İnsanlara hürriyət, millətlərə istiqlal!

“Fransanın bu işlərə qarışmağa mənəvi haqqı yoxdur”

422 01.08.2023 17:09 Siyasət A A

 

“Cənubi Qafqazda millətlərarası münaqişəni qızışdıran dövlətlərin başında Fransa durur. Fransa özünün ermənipərəst mövqeyilə, Qarabağın dağlıq hissəsindəki ermənilərlə bağlı uydurma yalanları ilə bu bölgədə nizamlama prosesinə çox ciddi zərbə vurur”.

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

“Bölgədə kimə qarşı genosid həyata keçirilir?! Gözləri kordur, görmürlər? Genosid siyasətini həyata keçirən onların müdafiə etdiyi erməni idi” deyən politoloq əlavə edib ki, bu genosidin nəticələri bu gün də davam edir: “Bölgəni qızışdırmaq, bölgədə yeni qarşıdurma yaratmaq üçün Fransa, onun rəhbərliyi başda Makron olmaqla əllərindən gələni edirlər. Bəzi dövlətlər, ABŞ başda olmaqla Avropa Birliyinin digər ölkələri sülh, əmin-amanlıq yaratmaq üçün səylər göstərdiyi zamanda bunlar bölgədəki münasibətləri saxta məlumatlarla təhrif edirlər. Bölgədəki prosesləri qızışdırmaq üçün ən kiçik bəhanədən istifadə edirlər. Həyasızcasına bölgəni qanlı müharibələr dövrünə gətirib çıxarmaq istəyirlər. Bunlar başa düşmür ki, bölgədə gedən proseslər son zamanlar Azərbaycanın bilavasitə səyləri nəticəsində sülhyaratma prosesinə doğru gedir. İndi Laçın buraxılış məntəqəsində baş verən hadisələr isə Fransa ilə Ermənistan siyasi rəhbərliyinin birbaşa provokasiyasıdır. Hansı ölkənin sərhədinə birdən-birə 19 TIR-ı gətirirlər və oradan heç bir sənəd olmadan, bizim dövlətin razılığı olmadan həmin yükü keçirməyə çalışırlar. Dünya dərəbəylikdir?! Bu bölgə həssas bir bölgədir. Müharibədən yeninə çıxıb. Onun yaralarını sağaltmaq əvəzinə, bu bölgəyə yeni yaralar vurmaq, yenidən silah çəkmək cəhdləri ciddi bir avantüradır. Azərbaycan tərəfindən bu cür mövqe qətiyyən pislənilir. Fransanın bu işlərə qarışmağa mənəvi haqqı yoxdur. Əgər sülhyaratma prosesinə töhfə vermək imkanı yoxdursa, heç olmasa bölgədə yavaş-yavaş formalaşmaqda olan sülhyaratma prosesinə əngəl olmasın”.

Qeyd edək ki, Fransada 60-dan çox senator, deputat və ərazi orqanlarının nümayəndəsi Fransa hökumətinə müraciət edərək “Dağlıq Qarabağa dəstək” verilməsini tələb ediblər. Müraciətdə həmişəki kimi, Azərbaycanın ünvanına əsassız ittihamlar səsləndirilib və ermənilərin guya “etnik təmizləməyə” məruz qaldığı iddia olunub. Onlar Makronu Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar qəbul etməyə çağırıb.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR