İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail səfirindən yersiz Təbriz paylaşımı - dar gündə tanınan dost(lar) və...

2819 21.07.2022 12:12 Gündəm A A

İsrailin ölkəmizdəki səfiri Corc Dik dünən öz Twitter səhifəsində çoxmənalı bir paylaşım edib. Diplomatın əlində tutduğu kitabın adına (“Təbrizin sehirli nağılları”) nəzər salan kimi jestin hara, nəyə ünvanlandığı bəlli olur - İran, daha dəqiqi, İran-Azərbaycan əlaqələri.

Bu mənada diplomatın bu tvitinin Azərbaycan dövlətinə hansısa divident gətirdiyini söyləmək çətindir. Çünki açıq-aşkar Bakı-Tehran münasibətlərində kolliziya yaradacağı şübhə doğurmur.

Onsuz da cənub qonşumuzla münasibətlərimiz müstəqilliyimizi bərpa edən gündən, yumşaq desək, hamar olmayıb, rəsmi səviyyədə bəyan edilən mahiyyət və məzmun daşımayıb. Əlbəttə ki, “qardaş və dindaş” İranın mövqeyi üzündən. Təkcə o fakt ki, İran Tacikistanın müstəqiliyini 1-ci, Azərbaycanın müstəqilliyini isə 8-ci, hətta Rumıniyadan da sonra tanıyıb. Bu, özlüyündə çox şey deyir...

ab051801-5f80-45f2-b209-9b6c546040d4.jpg (157 KB)

Təəssüf ki, 44 günlük müharibədən sonra da Bakı-İran münasibətləri hərfi mənada istiləşməyib. Əfsus ki, günü bu gün də İrandan Azərbaycana ünvanlı xoş olmayan bəyanatlar eşidir, din-məzhəb və başqa zəmində əleyhimizə addımlar və de-marşlar görürük. Tehran rəsmilərinin açıqlamalarına rəğmən, aydın görünür ki, İran on illərdir sığalladığı işğalçı Ermənistana qarşı 2-ci Qarabağ savaşındakı qələbəmizi həzm edə bilməyib. Hansı qələbədə ki, İsrail dövlətinin məxsusi payı var və Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.

“Dost dar gündə tanınar” deyib müdriklərimiz. Azərbaycan da öz dostlarını artıq tanıyıb və onlardan biri sübhisiz ki, İsraildir. Ancaq hörmətli səfirin son jesti Azərbaycana gərək deyil, özünəməxsus trolinqdir. Bu, təəssüf ki, ilk hal da deyil. Aylar öncə də cənab səfir bənzər paylaşım eləmişdi...

36c2d339-2f3c-430d-9418-bccc592924c6.jpg (173 KB)

Tehran onsuz da bizim İsrailə dostluğumuzu qısqanır, buna qarşıdır. Təbii ki, ümmət maraqlarına görə yox, öz dövlət mənafeyinə görə. Hətta bunu zaman-zaman, yeri gəldi-gəlmədi açıq ifadə edir, daxili işlərimizə qarışaraq, Azərbaycana hətta irad tutur. Azad edilmiş ərazilərimizdə İsrail şirkətlərinin fəaliyyətini belə, sinirə bilmir, bu fəaliyyətdə belə, özlərinə qarşı hansısa bəd niyyətlər axtarırlar.

Bir yandan da israilli diplomatın bu cür paylaşımları, sözsüz ki, bölgədə ümumi sülhə xidmət eləmir, ən azından, “qarğa, məndə qoz var” anlamına gəlir, “ocağa yağ tökür”, qaşınmayan nahiyədə “yara düzəltmək” cəhdinə bənzəyir. Bunu dost İsrail dövlətinin rəsmi təmsilçisinə yaraşdırmırıq.

Hər halda, diplomatik etiketə əsasən, səfirin vəzifəsi iki ölkə arasında əlaqələrin inkişafı ilə məşğul olmaqdır, üçüncü dövləti trolinq etmək yox. Belə tvitlərlələ Azərbaycan-İran münasibətlərə xələl gətirmək istəyi diplomatiyanın etik qaydalarına və fəlsəfəsinə ziddir. Biz hələ onu demirik ki, Azərbaycan və onun informasiya məkanı İsraillə İran arasında toqquşma nöqtəsinə çevrilməməlidir.

Nəhayət, ümid edirik ki, cənab səfir ölkəmizin, Prezident İlham Əliyevin nə dərəcədə həssas geosiyasi şərtlər altında balans siyasəti apardığının fərqindədir və bir daha “qaş düzəldən yerdə gözə ziyan” vurmayacaq...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR