Bu şəkil Bakı vaxtilə bu gün səhər saat 6-da futbol mundialı çərçivəsində keçirilən Türkiyə-ABŞ millilərinin qarşılaşması zamanı yaranmış epizoddan fraqmentdir.
Heç kim gözləmirdi ki, iki məğlubiyyətdən sonra türkiyəli futbolçular ABŞ millisini, iki qələbə qazanaraq qrup birinciliyini təmin etmiş, növbəti oyuna təkəbbürlü halda çıxmış “yanki”ləri bu günə qoyacaqlar.
El arasında bu pozaya düşməyə “cərcənək olmaq” deyirlər.
Heyf ki, türkiyəli futbolçular avstraliyalı və paraqvaylı həmkarlarını bu vəziyyətə sala bilmədilər.
Əslində ABŞ futbolçuları Avstraliya yığma komandasının oyunçularından da güclüydülər, Paraqvay millisinin topçularından da. Mundialın başlanmasından öncə isə, Türkiyə millisi bunların hamısından güclü görünür, qrupun favoriti sayılırdı.
İndi işə baxın ki, qrupun lideri təyyarəyə sərnişin olub Türkiyəyə qayıdır, autsayderlər isə yarışmada qalır, mübarizəni davam etdirirlər.
Söz yox, onların da bir atımlıq barıtı var, növbəti mərhələdə ilk ələnənlərdən biri olacaqlar. Bu komandaların adlı-sanlı rəqibləri onlarla Türkiyə millisi kimi davranmayacaqlar, 11 nəfərlə müdafiədə oturmağın, qapıda durmağın heç də həmişə uğur gətirmədiyini başa salacaqlar.
Elə “cərcənək olan”ların məşqçisi, Türkiyəyə uduzduqları üçün pərt olan və “Türkiyə nəyə sevinir” deyən Poçettino da qısa müddət sonra qarşısında avropalı “əjdəha”lardan birini görəcək və anlayacaq ki, Paraqvayın vayına oturmaq asanmış, o biriləri ilə çətindir. Bunun qapıda duran oğlanlara rəhmi gəlməyən Messiləri, Ronaldoları, Mbappeləri, Haalandları, Keynləri, Yamalları var. Onlar qapıçıları bundan da betər hallara qoymağı yaxşı bacarırlar.
Türkiyə seçmə komandasına qarşı bu oyun Poçettino üçün faydalı siqnal olmalıdır.
Mundiala şərəfli şəkildə vida etsə də, qardaş ölkənin futbolçularının okeanın o tayından bu cür tez qayıtmaları acınacaqlı oldu. Onlar güclüydülər, amma ya bəxtləri gətirmədi, ya da startda başısoyuqluq etdilər və uduzdular. İlk oyunlarda bir heç-heçə növbəti mərhələyə adlamaq üçün kifayət eedəcəkdi.
Bu dəfə olmadı. Ümid gələn dəfəyədir. Amma hər dəfə bir xırda detala görə uğursuzluğa düçar olmaq xroniki hal alırsa, demək, nələrsə qaydasında deyil.
Musavat.com






