Türkiyənin xarici işlər naziri Hakan Fidan Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı danışıb.
"Bildiyiniz kimi, iyunun əvvəlində Ermənistanda seçkilər keçiriləcək. Bu, vacib bir addım olacaq, amma görürük ki, cənab Paşinyan hazırda ictimai rəy sorğularında liderlik edir. Biz onun bu məsələdəki konstruktiv rolunu səmimi qəlbdən dəstəkləyirik. Bu yanaşma, bu istək qorunub saxlanılmalıdır", - deyə o bildirib.
"Müasir İnkişaf" ictimai birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Musavat.com-a açıqlamasında bildirib ki, Türkiyənin Paşinyan və onun komandasına seçkilərlə bağlı verdiyi dəstək açıqlaması mövcud siyasi vəziyyətə uyğun, düşünülmüş və realist bir mövqedir.
"Biz dəfələrlə qeyd etmişik ki, Paşinyanın Ermənistanı Türkiyə–Azərbaycan tandemi ilə əməkdaşlıq xəttinə yönəltməsi onun siyasi gələcəyi baxımından perspektiv vəd edən əsas amillərdən biridir. Hazırda müşahidə olunan proseslər də göstərir ki, Paşinyan Türkiyə və Azərbaycanın yanında yer almaqda maraqlıdır.
Bu şəraitdə həm Ankara, həm də Bakı üçün Paşinyanın hakimiyyətdə qalması və siyasi xəttinin davam etməsi müəyyən mənada maraq doğurur. Məhz buna görə Türkiyənin səsləndirdiyi mövqeni doğru və məqsədyönlü taktika kimi dəyərləndirirəm. Hesab edirəm ki, bu bəyanat rəsmi Bakı ilə razılaşdırılmış şəkildə irəli sürülüb. Türkiyənin dəfələrlə vurğuladığı kimi, regional məsələlərdə Ankara və Bakı eyni mövqedən çıxış edir.
Bu yanaşma təkcə Paşinyana siyasi dəstək kimi yox, ümumilikdə bölgədə sülh gündəliyinə verilən dəstək kimi qiymətləndirilməlidir. Söhbət sülh sazişinin imzalanmasına, Zəngəzur dəhlizinin açılmasına, regionda uzunmüddətli sabitliyin təmin olunmasına yönəlmiş siyasi iradənin dəstəklənməsindən gedir.
Paşinyan bu mesajları düzgün oxumalıdır. Həm seçkiyə qədər, həm də seçkidən sonra indiyədək yürüdülən sülh yönümlü siyasətə sadiq qalmalı və son dövrlərdə formalaşdırdığı xətti ardıcıl şəkildə davam etdirməlidir".
Cavanşir Abbaslı
Musavat.com






