Tiflisdəki imkanlarını da azaldacaq. Hər halda, Qərb bu haqda ölçüb-biçməlidir. Çünki Cənubi Qafqaz ölkələrinə vahid şəkildə baxırlar. Saakaşvili isə daha çox öz ölkəsini nəzərdə tutaraq belə fikirlər səsləndirir. Məncə, Rusiya uzun müddət özünə gələ bilməyəcək və onu eşidən olmayacaq. Bu da öz səhvi və hərbi təcavüzə əl atmasından qaynaqlanır. Ataların dediyi kimi, “özü yıxılan ağlamaz”. Odur ki, Rusiya qonşu və qohum xalqına etdiyi hücumun indi altını çəkir. Bundan sonra vəziyyət daha da pisləşəcək. Ukrayna uzunmənzilli zərbələr üçün komandalıq yaradır və qarşıda Rusiyanın ərazilərinə genişmiqyaslı zərbələr gözlənilir. Bu da Rusiyanı getdikcə zəiflədəcək. Nəzərə almaq lazımdır ki, yanacaq böhranı artıq öz təsirlərini ciddi şəkildə göstərir”.
Emil Salamoğlu
Musavat.com






