İsraildə iyunun 7-si günorta saatlarında silsilə atışma hadisələri qeydə alınıb və rəsmi qurumlar baş verənləri terror aktı kimi qiymətləndiriblər.
Musavat.com xəbər verir ki, İsrail təcili yardım xidmətinin son məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, beş nəfər isə yaralanıb.
Atışma Koxav-Yair dairəsindəki yanacaqdoldurma məntəqəsində, həmçinin Tsur İshak və Tsur Natan yaşayış məntəqələrində baş verib. Yaralılardan ikisinin vəziyyəti ağır, digər üçünün vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.
"Reuters" agentliyinin məlumatına görə, silahlı insidentlər İsrailin mərkəzi dairəsinin üç fərqli nöqtəsində, İordan çayının qərb sahilindəki Fələstin şəhəri Qalqilyanın yaxınlığında törədilib.
İsrail Müdafiə Ordusu (İDF) Koxav-Yairdəki hücumda iki nəfərin iştirak etdiyini bildirib. Ordunun yaydığı məlumatda təhlükəsizlik qüvvələri tərəfindən hər iki şübhəlinin zərərsizləşdirildiyi qeyd olunur. Hücum edənlərdən biri Tsur İshak yaxınlığında güllələnib, digəri isə yaralanaraq qaçmağa çalışarkən öldürülüb.
Musavat.com






