İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevin Ərdoğana salamlarını Putin niyə söylədi?

5342 20.07.2022 01:32 Gündəm A A

Tehranda keçirilən Astana üçlüyünün sammiti dünyanın diqqət mərkəzindədir.

Sammitdə maraqlı açıqlamalar, münasibətlərin aydınlaşdırılması, o cümlədən də kuryoz hadisələr yaşanıb.

Həmin hadisələrdən biri də Rusiya və Türkiyə prezidentlərinin ikili görüşündə yaşanıb. Belə ki, görüş zamanı V. Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb. Və sonra da sosial medianın Azərbaycan seqmentində dərhal müzakirələrə, tənqidlərə səbəb olan bu sözləri söyləyib: "Sizə Əliyevdən böyük salam gətirmişəm".

Putin bu sözləri niyə söylədi? İki qardaşın birindən digərinə salamı bir rus prezident niyə gətirməlidir? Bu ifadələrlə Putin nə demək istəyib? "Azərbaycan mənimlədir, mənim yanımdadır'', mesajımı verildi?

Hazırda gec saatlar olsa da, sosial mediada məhz bu suallar istiqamətində şərhlər və müzakirələr, hətta mübahisələr gedir.

Təhlükəsizlik eksperti İlham İsmayıl özünün Facebookdakı hesabında bunu "Putinin təxribatı" adlandırıb.

Sitat: "Tehranda Türkiyə Prezidenti Ərdoğanla görüş zamanı Rusiya prezidenti Putin açıq təxribata əl atıb. Putin bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşdüyünü xatırladıb və Türkiyə Prezidentinə “Sizə ondan böyük salam var” deyib.

2019-06-21-12-32-53sm.jpg (70 KB)

Putin bununla nə demək istəyib? Azərbaycan Prezidenti Rusiyaya Türkiyədən daha yaxındırmı? Türkiyədən çox Rusiya iləmi problemlərimizi bölüşürük? Bu, keçməyən təxribatdır. Bunu həm Türkiyənin, həm də Azərbaycanın sıravi vətəndaşlarından tutmuş dövlət başçılarına qədər hamı bilir ki, Türkiyə bizim üçün ən yaxın qardaş ölkədir. Rusiya isə.., bütün bəlalarımızın başında gəlir. Putinin bu təxribatı da indiyədək bizə qarşı yönəlmiş Rusiya təxribatlarının tərkib hissəsidir.’’

Göründüyü kimi, İlham ismayıl məsələyə çox kəskin reaksiya verib.

Foto_Rauf_Arifoglu.jpg (79 KB)

Bu hadisəyə dair fikirlərini Musavat.com-la bölüşən Əməkdar jurnalist Rauf Arifoğlu isə tamamilə əks fikirdədi: "Putin belə bir jestin Ərdoğana xoş gəlcəyini düşünərək, bu cür danışıb. Ərdoğanla ikisinin ortaq dostu olduğuna işarə edib və burada mən heç bir təhqir elementi görmürəm. "Oqromnıy, bolşoy privet" hər bir rusun söhbətə körpüsüdür və bu ifadə o qədər yayğındır ki, bəzi azərbaycanlılar da onu hər gün sosial mediada işlədirlər. Putinin Ərdoğana və İlham Əliyevə tövr yapacaq, təxribat edəcək halı isə yoxdur. Türkiyə və Azərbaycanı incitmək hazırda Putinin etmək istədiyi ən axırıncı şey ola bilər. Qardaş türk ölkələrinin Rusiya ilə münasibətlərinin səviyyəsi Putinin taleyini həll edə bilən amildir. Bu baxımdan, Putinin Ərdoğana Əliyevdən salam söyləməsi Tehran -22-nin ən pozitiv fraqmentlərindən biri sayılmalıdır".

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR