İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlətçiliyimiz növbəti sınaqdan çıxdı - Deputatdan ÖNƏMLİ AÇIQLAMA

804 05.12.2025 12:22 Siyasət A A

Aydın Mirzəzadə: “Onlardan bəzilərinin istintaq dövründə ölkədən qaçmaq istəmələri onu göstərir ki...”

“Ramiz Mehdiyev-Əli Kərimli birliyinin ifşa edilməsi göstərdi ki, Azərbaycan dövlətçiliyini necə də böyük bir təhlükə gözləyirmiş. Bu insanlar öz siyasi ambisiyaları üçün xarici dövlətlərin Azərbaycanın daxili işlərinə qarışmalarına çalışıblar. Bunlar qeyri-qanuni yollarla hakimiyyəti əldə etmək, dövlət quruluşunu dəyişmək üçün müxtəlif variantlar üzərində işləyiblər”. 

Hakim Yeni Azərbaycan Partiyasının parlament təmsilçilərindən olan Aydın Mirzəzadə ”Yeni Müsavat"a belə deyib. Onun sözlərinə görə,  dövlətçiliyimiz növbəti dəfə sınaqdan çıxıb: “Biri uzun müddət iqtidarda olub, amma çox məharətlə özünün iç dünyasını gizlədə bilib. O biri isə, elə əvvəlcədən vətənpərvərlikdən uzaq insan kimi tanınırdı. Onları birləşdirən hakimiyyət hərisliyi oldu. Görünən ondan ibarətdir ki, bunlar iqtidarda, hakim Yeni Azərbaycan Partiyasında özlərinə tərəfdar tapa bilmədilər. Bunlar çirkin fəaliyyətlərinin ifşa olunacağına inanmırdılar. Birinin idarəçilik təcrübəsi, o birisinin isə xarici anti-Azərbaycan mərkəzlərlə əlaqəsi bunları çox arxayın salmışdı. Onlardan bəzilərinin istintaq dövründə ölkədən qaçmaq istəmələri onu göstərir ki, doğrudan da bunların qorxacağı məqamlar var. Gültəkin Hacıbəylinin iki ay öncə Türkiyəyə qaçması, Cəmil Həsənlinin isə bir bəhanə ilə xaricə uçmaq istəyərkən saxlanılması çox mətləblərin üstünü açır. Hacıbəylinin məktub yazaraq Türkiyə hökumətinin onu təhvil verməməsi üçün təkidlə xahiş etməsi göstərir ki, onun da iştirakçısı olduğu, heç də xoş məram ifadə etməyən kifayət qədər işləri var. Bu gün Azərbaycan ictimaiyyəti bu məsələləri yaxından diqqətlə izləyir. Dövlətçilik və müstəqilliyimizin qorunması üçün hakimiyyətin gördüyü işlər dəstəklənir. Görünən odur ki, növbəti dəfə dövlətçiliyimizi sınaqdan keçirmək cəhdi başa çatdı. Dövlətçiliyimiz ayaqdadır. Müstəqilliyimizin kökü xalqımızın inamındadır”.

“Dövlət təhlükəsizliyi orqanlarının araşdırmaları çərçivəsində üzə çıxan faktlar bir sıra ciddi narahatlıqlara səbəb olur. Ramiz Mehdiyevlə əlaqəli qrupların yenidən fəallaşa biləcəyi, bu prosesdə bəzi müxalif qüvvələrin rolunun olması xüsusi diqqətlə izlənir”. Milli Məclisin deputatı Naqif Həmzəyev demokrat.az-a müsahibəsində  deyib. 

Deputat bildirib ki, AXCP uzun illərdir siyasi xəttini aqressiv və radikal ritorika üzərində qurub: “Əli Kərimli və partiya təmsilçilərinin bəzi çıxışları və davranışları çox vaxt dövlət maraqları ilə uzlaşmır. Onların beynəlxalq arenada Azərbaycanın mövqeyinə qarşı açıqlamaları, regional əməkdaşlıq təşəbbüslərinə qeyri-konstruktiv yanaşmaları və daxili sabitliyi hədəf alan davranışları buna misal sayıla bilər. Müasir təhlükəsizlik yanaşmaları risklərin vaxtında aşkarlanmasının vacibliyini önə çəkir. Dövlət qurumlarının mümkün təhdidləri erkən mərhələdə müəyyənləşdirməsi və adekvat addımlar atması ölkənin suverenliyinin qorunması baxımından mühümdür. Hazırkı geosiyasi şəraitdə xarici güclərin daxili qüvvələrdən istifadə etmə ehtimalı daim mövcud olduğundan, sabitliyin təmin edilməsi və qanunun aliliyinin qorunması strateji prioritet olaraq qalır”.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbayel Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs-qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunub.

“Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edilən isimlərdən biri də Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylidir. Onun ətrafında son günlərdə bəzi müəmmalar yaranmışdı. Əvvəlcə onun Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya edildiyi yöndə məlumatlar media orqanlarında getdi. Amma sonradan saxlanılma xəbəri təsdiq olunsa da, onun hələ də Türkiyədə olduğu bildirildi. 

Bildirilir ki, Gültəkin Hacıbəyli hazırda Türkiyənin İstanbul şəhərində, Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılır. O, bu barədə öz sosial media hesabında geniş açıqlama yayıb.

Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da gecə saatlarında kirayədə qaldığı mənzilə 4 polis əməkdaşı gəlib və onu heç bir hüquqi əsas göstərmədən məcburi şəkildə geri göndərmə mərkəzinə aparıblar. O bildirir ki, 25 sentyabrda Türkiyəyə, təhsil alan oğlunun yanına gəlib, üç aylıq vizası hələ bitməyib və üstəlik, iki illik oturum izni də mövcuddur. Öz ifadəsinə görə, Türkiyədə qaldığı müddətdə heç bir qayda pozuntusuna yol verməyib. G. Hacıbəyli yazır ki, hazırda onu “xarici terrorçulara tətbiq olunan G-82 maddəsi ilə” nəzarətdə saxlayırlar. Bu maddə adətən “ictimai təhlükəsizliyə təhdid yaradan şəxslərə” qarşı istifadə olunur və Türkiyədən deportasiyanı nəzərdə tutur. Onun iddiasına görə, hazırda Azərbaycana təhvil verilməsi üçün hazırlıq gedir.

Gültəkin Hacıbəylinin bildirdiyinə görə, məsələ artıq Avropa Məhkəməsinə çıxarılıb və vəkili vasitəsilə Türkiyədə də məhkəmə prosesləri başlayacaq. O, Türkiyə hakimiyyətinə müraciət edərək belə yazıb: “Azərbaycan hakimiyyətinin təzyiqləri ilə hüquqa zidd qərar qəbul etməyin. Mən 10 il Azərbaycanı Avropa Şurasında təmsil edən deputat olmuşam, siyasi fəaliyyətimdə heç bir qanun pozuntusu yoxdur. Məni ‘xarici terrorçu’ kimi deportasiya etmək yolverilməzdir”.

Gültəkin Hacıbəylinin açıqlamaları ilə yanaşı, diqqətçəkən çox ciddi  detal var: Əgər onun narahatlığı və hansısa çəkinəcəyi olmasaydı, Ramiz Mehdiyev ev dustaqlığına məhkum edildiyi günün ertəsi - yəni Mehdiyev işi açıq şəkildə genişlənməyə başladığı anda - Gültəkin Hacıbəyli Bakıdan çıxıb getməzdi. O, heç bir səbəb olmadan iki ay Türkiyədə qalmaz, bu qədər intizamsız hərəkət etməzdi.

Bu isə təbii şəkildə belə bir sualı gündəmə gətirir:

Görəsən, onun Azərbaycana dönməkdən imtina etməsinin arxasında hansısa hüquqi məsuliyyət doğuran səbəblər varmı?

Məlum olduğu kimi, Ramiz Mehdiyev işi ilə bağlı istintaqda həm siyasi müxalifətlə, həm də keçmiş yüksək çinli şəxslərlə bağlı müəyyən əlaqələrin araşdırıldığı bildirilir. Milli Şura daxilində bu məsələ ətrafında gərginliklər də diqqət çəkir. Bu fonu nəzərə alanda, Gültəkin Hacıbəyli özünü “tam günahsız” kimi təqdim etsə də, Azərbaycana qayıtmaqdan kəskin şəkildə yayınması əlavə suallar doğurur.

Hazırda Gültəkin Hacıbəylinin Türkiyədə saxlanılması, onun Azərbaycana təhvil verilməsi ehtimalı və bu prosesin mümkün siyasi-hüquqi nəticələri Azərbaycan mediasında ciddi müzakirə mövzusu olaraq qalır.

Onun açıqlamaları isə, məsələnin təkcə “hakimiyyətin təzyiqi” ilə deyil, özünün də hansısa məsuliyyətdən yayınmaq ehtimalı ilə bağlı olduğunu göstərən sualları daha da gücləndirir.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR