İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənilər Kəlbəcəri hər gün atəşə tutur - birdəfəlik susdurmağın yolu...

686 14.07.2022 09:40 Gündəm A A

Hərbi ekspert: “Növbəti atəşkəs pozulması zamanı onlara elə dəhşətli zərbə endirmək lazımdır ki, Azərbaycanın xəbərdarlıqlarının söz olaraq qalmadığına əmin olsunlar”

Ermənilər Kəlbəcəri son aylarda demək olar ki, hər gün atəşə tuturlar. Hazırda Kəlbəcərə fermerlərin köçü davam edir, rayonda böyük quruculuq-abadlıq işləri başlayıb. Ermənilər isə bu rayonda daim səksəkəli vəziyyət yaratmaq üçün atəşkəsi pozurlar.

İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan növbəti dəfə atəşə tutub.

10 noyabr Üçtərəfli Razılaşmanı pozmağı ermənilər artıq adət halına çeviriblər. Rusiya məsul tərəf kimi bu məsələlərə dair susqunluq nümayiş etdirir.

Ermənilər isə Azərbaycan tərəfindən dəfələrlə edilən sərt xəbərdarlıqlara məhəl qoymurlar. Belə bir vəziyyətdə Azərbaycan tərəfi nə etsin? Ekspertlər ilk belə təxribatlar olanda təklif edirdi ki, əgər ermənilər atəşkəsi pozmağa son qoymasa, onların atəş açdıqları məntəqəni tamamilə darmadağın etmək lazımdır. Bunun zamanı çatıbmı? Azərbaycan bunu etsinmi? Etsə, yaranan və xeyrimizə olan status-kvo pozula bilərmi?

Erməniləri təxribatlara sövq edən Rusiyadır

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın Kəlbəcər istiqamətində az qala hər gün atəşkəsi pozması, hücum cəhdləri etməsi ilk növbədə İrəvanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı açıq-aşkar pozması, onun tələblərini ayaq altına atmasıdır: “10 noyabr üçtərəfli bəyanatının 4-cü maddəsinə istinadən, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılır və paralel olaraq bu ərazilərdə Rusiya sülhməramlı kontingenti yerləşdirilir, həmçinin bu bəyanatın tələbinə görə tərəflər atəşkəsə əməl etmək öhdəliyi götürürlər. Lakin gəlin görək, Ermənistan bu tələblərə əməl edirmi? Qətiyyən etmir. Azərbaycanın dünya tərəfindən də tanınan ərazilərində Ermənistan silahlı birləşmələrinə aid silahlı birliklər hələ də saxlanır, Ermənistan silahlı qüvvələri az qala hər gün atəşkəsi pozurlar. Kəlbəcər rayonu istiqamətində xüsusilə bu cür hallar yaşanır. Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinin üçtərəfli bəyanatın müddəalarını pozduğunu, o cümlədən qanunsuz silahlı birləşmələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını bəyan etsə də bu etiraz və xəbərdarlıq tipli bəyanatlardan Ermənistanın nəticə çıxarmadığı göz önündədir. Biz bəyanat verdikcə, onlar atəşkəs rejimini daha intensiv pozurlar. Deməli, Ermənistan sülh istəmir, İrəvanın sülh danışıqlarında iştirakı, sadəcə, vaxtı uzatmaq və imitasiyadır. Azərbaycan münaqişə sonrası mərhələdə münasibətlərin normallaşması və sülh quruculuğu istiqamətində addımlar atır, qarşılığında nə görür? Ermənistan bölgədə sülh yox, gərginlik yaratmaq marağını açıq şəkildə nümayiş etdirir. Ermənistanın addımları İrəvanın sülhdən danışmasının riyakarlıqdan başqa bir şey olmadığını göstərir, həmçinin Ermənistan tərəfinin təcavüzkar siyasətindən əl çəkmədiyini, xəbərdarlıqlara məhəl qoymadığını nümayiş etdirir”.

Ekspert qeyd etdi ki, Ermənistanın 44 günlük müharibədən nəticə çıxarmadığı atıq tam şəkildə ortadadır. Rus sülhməramlılarının bölgədə yerləşməsi onlarda bir arxayınlıq yaradıb və bu arxayınlığın təsiri altında Kəlbəcəri Ermənistan istiqamətindən atəşə tuturlar. Azərbaycan Ermənistana yanlış düşüncələrə qapıldığını sübuta yetirməlidir, xəbərdarlıqlardan konkret sərt cavab tədbirlərinə keçməyin, onları susdurmağın zamanı çatıb: “Ermənistan hakimiyyəti və cəmiyyətinə sübut etməliyik ki, arxayın olmaları əbəsdir, kimsəyə arxayın olmasınlar. Növbəti atəşkəs pozulması zamanı onlara elə dəhşətli zərbə endirmək lazımdır ki, Azərbaycanın xəbərdarlıqlarının söz olaraq qalmadığına əmin olsunlar. Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələr günü Kəlbəcərdə komando briqadanın döyüş bayrağının təqdim edilməsi tədbirində bir daha sərt şəkildə bəyan etdi ki, dəmir yumruq yerindədir. Ermənilər Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmamağın bədəlinin ağır olduğunu 44 günlük müharibədə yaşayıblar. Bu xəbərdarlıq da boşuna deyil. Azərbaycan ərazilərindəki erməni silahlı birləşmələrini bu günə qədər Ermənistan çıxarmayıb. Deməli, işğalçıya növbəti dərsi verməyin vaxtıdır. Ermənilərin bütün atəş nöqtələri sarsıdıcı zərbə ilə məhv edilməlidir. Atəşin Ermənistan ərazisindən açılması Kəlbəcərin atəşə tutulması nümunəsində ortadadır. Həmin atəş nöqtələri darmadağın edilməlidir. İnanın ki, biz bunu etməyincə onlarda yaranan arxayınlıq daha da artacaq və daha da azğınlaşacaqlar. Azərbaycan Ordusunun kifayət qədər gücü var ki, qısa müddətdə Ermənistana gərəkən dərsi versin. Beynəlxalq konvensiyalar, qanunlar da Azərbaycana öz ərazisini xarici hücumlardan müdafiə etmək hüququnu verir. İrəvan əmin olmalıdır ki, növbəti hərbi qarşıdurma Azərbaycanın tarixi əraziləri olan Ermənistan ərazisində olacaq və Ermənistanın daha böyük faciəsi onda başlayacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR