İnsanlara hürriyət, millətlərə istiqlal!

Şapkanın günlüyü - Zamin Hacı YAZIR...

330 26.07.2026 16:03 Yazarlar A A

 

Şəkidə zarafat var, deyir bizdə yalnız bir nəfərə ayama qoşmamışıq, o da Saqqal Süleymana.

Təkcə o bölgə deyil, Azərbaycanın hər yerində ləqəb, ayama qoşmaq dəbi vardır. Bugünlərdə bank-maliyyə sektoruna və broyler-quşçuluq sisteminə aid bir topa adamı dövlətin pulunu mənimsəmək üstündə tutub basıblar içəriyə, onların isə “Şapka Mamed” adlı şəxsin adamları olmağı söylənilir.

İş, prinsipcə, görünməmiş iş deyil və biz bunu müstəqillik dövrümüzdə bəlkə milyonuncu kərə yaşayırıq. Cinayətin qısa məzmunu isə belədir ki, saxta şirkətlər, banklar açırsan, xalqa xidmət göstərmək, kənd təsərrüfatını, sənayeni, ümumiyyətlə, özəl sektoru canlandırmaq yerinə dövlətin, xalqın cibinə girirsən. Necə deyərlər, xalq gedir kabab iyinə, axırda görür eşşək dağlayıblar. “Beynəlxalq Bank”ın əski müdiri Canik müəllimdən “Xəzər adaları” fırıldağının banisi Həci İbrehimə qədər çox adamlar bu “işlə” məşğul olmuşdur.

Yüz milyonlarla, milyardlarla dövlət pulunu kredit adıyla ələ keçirən bu qanunsuz dəstələrin sonu olacaqmı? Yox. Mən sizə acı təəssüflə bildirim ki, bu işdə son görünmür, çünki əgər xalq öz puluna nəzarət eləmirsə, oğrular onu niyə qapazlamasın? Yenə ata sözünə müraciət etsək, oba yiyəsiz olanda donuz təpəyə çıxır. (Bu məsəlin lap hərfi şəklini biz uzun illər Qarabağ təpələrində canlı görmüşdük).

İndiki “aqrarkredit lotuları” hətta əvvəlkilərə nisbətən elə çox çırpışdırmayıblar, deyəsən 100 milyon manatdan söhbət gedir. Məsələn, Canik müəllim faktiki “Beynəlxalq Bank”ın dibinə çatmışdı. Rəsmi ittihamda 4 milyard dolların yeyildiyi deyilmişdi. Bir növ, Şapka Mamedin adamları xırda-xuruşla məşğul olub.

Bəs yazımızın girişinə qayıtsaq, bu yoldaşın ismi-şərifinə qoşulan “Şapka” ayamasının mənası nədir? Bəlkə o, Lenin kimi şapka qoyurmuş? Elə bir fotosuna rast gəlmədik. Məşğul olduğu bank-maliyyə sektorunda isə “şapka” sözü başqa mənada işlənir. 90-cı illərdən bəri, bizdə bu “termin” hansısa iqtisadi əməliyyatda yeyintinin məbləğini bildirir. Misal üçün, dövlət büdcəsindən pul götürüb guya broyler fabrikinə investisiya edirsən, bu zaman işin real dəyəri 10 milyondursa, kağızda 12 milyon yazılır, 2 milyon burda olur işin, bakılılar demişkən, “şapkəsi”. Həmin pul əlaqədar dövlət orqanları ilə də bölüşdürülür, hamı razı qalır.

Yəni, bu şapkanın günlüyü altında daldalanan krısalar adətən bir sürü olur. Elə ona görə belə oğurluqların üstünü açmaq çətinlik yaradır. Alaq otunu dartırsan, görürsən kökləri hər yerə yayılıb, metastaz verib, çox eşələsən bostanın faydalı bitkiləri də çıxır, əlində qalır...

Ancaq, şübhəsiz, bu cür fəaliyyətlərdə şapkanı yan qoyub gəzmək müddətlidir. Bir gün tez, bir gün gec, əlaqədar orqanlar hamının qapısını döyür. (Bezdirici çıxsın deyə, “şapkasını əlindən alıb qaçır” yazardım, oxuculara hörmətimə görə dayanıram, qapı təşbehinə keçirəm).

Təbii ki, təqsirsizlik prezumpsiyasına görə hazırda Şapka Mamed günahsızdır, onun əleyhinə nəsə yazmaq düzgün deyil. Bəlkə sabah məhkəmə tam bəraət qərarı verər, ləqəbin də məsum bir səbəbi ortaya çıxar. Məsələn, dahi sənətkarımız Üzeyir Hacıbəylinin satirik imzalarından biri “Anaş qurbağa” olub, indi buna əsaslanaraq kim iddia edə bilər ki, bəyin felyetonları quruldamaq imiş? Ancaq nadan belə fikrə düşər.

Yaxud, mən institutda oxuyanda bizdə bir müəllim var idi, bizim hazırkı Şapka müəllimin adaşıydı, hamı ona “Kapitalist Mamed” deyirdi. Sovetin vaxtında belə ayama qazanmaq prinsipcə, inanılmaz idi. Ya adam ancaq pulla “işlədiyi” üçün, ya da sovet-sosialist iqtisadi sistemini bəyənmədiyi üçün belə ləqəb qazanmışdı. Hətta daha ekzotik bir səbəb də eşitmişdim: deyirdilər Mamed müəllim xarici görkəmcə sovet mətbuatındakı kapitalist karikatura obrazına oxşayır.

Hansı doğru idi, Allah bilir...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR