İnsanlara hürriyət, millətlərə istiqlal!

Əlində telefon böyüyən nəsil - Dövlət "like" yarışının qurbanları üçün...

769 20.06.2026 01:22 Ölkə A A

"Müasir dövrdə uşaqlar günün əhəmiyyətli hissəsini artıq küçədə, həyət və ya məktəbdə deyil, internetin müxtəlif platformalarında keçirirlər. Bu isə bir tərəfdən yeni biliklərə çıxış imkanı yaratsa da, digər tərəfdən uşaqları yaşlarına uyğun olmayan təsirlərlə üz-üzə qoyur. Məhz buna görə də rəqəmsal təhlükəsizlik məsələsi artıq təkcə ailələrin deyil, dövlətlərin də diqqət mərkəzindədir.

Bu səbəbdən Azərbaycanda qanunvericilikdə dəyişikliklər zərurəti yaranır".

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı Elnarə Akimova deyib.

O, qərarın müsbət tərəflərini bu cür izah edib: "Yeni qaydalara əsasən, 16 yaşına çatmamış şəxslər sosial şəbəkələrdə fərdi hesab yarada bilməyəcəklər. 16-18 yaş arasında olan yeniyetmələrin isə sosial media platformalarından istifadəsi valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında mümkün olacaq. Bu yanaşma ilk baxışdan müəyyən məhdudiyyət kimi görünə bilər. Lakin məsələyə daha geniş prizmadan baxdıqda burada əsas məqsədin qadağa deyil, qoruma olduğu aydın görünür. Çünki internet mühitində uşaqların üzləşdiyi risklər hər keçən gün daha da artır. Kibertəqib, şəxsi məlumatların oğurlanması, psixoloji zorakılıq, təhlükəli çağırışlar, aqressiv və ya manipulyativ məzmunlar artıq dünyanın əksər ölkələrində ciddi problem kimi qəbul edilir. Bəzən bir neçə saniyə ərzində yayılan məlumat və ya görüntü yeniyetmənin psixologiyasında uzunmüddətli izlər buraxa bilir. Sosial şəbəkələrdə əldə olunan bəyənmə və izləyici sayı uğrunda yaranan yarış da bir çox hallarda uşaqların emosional vəziyyətinə mənfi təsir göstərir".

Milli Məclis təmsilçisinin fikrincə, yeni dəyişikliklər valideynlərin məsuliyyətini də artırır: "Çünki uşaqların rəqəmsal təhlükəsizliyi yalnız qanunlarla təmin oluna bilməz. Valideyn övladının internetdə nə ilə maraqlandığını, hansı platformalardan istifadə etdiyini və kimlərlə ünsiyyətdə olduğunu bilməlidir. Mütəxəssislər hesab edirlər ki, rəqəmsal dövrdə valideyn nəzarəti yalnız qadağalarla deyil, daha çox maarifləndirmə və qarşılıqlı etimadla qurulmalıdır. Uşağa internetdən düzgün istifadə etməyi öyrətmək onu tamamilə internetdən uzaq saxlamaqdan daha effektiv yanaşmadır.

Qanunvericilik dəyişikliklərinin mühüm tərəflərindən biri də sosial şəbəkə platformalarının məsuliyyətinin artırılmasıdır. İndiyədək bir çox hallarda istifadəçinin yaşını müəyyənləşdirmək yalnız formal prosedur xarakteri daşıyırdı. Yeni yanaşma isə platformaların yaşın yoxlanılması mexanizmlərini təkmilləşdirməsini, azyaşlıların müdafiəsi üçün əlavə təhlükəsizlik tədbirləri tətbiq etməsini və qanunvericiliyin tələblərinə əməl etməsini nəzərdə tutur. Bu, rəqəmsal məkanın daha təhlükəsiz və məsuliyyətli idarə olunmasına xidmət edən vacib addımlardan biridir.

Dünya təcrübəsi də göstərir ki, bu sahədə tədbirlərin görülməsi artıq qaçılmaz zərurətə çevrilib. Son illərdə Avstraliya, Fransa, Norveç, İspaniya, Böyük Britaniya, ABŞ və digər ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsinə dair müxtəlif məhdudiyyətlər və nəzarət mexanizmləri tətbiq edilir. Bir çox ölkələrdə yaş təsdiqləmə sistemləri gücləndirilir, bəzi platformalar üçün xüsusi öhdəliklər müəyyənləşdirilir və uşaqların şəxsi məlumatlarının qorunmasına daha ciddi nəzarət edilir. Bu addımların hamısını birləşdirən əsas məqsəd eynidir: uşaqları rəqəmsal dünyanın risklərindən qorumaq.

Əslində məsələ yalnız bu günün təhlükəsizliyi ilə bağlı deyil. Burada söhbət gələcək nəslin sağlam inkişafından gedir. Bu gün internet məkanında qarşılaşdığı təhdidlərdən qorunan, rəqəmsal savadlılığı yüksək olan uşaq sabah daha məsuliyyətli vətəndaş, daha sağlam fərd kimi formalaşacaq. Buna görə də qəbul edilən yeni qaydalar təkcə hüquqi dəyişiklik deyil, həm də uşaqların gələcəyinə yönəlmiş sosial və mənəvi investisiya kimi qiymətləndirilməlidir.

Rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz hissəsidir və bu proses geri dönməzdir. Ancaq texnologiyanın inkişafı ilə yanaşı təhlükəsizlik mexanizmlərinin də gücləndirilməsi vacibdir".

Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR