İnsanlara hürriyət, millətlərə istiqlal!

İran üçün 6 milyardlıq YENİ fürsət – Hansı “yaraları” sağaldacaq?

441 29.06.2026 15:20 Dünya A A

İran və Qətər bu ölkədə dondurulmuş İran aktivlərinin 6 milyard dollarının blokdan çıxarılması barədə razılığa gəlib. Bunu prezident Məsud Pezeşkian açıqlayıb.

“Əldə olunan razılaşmaya əsasən, Qətərdə saxlanılan ümumilikdə 12 milyard dollarlıq İran vəsaitinin ilk mərhələdə 6 milyard dolları blokdan çıxarılaraq ölkəyə qaytarılacaq. Vəsaitin qalan hissəsinin də geri qaytarılması istiqamətində işlər davam etdirilir”, - o bildirib.

Bəs 6 milyard dollar vəsait İranda iqtisadi, sosial həyata, ümumən İran dövlətinin hazırkı durumuna hansı müsbət təsirləri göstərə bilər?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvü Aydın Hüseynov Musavat.com-a bildirib ki, 6 milyard dollar vəsaitin İrana qaytarılması həcmi baxımından ölkənin bütün iqtisadi problemlərini həll edəcək məbləğ olmasa da, mövcud sanksiyalar şəraitində Tehran üçün mühüm maliyyə və siyasi əhəmiyyət daşıyır: “Bu vəsait İran üçün həm iqtisadi, həm də siyasi baxımdan mühüm resursdur. O, valyuta bazarında sabitliyə dəstək verə, zəruri idxalı maliyyələşdirə, sosial yükü müəyyən qədər azalda və hökumətin maliyyə manevr imkanlarını genişləndirə bilər. Ancaq uzunmüddətli iqtisadi sabitlik üçün təkcə dondurulmuş aktivlərin qaytarılması kifayət etmir. Bunun üçün sanksiyaların yumşaldılması, xarici investisiyaların cəlbi və daxili iqtisadi islahatlar həlledici əhəmiyyət daşıyır.

6 milyard vəsait ilk növbədə İranın xarici valyuta ehtiyatlarını gücləndirəcək. Son illərdə ABŞ sanksiyaları səbəbindən ölkənin valyuta gəlirlərinə çıxışı məhdudlaşıb və bu da rialın dəyərinin zəifləməsinə, inflyasiyanın yüksəlməsinə səbəb olub. Əlavə valyuta ehtiyatı hökumətə bazara müdaxilə etmək, milli valyutanın kəskin ucuzlaşmasının qarşısını müəyyən qədər almaq imkanı verə bilər”.

Deputat hesab edir ki, iqtisadi baxımdan vəsaitin mühüm hissəsinin ərzaq, dərman, tibbi avadanlıq və digər zəruri malların idxalına yönəldilməsi gözlənilir: “Bu isə daxili bazarda müəyyən məhsulların təminatını yaxşılaşdıra, qiymət artımının tempini qismən zəiflədə və sosial gərginliyi azaltmağa kömək edə bilər. Sosial aspektdən belə maliyyə resursu hökumətə büdcə yükünü qismən yüngülləşdirmək, subsidiya proqramlarını davam etdirmək və sosial ödənişlərin maliyyələşdirilməsini təmin etmək imkanı yaradacaq. Əlavə maliyyə imkanları hökumətin sosial siyasətini müəyyən müddət dəstəkləyə bilər”.

Deputat bununla yanaşı qeyd edib ki, sözügedən vəsaitin siyasi və diplomatik əhəmiyyəti də az deyil: “Aktivlərin blokdan çıxarılması Tehranla regional vasitəçilər, xüsusilə Qətər arasında əməkdaşlığın nəticəsi kimi qiymətləndirilə və İranın maliyyə təcridinin müəyyən qədər yumşalmasına dair siqnal sayıla bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR