İnsanlara hürriyət, millətlərə istiqlal!

Hökumət varlıların, yoxsa bütün əhalinin qayğısına qalmalıdır – Aİ-95 və Aİ-98-in bahalaşmasına sözardı

1792 13.07.2022 14:37 Gündəm A A

Azərbaycanda hazırda ən çox müzakirə olunan mövzulardan biri Aİ-95 və Aİ-98 markalı avtomobil benzinlərinin qiymətinin artmasıdır. Dünən axşamdan etibarən Aİ-95 1,6 manatdan 2 manata, Aİ-98-in qiyməti isə 1,9 manatdan 2,3 manata qaldırılıb.

Ölkə ictimaiyyətində bu bahalaşma müəyyən narazılıqlara səbəb olub. Lakin ortada reallıqlar var və onları görməzdən gəlmək mümkün deyil. Reallıq isə budur ki, Azərbaycanda bu iki marka benzin istehsal olunmur, onları xaricdən alırıq. Bizim bu benzinləri aldığımız əsas ölkələrdə - Bolqarıstan, Rumıniyada qiymətləri bazar tənzimləyir. Hansı ki, o bazarda benzinin yeganə xammalı olan neftin qiyməti kəskin artıb. Belə ki, dünya bazarında “Brent” markalı neftin orta aylıq qiyməti 2021-ci ilin yanvar ayından 2022-ci ilin iyun ayına qədər 124 faiz, ötən 1 ildə isə 68 faiz artıb.

ukrayna.jpg (8 KB)

Ukraynaya hücum edən Rusiyaya qarşı sanksiyalar fonunda bu ölkənin neft və neft məhsullarının ixracında yaranan problemlər bütün dünyada benzin qiymətlərinin daha kəskin artmasını şərtləndirib. Hazırda dünyada Aİ-95 markalı benzinin 1 litrinin orta satış qiyməti 1,47 dollara bərabərdir. Bu zaman Gürcüstanda bu qiymət 1,348 dollar, Ermənistanda 1,274 dollar, Türkiyədə 1,506 dollar,  Rusiyada isə 0,962 dollar təşkil edir. Dünyanın ən böyük neft hasilatçısı olan ABŞ-da 2021-ci ilin sentyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 57,7 faiz artaraq 1,33 dollar yüksəlib. Bu, ölkənin tarixində ən yüksək qiymət səviyyəsidir. 2022-ci ilin mart ayından etibarən Avropanın neft hasilatçıları olan Norveç və Böyük Britaniyada Aİ-95 benzininin satış qiyməti müvafiq olaraq 22,7 faiz və 25,3 faiz artıb.

Neft və neft məhsullarını ixrac etməkdə çətinlik çəkən Rusiyada belə benzinin pərakəndə satış qiyməti bahalaşmaqdadır. Neft və neft məhsullarının istehsalçısı olan Qazaxıstan isə ölkədən sürtkü yağları istisna olmaqla, benzin, dizel yanacağı və digər neft məhsullarının ixracını 2022-ci ilin sonunadək qadağan edib. Ölkənin energetika və maliyyə nazirlərinin birgə əmrinə əsasən, şəxsi avtomobillərdə olan benzin çənlərində 20 litrdən artıq benzini kənara çıxarmaq da qadağandır. Qazaxıstan hökuməti iyulun 12-dən qüvvəyə minən bu addımını ölkədə mümkün yanacaq çatışmazlığının qarşısını almaq məqsədi ilə əsaslandırır. Xatırladaq ki, Qazaxıstan ötən ilin noyabrından 2022-ci ilin aprelinədək eyni qadağanı tətbiq etmişdi.

Statistika.jpg (118 KB)

Rəsmi statistikaya əsasən, yanvar-aprel aylarında Azərbaycan 29 milyon 120,83 min dollar dəyərində 29 min 980,66 ton Aİ-95 idxal edib. Bunun 9 min 403,55 tonu (8 milyon 623,37 min dollar dəyərlə) Rusiyadan, 4 min 944,58 tonu (4 milyon 153,73 min dollar) Türkmənistandan, 8 min 919,17 tonu (10  milyon 365,18 min dollar) Bolqarıstandan, 6 min 713,35 tonu (5 milyon 978,55 min dollar) Rumıniyadan alınıb.

Hazırda ölkədə istehlak olunan benzinin 9 faizi Aİ-95 premium və Aİ-98 super markalı benzinin payına düşür.

socar_logo_08022018.jpg (28 KB)

Bu barədə məlumat verən "SOCAR Petroleum" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib ki, xarici ölkələrdən Azərbaycana idxal edilən Aİ-95 premium və Aİ-98 super markalı benzinin qiymətində dəyişiklik baş verib: “Dəyişikliyə əsasən, cari ilin iyul ayının 12-dən 13-nə keçən gecə Aİ-95 premium markalı benzinin satışı 2,00 AZN-dən, Aİ-98 markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb”.

Ü.Həbibbəyli qeyd edib ki, ötən ildən etibarən neft qiymətlərinin kəskin artımı, həmçinin dünyada baş verən inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi sözügedən qiymət dəyişikliyini şərtləndirən ən böyük amillərdəndir.

amal.jpg (272 KB)

İqtisadçı-ekspert Amal Həsənlinin sözlərinə görə, Azərbaycanda Aİ-95 markalı benzinin satış qiymətinin 1,6 manatdan 2 manata çatdırılması qlobal enerji bazarında gedən proseslərin təzahürüdür: “Azərbaycanda bu marka benzin istehsal edilmir. Onu xaricdən alırıq. Bu ilin ilk 4 ayı ərzində ölkəyə gətirilən “Aİ-95” markalı benzinin bir tonunun idxal qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 300 ABŞ dolları çoxdur. Bu, birbaşa olaraq neft qiymətlərinin artımı ilə əlaqədardır. Belə ki, bu ilin əvvəlindən “Brent” markalı neftin qiyməti 25 faiz bahalaşıb. ABŞ-da benzinin qiyməti tarixi maksimumları yeniləyərək bir qalon (3,785 litr) üçün hətta 6 ABŞ dollarına çatıb. Analoji proses Avropada da müşahidə edilir”.

Ekspert hesab edir ki, Aİ-95-in qiymətinin artmasının geniş əhali kütləsinə təsirləri minimum olacaq: “Azərbaycanda ənənəvi olaraq əhalinin əksər hissəsi Aİ-92 benzinindən və dizel yanacağından istifadə edir. Biznes ilk növbədə yuxarıda qeyd edilən yanacaq növlərindən istifadə edir. Yəni Aİ-95-in bazar payı çox azdır. Belə olan şəraitdə onun bahalaşması digər sektorlarda qiymət artımına səbəb olmayacaq. Bunun üçün iqtisadi əsas yoxdur. Lakin hər zaman olduğu kimi, hansısa işbazlar bu məqamdan spekulyasiya edə bilərlər. Bunun qarşısını almaq üçün dövlətin müvafiq nəzarət orqanları fəaliyyətlərini aktivləşdirməlidir”. (Report)

Qeyd edək ki, neft qiymətlərinin qısamüddətli artımı baş verdiyi təqdirdə Azərbaycanda idxal olunan benzinin qiymətinin qaldırılması absurd olardı. Çünki adətən neftin bir neçə həftəlik, hətta 1-2 aylıq bahalaşması son məhsulların dəyərinə təsirsiz ötüşür. Lakin artıq 7 aydır neft qiymətləri yüksəkdir və dünya bazarında neftin qiymətinin tezliklə ucuzlaşması gözlənilmir. Bunun bir sıra səbəbləri var.

opeccc.jpg (592 KB)

Birinci səbəb dünyada neftə olan tələbatın artmasıdır. Dünyanın əksər neft istehsalçılarının təşkilatı olan OPEC 2022-ci ildə neftə olan orta tələbatın gündəlik 100,3 milyon barel səviyyəsində olacağını gözləyir. Bu tələbat şəraitində bazara çıxarılan neft həcminin əhəmiyyətli şəkildə artması da real görünmür. Nəzərə alsaq ki, noyabr-dekabr aylarında Avropa Birliyi Rusiya neft və neft məhsullarının alışından imtina edəcək, bu zaman bazardan bir neçə milyon barelin çıxması ilə qiymətlərin daha da yüksəlməsi qaçılmaz olacaq. Belə olduqda, dövlətin Aİ-95 və Aİ-98 benzinlərinin qiymətini sabit saxlamaq üçün idxalçı şirkətlərə subsidiya ayırması da məntiqli olmayacaq. Çünki əvvəla, həmin benzinlər kütləvi istifadə olunmur, xüsusilə ölkədə avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaların, həmçinin istehsal olunan mal və məhsulların maya dəyərinə hər hansı təsirə malik deyil. Digər tərəfdən, neft məhsullarının qiymət artımı uzunmüddətlidir və bu halda dövlətin kiçik qrup istehlakçının deyil, strateji ərzaq məhsullarının bahalaşmaması üçün subsidiyalaşmanı artırmaqla geniş əhali kütləsinin mənafeyini düşünməlidir. Ki, bunu da edir.

Hazırda beynəlxalq təşkilatlar payız aylarında qlobal ərzaq bazarında gözlənilən böyük qıtlıq və bahalaşma ilə bağlı həyəcan təbili çalır. Bütün dövlətlər bu prosesdən əhalisinin minimum zərər çəkməsi üçün addımlar atır, mümkün qədər çox ərzaq depolayır. Azərbaycan dövləti də ərzaq idxalını stimullaşdırır, bunun üçün irihəcmli subsidiyalaşmaya gedir, çoxsaylı mexanizmlərlə ölkədə zəruri ərzaq ehtiyatlarının yaradılmasını dəstəkləyir. Belə bir vəziyyətdə imkanlı təbəqənin istehlak etdiyi benzinin də subsidiyalaşdırılması ən böyük yanlış olardı...

 Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR