Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan Heydər Məscidi İdarəsinin əsasında Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Heydər Məscidi İdarəsi yaradılır. Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində büdcə təşkilatlarının yaradılmasını təmin etməlidir.
Heydər Məscidi İdarəsinin yenidən təşkili hansı zərurətdən irəli gəlib? Bu dəyişiklik məscidin fəaliyyəti, maliyyələşməsi və idarə olunmasında konkret olaraq nəyi dəyişəcək?
Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Birinci onu qeyd etmək lazımdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Ulu Öndər Heydər Əliyevin adını daşıyan Heydər Məscidi İdarəsi öz işini yüksək səviyyədə quraraq nümunəvi fəaliyyət ortaya qoyur. Bu gün tam əminliklə demək olar ki, Heydər məscidi Azərbaycanın ən nümunəvi ibadət ocaqlarından biridir və öz fəaliyyətini uğurla davam etdirir. Məscidin din xadimləri və orada çalışan digər əməkdaşlar öz vəzifələrini peşəkar şəkildə yerinə yetirirlər. Hazırda məscidin fəaliyyətində hər hansı problem müşahidə olunmur. Çünki məscid öz işini ən nümunəvi formada təşkil edib.
Baş verən dəyişikliklərə gəldikdə isə, bu addım məscidin fəaliyyətindəki hər hansı çatışmazlıq və ya görülən işlərlə bağlı deyil. Dəyişiklik daha çox Bakı Şəhər İcra Hakimiyyətinin fəaliyyətinin optimallaşdırılması və təkmilləşdirilməsi məqsədi daşıyır. Ümumilikdə prosesə nəzər saldıqda, İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən digər qurumlarda da struktur və idarəetmənin yenidən təşkili məsələlərinin gündəmdə olduğunu görürük. Yəni burada söhbət Heydər məscidindəki hər hansı nöqsandan deyil, fəaliyyətin daha yüksək səviyyədə qurulmasından və idarəetmənin təkmilləşdirilməsindən gedir. Hesab edirəm ki, məsələyə məhz bu prizmadan yanaşmaq lazımdır”.
Məlumat üçün bildirək ki, Heydər Məscidi Prezident İlham Əliyevin Sərəncamına əsasən 2012-ci ilin sentyabr ayında məscidin tikintisinə başlanılıb. 26 dekabr 2014-cü ildə ictimaiyyətin istifadəsinə verilən məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənib. Məscid üzərində hündürlüyü 95 metr olan 4 minarə inşa olunub. 12.000 m² sahədə salınmış Heydər məscidinin daxili 4.200 m² sahəni əhatə edir. Məscidin 55 metr hündürlüyündə olan baş günbəzinin və 35 metr hündürlüyündə olan ikinci günbəzinin kənarlarına Quran ayələri yazılıb. Məsciddə eyni vaxtda 7000-ə yaxın insan ibadət edə bilir. Heydər məscidi ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil olub.
Afaq Mirayiq,
Musavat.com






