İnsanlara hürriyət, millətlərə istiqlal!

İki qiyamın fərqli sonu - iqtidar yumşaq olanda qiyam sərt olur

1909 26.06.2026 13:23 Analitika A A

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin ölkə parlamentində səlahiyyətlərindən məhrum edildiyi gün (24 iyun 1993-cü il) uzaq Cənubi Koreyada məhkəmə keçmiş ədliyyə naziri Pak Son-çjeni 25 il həbs cəzasına məhkum etdi.

33 il arayla baş verən bu iki hadisə arasında heç bir bağ yoxdur, amma təmas nöqtələri var. Elçibəyin devrilməsi hərbi qiyam nəticəsində olmuşdu, Pak Son-çjenin 25 illik həbsə məruz qalması isə dövlət çevrilişinin baş tutmamasının nəticəsidir.

Bəli, qiyam qələbə qazanmayanda cəzalar ağır olur.

Ancaq yenə də əminlik yoxdur ki, 4 iyun qiyamı iflasa uğrasaydı, Elçibəy və onun komandası qiyamçıları, qiyama dəstək verənləri ağır cəzalara məruz qoyacaqdımı. Adama elə gəlir ki, Elçibəy humanizm nümayiş etdirəcək, ən çoxu 5-6 adamın cəzalanmasına şərait yaradacaq, qısa müddət sonra onları da əfv edəcəkdi.

Bəs 2024-cü ilin dekabr ayının 3-də Cənubi Koreya prezident Yun Sok-yolun hərbi vəziyyət elan edərək, ölkədə diktatura rejimi qurmaq niyyəti baş tutsaydı, o, ona qarşı olanlarla yumşaq davranacaqdımı?

Xüsusi prokurorluğun araşdırması, məhkəmənin verdikti göstərir ki, Yun Sok-yol rəqiblərini tam zərərsizləşdirmək, sıradan çıxarmaq niyyətində olub. Bu işdə ona ədliyyə naziri Pak Son-şje yardımçı olacaqmış. Seulda hərbi vəziyyət elan olunduğu gün (3 dekabr 2024-cü il) o, nazirliyin işçilərini toplayıb və onlarla siyasi rəqiblərə qarşı repressiya tədbirləri həyata keçirməyi, prezidentin əmri ilə saxlanılacaq siyasətçilərin saxlanma yerləri ilə bağlı məsələləri müzakirə edib.

Ona görə də bu gün ona 25 il, keçmiş prezidentə isə ömürlük həbs cəzası veriblər.

Həmin iş üzrə mühakimə olunan və cəzalandırılan şəxslər təkcə keçmiş prezident və sabiq ədliyyə naziri deyil, onlardan başqa, Cənubi Koreyanın keçmiş baş naziri Han Dek-su 23 il, keçmiş daxili işlər naziri Li San-min 7 il, keçmiş müdafiə naziri Kim Yon-hyun isə 30 il həbs cəzasına məhkum edilib.

Yəni kimsənin göz yaşına, peşmançılıq ifadəsinə, ailə vəziyyətinə, ad-sanına baxmayıblar, təqsirləri sübut olunub və layiqli cəzalarını alıblar.

Belə məsələlərdə humanizm keçmir. Çünki söhbət ağır dövləti cinayətdən gedir. Həbs olunanlar qələbə qazansaydılar, parlamenti buraxa bilsəydilər, Cənubi Koreyanı Şimali Koreyanın gününə salacaq, ölkədə diktatura rejimi bərqərar edəcəkdilər.

Söz yox, 23, 25, 30 illik və ömürlük həbs cəzası alan şəxslər bir müddətdən (olsun ki, 3-5 il) sonra səhhətləri ilə əlaqədar şərti azadlığa buraxılacaqlar, amma onların bir daha siyasətlə məşğul olması, seçkilərdə iştirak edib uğur qazanması və revanş götürmələri mümkün olmayacaq.

Cənubi Koreya xalqı yarımadanın şimalındakı soydaşlarının yaşadığı sərt rejimli dövlətdən ona görə fərqli (gecə-gündüz qədər) bir şəraitdə yaşayır ki, son 70 ildə bu ölkədə səlahiyyətlərindən sui-istifadə edən prezident və baş nazirlərin hamısı cəzalandırılıb. Bunu təmin etmək üçün Cənubi Koreyada işlək mexanizm var və o, mexanizm yolundan sapanları xıncımlayır. Yoxsa Koreyanın cənubunda da hüdudsuz səlahiyyətlərə, limitsiz sərvətə, ömürlük hakimiyyətə malik olmaq istəyən siyasət adamları çox olub.

Eıçibəy iqtidarının devrilməsinin əsas səbəbi məhz həmin qoruyucu mexanizmin oturuşmaması, eləcə də rəhbərliyin öz rəqiblərinə qarşı sərgilədiyi yumşaq münasibət idi. 1 il əvvəl xalqın iradəsi ilə formalaşmış hakimiyyətin üzərinə əmin addımlarla yürüyənlər bilirdilər ki, gənc iqtidar komandasını iki-üç gedişə mat edəcəkıər, uğursuzluq halında isə sərt cəzalara məruz qalmayacaqlar.

Onların gözləntiləri doğruldu. İyunun 24-də parlamentdə səlahiyyətlərindən məhrum edilən Elçibəy daha Kələkidən Bakıya qayıda bilmədi, 4 il 4 ay boyunca muxtar respublikada yaşamalı oldu. Qiyamçı və əldəqayırma polkovnik (o, hərbi iyerarxiya keçmiş biri deyildi) Surət Hüseynov isə iyunun 30-da baş nazir oldu.

Bu şəxs yarımçıq qalmış qiyamını bir də 1 il 3 aydan sonra (1994-cü ilin oktyabr ayının əvvəlində) davam etdirmək, prezident Heydər Əliyevi də devirmək istədi, ancaq bu dəfə yumşaq münasibət görmədi. Onun güvəndiyi hərbi qüvvələr burunlarını kazarmadan çıxardıqları andaca zərərsizləşdirildilər.

Bəs sonra necə oldu? İkinci qiyam cəhdləri fiaskoya uğramış canilərlə yumşaq davranıldımı? Əsla! Qiyamçıların hamısına layiq olduqları şəkildə sərt cəzalar verildi. Bəziləri türmədə öldü, bəziləri yarımcan halda, xərəkdə çıxdı. Saçı-saqqalı tamam ağarmış, sınmış şəkildə çıxanlar oldu. Ən ümdəsi, bu şəxslər bir daha siyasətə atılmaq, nəsə bir iddia irəli sürmək halında, hayında olmadılar.

Hərbi qiyamların cəzası elə də olmalıdır. Bir şeyə təəssüf ki, S.Hüseynov və tərəfdarları törətdikləri birinci qiyama görə mühakimə edilmədilər. Onların birinci qiyamı daha qanlı olmuşdu və edam cəzasına layiq cinayət idi.

P.S. Bu günlərdə 33 il öncənin hadisələrini əks etdirən video yayılmışdı, respublikamızın keçmiş rəhbərlərindən biri olan İmam Mustafayev çıxış edirdi. Adam necə yalanlar danışır, necə qızıl-qırmızı iftiralar söyləyir, qiyama haqq qazandırır. İnanılmazdır ki, ölkəmizin bu cür ağsaqqalları olub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR