İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan üçün yeni mərhələ: Aİ rəhbərinin səfəri nə vəd edir?

592 24.06.2026 10:38 Siyasət A A

“Avropa İttifaqı və Ermənistan arasındakı münasibətlərdə yeni mərhələyə 2021-ci ildən sonra keçid edilib. 2024-cü il xüsusilə diqqətəlayiqdir”.

Bu fikirləri Musavat.com-a beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin Ermənistana gözlənilən növbəti səfərini şərh edərkən bildirib.

SEHLA SON.jpeg (147 KB)

Ekspertin fikrincə, 2024-cü ildə Aİ-Ermənistan rəsmilərinin 5 aprel Brüssel görüşü Ermənistana bir sıra vədlərin rəsmi ifadəsi idi:

“Strateji dönüş nöqtəsi məhz bu görüşdə əks olunurdu. Bundan sonra Aİ-nin Ermənistan üçün viza liberallaşması üzrə dialoqa, Ermənistana genişmiqyaslı yardımlara start verildi, Ermənistan üçün dayanıqlı inkişaf planı hazırlandı, 2025-ci ilin sonunda bu planı realizə etmək üçün Aİ-Ermənistan Strateji Gündəliyi qəbul olundu. 7 iyun seçkilərindən bir neçə gün öncə Aİ-Ermənistan sammiti keçirildi. Başqa sözlə, münasibətlər gedərək dərinləşdirilir. Lakin Ermənistanın Aİ-yə yaxın periodda üzvlüyü real deyil. Marta Kos Avropa İttifaqının genişlənməsi və namizəd ölkələrlə münasibətlərə cavabdehdir. Lakin Ermənistanın rəsmi namizəd statusu yoxdur. Kosun Ermənistana növbəti səfərdə iştirakı Aİ-Ermənistan münasibətlərinin yeni mərhələsi çərçivəsində qiymətləndirilə bilər. Lakin bu, Ermənistanın Aİ üzvlüyünə namizəd olması demək deyil. Məqsəd Ermənistanla daha dərin siyasi və iqtisadi inteqrasiya, təhlükəsizlik əməkdaşlığı və vizasız rejimlə bağlı dialoqun inkişafıdır. Xüsusilə seçki dövründə Ermənistana artan Rusiya təzyiqləri fonunda Ermənistan məhsullarının Avropa bazarına necə asan yol tapdığını müşahidə etdik. Proses inkişaf etdirilə bilər”.

Ekspert xatırladıb ki, Kos ötən ilin sentyabrında Azərbaycana, hətta Qarabağa, Ağdama səfər edib:

“Bu görüşdə Kos Trans-Xəzər layihələrinin əhəmiyyətindən danışmışdı. Avropa hazırda Gürcüstan və Ermənistana 500 milyon dollarlıq yatırımı özündə ehtiva edən Qafqaz Ötürücü Şəbəkəsi Layihəsini həyata keçirir. Bu, region ölkələrinin enerji baxımından Rusiyadan asılılığının azaldılması ilə yanaşı daha geniş anlamda Aİ-nin enerji təhlükəsizliyinə xidmət edir. Trans-Xəzər Yaşıl Enerji Dəhlizi bu layihəni tamamlayan əsas amildir. Yəni Azərbaycanın enerji resursları ilə yanaşı Xəzərin imkanları Avropanın gələcək enerji təhlükəsizliyində həyati əhəmiyyətə malikdir. Odur ki, Avropa Azərbaycan və Ermənistan arasında sülh və regional kommunikasiyaların açılmasında əsas olaraq enerji əməkdaşlığının qlobal komponentinə fokuslanır. Bu çərçivədə Aİ-nin Ermənistanla əməkdaşlığı sadəcə regional sülhə deyil, həm də öz təhlükəsizliyinə xidmət edir. Gələcək perspektivdə Ermənistanın Azərbaycanla iqtisadi qarşılıqlı bağlılığının daha çox assimmetrik olması milli maraqlarımızın qorunmasına xidmət edə bilər. Əks təqdirdə qlobal layihələrdə iştirak ilə hərbi və iqtisadi baxımdan qüvvətlənməsi Ermənistana ehtiyatlı sülh çərçivəsində yanaşmanı vacib edir”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR