"Azərbaycana ilk dəfə səfər edirəm və doğrusu, Bakının bu qədər gözəl, zövqlə qurulmuş, müasir və eyni zamanda tarixi ruhunu qoruyan bir şəhər olacağını gözləmirdim. Bu şəhəri çox sevdim".
Bu sözləri Musavat.com-a açıqlamasında Bakı Beynəlxalq Film Festivalı çərçivəsində Bakıya gələn İran kinosunun məşhur aktrisası və rejissoru Niki Kərimi deyib.
"Azərbaycan kinosu haqda nə deyərdiniz, aktrisa və aktyorlardan kimləri tanıyırsınız?" sualına Niki Kərimi bu cür cavab verdi:
“Buna qədər müxtəlif ölkələrdə keçirilən bir sıra nüfuzlu festivallarda jüri qismində iştirak edərkən Azərbaycan kinosu ilə də tanış olmaq imkanı qazanmışam. Həmin festivallarda nümayiş olunan filmlər vasitəsilə Azərbaycan kinematoqrafiyasının üslubu, mövzu seçimi və özünəməxsus yanaşması haqqında müəyyən qədər təəssüratlarım formalaşıb.
Lakin etiraf etməliyəm ki, hələlik şəxsi olaraq yaxından tanıdığım azərbaycanlı aktyor və aktrisalar yoxdur.
O ki qaldı festival ilə bağlı təəssüratlarıma, deyə bilərəm ki, tədbir həqiqətən də çox möhtəşəm, peşəkar səviyyədə və yüksək təşkilatçılıqla keçdi. Festival boyunca yalnız film nümayişləri deyil, həm də müxtəlif yaradıcı müzakirələr, təqdimatlar və görüşlər təşkil olundu. Xüsusilə festival çərçivəsində keçirilən görüş mənim üçün çox yadda qaldı.
Festivalda iştirak edən bütün yaradıcı insanlara uğurlar arzulayıram".
Xatırladaq ki, Tehranda yaşayan Niki Kərimi Mərkəzi əyalətin Təfreş şəhərinin Xələc türklərindəndir. O, Azərbaycan türkcəsində çəkdiyi "Atabay" filminə görə güney azərbaycanlılar arasında ən çox sevilən aktrisa və rejissorlardan birinə çevrilib.
Xalidə Gəray
Musavat.com






