İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünənə ehtiram, sabaha ümid – Azərbaycan öz enerjisini yeni hədəflərə tuşlayır

450 15.02.2024 16:02 Dünya A A

Hər bir seçkidən sonra mütləq yeni dövr açılır. Bir dövr qapanır və ortaya yeni tələblər, çağırışlar, yeni-yeni planlar, layihələr çıxır. Ayrıca istər-istəməz bu işləri görməyə mükəlləf olan kadrların sırası da yenilənir.

Dinamik iqtisadi inkişaf yolu keçən ölkələrin hamısında belə olub. Heç kəs köhnə qaydalarla, əskimiş planlarla və yıpranmış kadrlarla inkişaf etməyib.

Bu il fevral ayının 7-də keçirilən prezident seçkisi elə bir dövrə təsadüf edirdi ki, artıq ökəmiz üçün ağrı-acılı, təlatümlü bir dövr qapanmışdı. Azərbaycan öz ərazisinin 20 faizindən məhrum olan məmləkətdən sərhədlərini tamamilə bərpa etmiş, bağrındakı separatizm appendiksini cərrahi müdaxilə yolu ilə kəsib atmış, ərazi bütövlüyünü bərpa etməyə nail olmuş bir dövlətə çevrilmişdi.

Bu tarixi nailiyyəti əldə etdikdən sonra yerində saymaq, rahatlaşmaq olmazdı, bu, durğunluğa, tənəzzülə səbəb olardı.

Ona görə də dövlət rəhbərliyi öz qarşısındakı yeni üfüqlərə yeni mandatla, yeniləşən komanda ilə getmək qərarı verdi və artıq məsələnin texniki-təşkilati tərəfləri həll olunub. Bu gün-sabah Prezident öz komandasının yeni tərkibini elan edəcək. Bu tərkib köhnə komandanın heyətindən çox da fərqlənməyə bilər, ancaq dəqiq olan odur ki, yeni dövrdə onların qarşısına yeni hədəflər qoyulacaq.

Güclü ordu quruculuğunun, hərbi sənayenin inkişafının davam etdirilməsi qaçılmazdır. Məlum olduğu kimi, 2020-ci ilin payızında və 2023-cü ilin sentyabrında layiq olduğu ağır cəzanı almış, məğlubiyyətə uğramış Ermənistan revanş şövqündədir və vaxtaşırı bu ölkənin mediasında yeni silahların tədarük edilməsi, özünün modern silahlar istehsal etməyə başlaması barədə informasiyalar yayılır. Bu, o deməkdir ki, lap sabah iki ölkə arasında sülh sazişi imzalansa da, biz çomağı əlimizdən yerə qoya bilmərik. Ona görə də hərbi sənayenin inkişafının 2-ci mərhələsinin başlanması və bu sahədə xarici ölkələrdən asılılığın aradan qaldırılması şərtdir.

Bununla paralel, sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi hər zamankı kimi zəruridir, yeni sərhəd infrastrukturunun yaradılması vacibdir və bu, Azərbaycanı xarici risklərdən də qorumağa xidmət etməlidir.

Son illərdə baş verən hadisələr, xüsusilə də ölkə içində özünə rəğbət qrupları düzəldən və onları maliyyələşdirən xarici siyasi dairələrin ölkəmiz üçün həyati əhəmiyyət daşıyan dönəmlərdə ölkəmizə və xalqımıza xain mövqe tutmaları faş olandan sonra cəmiyyətin gözü xeyli dərəcədə açılıb. İndi xaricdən gələn ideoloji basqılara davamiyyət daha güclüdür. Bununla yanaşı, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə olunması işini davam etdirmək, bu zaman pafoslu sözlərdən əməli işlərə keçmək gərəkdir.
Gənclərə anladılmalıdır ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanması daha vacibdir və yeni nəslin bu dəyərlər əsasında böyüməsi onların öz gələcəyinin sabit, etibarlı və parlaq olması deməkdir.

İşğaldan azad olunmuş ərazilərin, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması istiqamətində işlərin davam etdirilməsi, yeni-yeni şəhər və qəsəbələrin inşası, bu bölgənin yenidən məskunlaşdırılması layihələr bütün ölkə üçün həyati əhəmiyyət daşıyır. Prezident İlham Əliyev öz çıxışlarında bu istiqamətdə görülən və görüləcək işlərdən danışarkən göz önündə misli görünməmiş tikinti-quruculuq işləri canlanır. Necə deyərlər, el yenidən xarüqələr yaratmalıdır – bu dəfə Qarabağda və Zəngəzurda.

Yeni əsrdə iqtisadi inkişafın əsas komponentlərindən biri də dövlət büdcəsinin neft-qaz resurslarından asılılığını azaltmaq olduğundan yeni trendlərə, innovasiyalara, texnoloji nailiyyətlərin tətbiqinə açıq olmaq lazımdır. Yüksək texnologiyalara üstünlük verilməsi vacibdir, bu sahədə kadr hazırlığına ehtiyac var və dövlət proqramı ilə xaricdə təhsil alan tələbələrin sayının ildən-ilə artırılması kadr potensialı formalaşdırmağa xidmət edir.

Yeni dövrün çağırışlarından danışarkən, sosial rifah və uğurlu sosial siyasətin davam etdirilməsinin zəruriliyindən, sosial problemlərin həlli istiqamətində görülən və görüləcək işlərdən, yoxsulluq və işsizliyin aradan qaldırılması ilə bağlı görülən işlərin davam etdirilməsidən yan keçmək mümkün deyil. Dövlətin bu xüsusda yeritdiyi siyasət şəhid ailələrini, müharibə iştirakçılarıni, aztəminatlı təbəqəni lazımınca əhatə edir. Onlara diqqət və qayğının artırılması ön planda olan hədəflərdəndir və hər bir sosial yönümlü dövlətin əsas prioritetlərindən biri bu olmalıdır.

Gözünü Azərbaycanın karbohidrogen ehtiyatlarının azalacağına dikənlər, bu faktorun ölkənin hərbi və siyasi qüdrətinə mənfi təsir edəcəyini düşünənlər hələ bir xeyli gözləməli olacaqlar. Xoşbəxtlikdən, ölkənin yerüstü sərvətləri zəngin olduğu kimi, yeraltı sərvətləri də kifayət qədərdir. Ənənəvi enerji sektoru daha da inkişaf edəcək, neft hasilatı və ixracı sahəsində sabitliyin qorunub saxlanacaq. Hazırda Azərbaycanın 8 ölkəyə təbii qaz ixrac edir və bu arealın genişləndirilməsi perspektivi var. Çünki “Abşeron”, “Ümid”, “Babək”, “Şəfəq”, “Asiman” və “Qarabağ” yataqlarının işə salınması üçün təkliflər dəyərləndirilir. “Azəri-Çıraq-Günəşli “yataqlarının dərin qatlarından hasil olunacaq təbii qaz dünya bazarlarına çıxarılacaq.

Azərbaycan yeni dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşdirici aktor kimi çıxış etmək əzmindədir. Ölkə olaraq əsas prioritetimiz türk dövlətlərinin daha sıx konsolidasiyasına nail olmaq, bu dövlətlərin arasında siyasi, ticari, ümumiyyətlə hərtərəfli əlaqələri inkişaf etdirməkdir. Azərbaycanın türk dövlətləri ilə qardaşlıq münasibətləri getdikcə daha dayanıqlı platformada, səmimi şəkildə davam edir. TDT qloballaşan dünyada yeni güc mərkəzinə çevrilməkdədir və bu Azərbaycanın da yaxından iştirakı ilə baş verəcək.

Azərbaycan öz inkişafının yeni mərhələsində islamofobiya və neokolonializm kimi qlobal mərəzlərə qarşı mübarizəsini davam etdirmək niyyətindədir. Başda Fransa olmaqla bəzi dövlətlər baş verən dövlətlərarası münaqişələrdə heç vaxt “haqlı tərəf-haqsız tərəf” seçimi etmir, bir qayda olaraq “bizə yaxın dövlət – bizə yad dövlət” ayrı-seçkiliyi edir, bu zaman ədalətsizliklərə yol verirlər. Azərbaycan bu tendensiyaya qarşıdır və dövlət rəhbərliyinin mesajlarından görünür ki, bu istiqamətdə heç kəsin qabağından qaçmaq söhbəti olmayacaq.

Yeni dövrdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəzərdə tutulur. Artıq Azərbaycan öz məqsədlərinə nail olub və heç bir dövlətin torpağında gözü yoxdur. Əgər Ermənistan da gözünü özgə torpağından çəkəcəksə, beynəlxalq hüquqa hörmət edəcəksə, sülh müqaviləsi imzalanacaq. Əksinə olacaqsa, Azərbaycanın hərbi, iqtisadi və insan resursu kifayət edir ki, özünü, öz təhlükəsizliyini lazımi effektivlikdə qorusun.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR