Bu şəkil Albaniyada çəkilib. Görüntüdə Albaniyanın paytaxtı Tiranada əsasən gənclərdən ibarət olan etirazçılardır.
Onlar küçə və meydana toplaşaraq ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerin bu ölkədə reallaşdırmaq istədiyi lüks kurort layihəsinə etirazlarını bildiriblər.
Etirazçıların əlində belə bir transparant var: “İvanka! İvanka! Keep your hands from Narta!”. Şüarın tərcüməsi belədir: “İvanka, İvanka! Əlinizi Nartadan çəkin!”
Narta İvanka Trampın əri Cared Kuşnerin tamah saldığı kurort şəhəridir, Narta Laqoon kimi məşhurdur.
Minlərlə alban Tirananın küçələrinə ona görə axışıblar ki, lüks kurort layihəsinin ətraf mühitə ziyan verəcəyini bildirirlər.
Etirazların ölkənin cənubunda davam etdirilməsi planlaşdırılır. Trampın kürəkəni məhz bu ərazidə 1,6 milyard dollarlıq kompleksin təməlni qoyub. Həmin ərazi Aralıq dənizinin ekoloji cəhətdən ən həssas ərazilərindən biri hesab olunur.
Bəlkə də Nartada lüks kurort tikmək layihəsini Kuşner yox, yerli milyarderlərdən biri həyata keçirsəydi, bu, etiraz doğurmazdı.
Ancaq Trampın kürəkəni, eləcə də oğulları bir çox ölkələrdə biznes layihələri həyata keçirirlər və bu, yerli ictimaiyyətin etirazına səbəb olur. Həmin ölkələrin rəhbərləri Trampın rəsmi və qeyri-rəsmi tələbləri qarşısında güzəştə gedir və onun əzizlərinə çoxlu pul qazanmaq üçün şərait yaradırlar.
Əslində bu, riskli biznesdir. Bir neçə ildən sonra Tramp Ağ Evdən gedəcək, o zaman bu gün Kuşnerin biznes layihəsinə etiraz edənlərin sayı 10-a qatlanacaq. O zaman yerli hakimiyyət etirazçılara mane olmayacaq və Kuşner baha başa gəlmiş obyektlərini dəyər-dəyməzinə satmağa məcbur olacaq.
Musavat.com






