İki gün əvvəl "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına 14 il ərzində həyat yoldaşı tərəfindən davamlı zorakılığa məruz qaldığını bildirən qadın yerləşdirilib.
Musavat.com xəbər verir ki, qurumun yaydığı məlumata görə, qadın illər boyu həm fiziki, həm də psixoloji zorakılıqla üzləşib.
Onun sözlərinə görə, uşaqların səs salması, ən xırda məişət məsələləri və hətta cüzi səbəblər belə həyat yoldaşının aqressiv davranmasına və zorakılıq tətbiq etməsinə bəhanə olub.
Uzun illər bu ağır şəraitdə yaşadıqdan sonra qadın nəhayət böyük çətinliklə övladlarını da götürərək həmin mühitdən uzaqlaşıb və "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağına pənah gətirə bilib.
Qurumun sədri Mehriban Zeynalova bildirib ki, qadının müraciətindən sonra hüquq-mühafizə orqanları dərhal araşdırmalara başlayıb və artıq onun həyat yoldaşı saxlanılıb.
Mehriban Zeynalovanın sözlərinə görə, qadın sığınacağa gətirilən zaman vəziyyəti olduqca ağır olub:
"İki gün əvvəl axşam saatlarında sığınacağa qəbul olunan xanımın həm psixoloji, həm də fiziki vəziyyəti çox ağır idi. Onun yaxın qohumları dəstək göstərməyə hazırdır. Lakin onlar da dəfələrlə təhdid və təhqirlərə məruz qalıblar. Xanımın dediyinə görə, həyat yoldaşı hətta atasının üzərinə balta ilə gedib, anasına isə yüngül bədən xəsarəti yetirib.
Hazırda polis öz səlahiyyətləri çərçivəsində tədbirlər həyata keçirir. İcra hakimiyyəti tərəfindən də aidiyyəti işlər görülür. Tibbi ekspertiza təyin olunub. Rayon polis əməkdaşları məsələ ilə ciddi şəkildə məşğuldurlar".
M.Zeynalovanın sözlərinə əsasən, qadın demək olar ki, hər şeyə görə döyülüb:
"Su niyə burada qaldı?", "Paltar niyə burada asılıb?", "Sən niyə mənə belə baxdın?" kimi ən xırda bəhanələr belə zorakılıq üçün səbəb olurdu. İstənilən adi məişət məsələsi onun döyülməsi ilə nəticələnirdi.
Onun sözlərinə görə, sonuncu dəfə döyüləndə ürəyi gedib. Qonşular ürək masajı edərək onu özünə gətirməyə çalışıblar. Döyülmə son dərəcə ağır olub".
Mehriban Zeynalova ailədaxili zorakılıq qurbanlarının çox vaxt eyni səhvi təkrarladıqlarını da vurğulayıb:
"Belə hallarda bir çox qadın düşünür ki, həyat yoldaşı peşman olacaq və zorakılıq bir daha təkrarlanmayacaq. Adətən eyni ssenari yaşanır: əvvəlcə döyür, sonra üzr istəyir, bir neçə gün normal davranır, daha sonra isə yenidən zorakılıq başlayır. Mən də ailələrin dağılmasını istəmirəm, bunu başa düşürəm. Amma zorakılıq heç vaxt norma hesab oluna bilməz".
Xalidə Gəray
Musavat.com






