İranın xarici işlər naziri Abbas Araqçi Fox News-a verdiyi müsahibədə ABŞ-nin prezidenti Donald Trampın İranda baş verən etirazlar fonunda hərbi müdaxilə ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib və Vaşinqtonu diplomatiyaya üstünlük verməyə çağırıb.
Musavat.com xəbər verir ki, Araqçi qeyd edib ki, ABŞ əvvəlki yanlış addımları yenidən atmaqdan çəkinməlidir:
“Mesajım ondan ibarətdir ki, iyun ayında [2025-ci ildə] buraxdığınız eyni səhvi bir daha təkrarlamayın. Əgər yenə uğursuz bir təcrübəni sınasanız, nəticə də eyni olacaq”, – deyə nazir vurğulayıb.
İran XİN rəhbəri, həmçinin ölkədəki vəziyyətin tam nəzarət altında olduğunu bildirib və daxili sabitliyə hər hansı ciddi təhlükənin olmadığını qeyd edib.
İran bütün hava məkanını bağlaması ilə bağlı NOTAM (aviadaşıyıcılar üçün rəsmi bildiriş) yayımlayıb. Musavat.com xəbər verir ki, məlumatı aviasiya uçuşlarını real vaxt rejimində izləyən Flightradar24 açıqlayıb.
Bildirilişə əsasən, qadağa iki saatdan bir qədər artıq müddət üçün qüvvədədir və yalnız bəzi beynəlxalq reyslərə istisna tətbiq olunur. Qərar regionda sürətlə artan hərbi-siyasi gərginlik fonunda qəbul edilib və təhlükəsizlik riski ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, İran hava məkanının bağlanması Yaxın Şərq üzərindən keçən beynəlxalq aviasiya marşrutlarına ciddi təsir göstərə, bir sıra reyslərin marşrutunun dəyişdirilməsinə və gecikmələrə səbəb ola bilər.
Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat






