Dubay hökmdarı Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun qardaşı oğlu Şeyx Səid bin Məktum bin Rəşid Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı keçmiş gimnast Zeynəb Cavadlının üç qızı ilə birlikdə Dubay polisi tərəfindən saxlanıldığı iddia olunur.
Xarici KİV-in məlumatına görə, Zeynəb Cavadlının britaniyalı vəkili Devid Heyq müvəkkili və onun övladları ilə əlaqənin tamamilə kəsildiyini bildirib. Vəkilin sözlərinə görə, o, Cavadlı ilə sonuncu dəfə bir gün əvvəl danışıb, bundan sonra isə heç bir əlaqə saxlamaq mümkün olmayıb. Devid Heyq vəziyyəti son dərəcə narahatedici adlandıraraq iddia edib ki, Dubay polisi gecə saatlarında Cavadlının evinə basqın edib və onu üç qızı ilə birlikdə naməlum istiqamətə aparıb.
“Düşünürəm ki, Dubay polisi və dövlət təhlükəsizlik qüvvələri Zeynəbin evinə reyd keçirərək onu və uşaqlarını aparıblar”, - deyə vəkil bildirib.
Heyqin sözlərinə görə, qızına dəstək olmaq üçün Dubaya gələn Zeynəb Cavadlının anası evin qapalı olduğunu görüb. O, həmçinin qadının ölkədən çıxışına icazə verilmədiyini iddia edib.
Məsələnin mərkəzində uzun müddətdir davam edən övladların qəyyumluğu ilə bağlı məhkəmə çəkişməsi dayanır. İki ay əvvəl Dubay məhkəməsi Cavadlının üç qızını ataları Şeyx Səidə təhvil verməsi barədə qərar çıxarıb. Məhkəmə sənədində qərarın “zərurət yaranarsa, məcburi qaydada icra edilə biləcəyi” də qeyd olunub. Zeynəb Cavadlı daha əvvəl verdiyi açıqlamalarda övladlarının qəyyumluğunu qorumaq uğrunda mübarizə apardığını və müxtəlif təzyiqlərlə üzləşdiyini bildirmişdi. 2026-cı ilin aprel ayında yaydığı videomüraciətdə keçmiş milli gimnast göz yaşları içində Dubay polisinin uşaqlarını əlindən ala biləcəyindən qorxduğunu söyləmişdi. O, məhkəmə qərarlarına əsasən evinə basqın edilə və övladlarının zorla aparıla biləcəyi barədə bildirişlər aldığını açıqlamışdı.
Zeynəb Cavadlı ilə bağlı hadisə Dubay kral ailəsi ətrafında illərdir səsləndirilən mübahisəli iddiaları da yenidən gündəmə gətirib. Daha əvvəl Dubay hökmdarı Şeyx Məhəmmədin keçmiş həyat yoldaşı Şahzadə Haya ölkəni tərk edərək Böyük Britaniyada sığınacaq almışdı. Onun qızı Şahzadə Lətifə isə yaydığı videolarda azadlığının məhdudlaşdırıldığını iddia etmişdi. Devid Heyq bildirib ki, Zeynəb Cavadlı artıq Birləşmiş Millətlər Təşkilatına müraciət edib və məsələ ilə bağlı hüquqi prosedurlara başlayıb. Vəkil beynəlxalq təşkilatları təcili müdaxiləyə çağırıb.
“Daily Mail” nəşrinin məlumatına görə, səsləndirilən ittihamlarla bağlı Dubay Polisi və Şeyx Səidin vəkilindən münasibət öyrənilməyə çalışılsa da, indiyədək hər hansı rəsmi açıqlama verilməyib.
Şahanə Rəhimli
Musavat.com






