Amerikanın vitse-prezidenti Ceyms Di Vens İrəvanda səfərdə olarkən ölkəsinin Ermənistanla pilotsuz uçuş aparatları sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə ilkin olaraq 11 milyon dollarlıq satış və yardım paketi nəzərdə tutulur.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə Venslə birgə bəyanatla çıxış edərkən bildirib ki, Ermənistan-Amerika hərbi və müdafiə tərəfdaşlığında əhəmiyyətli irəliləyişlər əldə olunub. “Uzunmüddətli təhlükəsizlik əməkdaşlığımızın və üç illik davam edən “Qartal tərəfdaş” təlimlərinin bir hissəsi olaraq, Ermənistan ABŞ-dan V-BAT pilotsuz uçuş aparatları əldə edib ki, bunun da effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub. Bu, müdafiə imkanlarımızı əhəmiyyətli dərəcədə gücləndirəcək. Ümid edirəm ki, ABŞ-ın Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçirilən bu əməliyyat əməkdaşlığın daha da genişləndirilməsi üçün təməl rolunu oynayacaq”, - Paşinyan qeyd edib.
Bu nə döyüş PUA-larıdır belə? Bakının əndişəsinə əsas varmı? Azərbaycanda onların analoqu mövcuddurmu? Paşinyan nəyə sevinir?

Hərbi ekspert Səxavət Məmməd Musavat.com-a söylədi ki, ABŞ-ın vitse-prezidenti Ceyms Di Vensin İrəvana səfərindən əvvəl Hindistanın qərargah rəisi Ermənistanda olub:
“Bu səfər çərçivəsində Hindistanın Ermənistana satdığı silahlar və dronlar nümayiş etdirildi. 44 günlük müharibədən sonra Ermənistan ordusunun formalaşması, ən azından 2020-ci il 26 sentyabr səviyyəsinə çatması üçün uzun illərin lazım olacağı proqnoz edilirdi. Görünən odur ki, Ermənistan bu yolu çox qısa zamanda qət edə bilib.
ABŞ vitse-prezidentinin İrəvana səfəri zamanı isə ABŞ-nin Ermənistana V-BAT kəşfiyyat dronlarının satıldığı məlum oldu. Sözü gedən dronların əsas xüsusiyyəti süni intellektlə işləməsi, 5 min metrə qədər hündürlükdə belə havaya qalxması, radio-elektron mübarizə vasitələrindən yayınmasıdır. Bundan əlavə, Ermənistan ABŞ-dən MQ-35A kəşfiyyat PUA-ları alacağını da bəyan edib. Görünən odur ki, ABŞ Ermənistanın müdafiə qabiliyyətinin artırılması yönündə addımlar atır və bu istiqamətdə tərəflərin əməkdaşlıq edəcəklərini proqnoz etmək mümkündür”.
Ekspertin fikrincə, Ermənistandan fərqli olaraq ABŞ-nin Azərbaycanla bağlı planları iqtisadiyyat və sahil sularının mühafizəsinin təşkili yönündədir:
“Təsadüfi deyil ki, ABŞ-nin Azərbaycana qayıqlar satacağı rəsmi olaraq bəyan edildi. Ermənistan tərəfi ABŞ-nin atdığı addımlardan məmnun görünür. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan müdafiə naziri dünən Azərbaycanla şərti sərhəd istiqamətindəki bunkerlərdə olub və bunkerlərin keyfiyyətini nümayiş etdirib.
Ermənistanla Azərbaycan sülh mesajları versə də, hər iki ölkə hərbi xərclərini eyni səviyyədə saxlayır, yeni silahlar, yeni texnologiyalar alır. Dünyada baş verən sürətli silahlanma fonunda və ehtimal olunan böyük müharibəyə görə hər iki ölkənin silahlanması normal qarşılanmalıdır. Ancaq dünyada proseslər sürətlə dəyişir. Əgər bu regionda böyük dövlətlər arasında uzlaşma pozularsa, yaxud Ermənistanda hakimiyyət dəyişikliyi baş verərsə, regionun yenidən münaqişə ocağına çevriləcəyi gerçəyi dəyişməz qalır.
Azərbaycan tərəfi də silahlanmaya davam edir. Bakı müdafiə qabiliyyətini artırmaq üçün müxtəlif ölkələrlə əməkdaşlıq edir. Digər tərəfdən Azərbaycan Ermənistanın aldığı silahlara adekvat silahlar alır, bundan əlavə Xəzərdə güclənmək strategiyasını ön plana çıxarır. Hesab edirəm, hər iki ölkə də fərqindədir ki, dünyadakı gərginlik fonunda bu region müharibələrdən sığortalanmayıb”.
Cavanşir ABBASLI,
Musavat.com






