İnsanlara hürriyət, millətlərə istiqlal!

Dörd günlük Tovuz müharibəsi - Böyük Zəfərin Qaraqaya müjdəçisi

2267 14.07.2022 08:50 Gündəm A A

Azərbaycan Ordusunun düşmənin “dişini” sındırdığı iyul döyüşlərindən iki il keçir; deputat: “Tovuz döyüşləri ölüm-dirim savaşı idi”; QAT sədri: “Tovuz döyüşlərinin təcrübəsi olmasaydı, 44 günlük müharibədə qələbəmiz xeyli çətin olardı”

Ermənistanın Azərbaycana qarşı xain hücumu nəticəsində baş vermiş 2020-ci ilin iyul müharibəsindən iki il ötür. 2 il öncə - 12 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində qanlı döyüşlər baş verdi və ağır döyüşlər dörd gün davam etdi.

İyulun 12-si günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutdu. Düşmən layiqli cavabını aldı, geri oturduldu. Doğrudur, şəhidlər verdik- general Polad Həşimov və daha bir neçə yüksək rütbəli hərbçilərimiz şəhid oldular. Lakin bu proses Azərbaycanı ayağa qaldırdı, dirçəltdi və Vətən müharibəsinə hazırladı. Ağdam kəndindəki Qaraqaya yüksəkliyində şəhid olan hərbçilərimizin axan qanı Azərbaycana, yeni şəhidlik məktəbinə güc vermiş oldu. Bu, əslində bir neçə ay sonra başlayacaq Vətən müharibəsində böyük Zəfərin sonuncu ciddi xəbərçisi idi. Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Ordumuzun böyük Qələbəyə doğru irəliləməsi 2016-cı ilin dörd günlük Aprel döyüşlərindən, 2018-ci ilin uğurlu Günnüt əməliyyatından, 2020-ci il Tovuz döyüşlərindən keçdi və nəticə bütün dünyanı heyrətə saldı.

İldönümlə bağlı AZƏRTAC Tovuz döyüşlərinin xronologiyasını təqdim edib. Döyüşlərin birinci günündə - 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutub və hücuma keçməyə cəhd göstəriblər. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ciddi zərbə endirilib və o itki verərək geri oturdulub. Beləliklə, Ermənistan silahlı birləşmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Döyüşdə düşmənin hücumunun qarşısını alarkən ordumuzun üç hərbi qulluqçusu şəhid olub, beş nəfər isə yaralanıb. Ermənistan ordusunun şəxsi heyəti isə həmin döyüşlərdə çoxsaylı itki verib.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlardan, qumbaraatanlardan, snayper tüfənglərindən, minaatanlardan və digər artilleriya qurğularından da istifadə etməklə ordumuzun mövqelərinə, o cümlədən Tovuz rayonunun Ağdam kəndinə minaatanlardan yenidən atəş açıb. Düşmənin bu təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülüb. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin dəqiq atəşi ilə qarşı tərəfin dayaq məntəqəsi, artilleriya qurğuları, avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Bölmələrimizin endirdiyi sarsıdıcı zərbələr nəticəsində düşmən xeyli itki verib.

İyulun 13-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Bölmələrimiz düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə cəza tədbirləri görüblər. Təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərən qarşı tərəfin bu niyyətinin də qarşısı alınıb. Düşmən itkiləri barədə məlumatları gizlədib. Azərbaycan tərəfi heç bir ərazi itkisi verməyib.

Gərgin döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, çavuş Vüqar Sadıqov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, baş əsgər Elşad Məmmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Elçin Mustafazadə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu, əsgər Nazim İsmayılov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid oldu.

Ermənistanın hücumları nəticəsində rayonun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov qətlə yetirilib. Lakin onların qanları yerdə qalmadı, qisasları alındı.

Tovuz döyüşlərinin mühüm əhəmiyyəti xalqımızın Ali Baş Komandanın rəhbərliyi ilə düşmənə qarşı qəhrəmancasına döyüşən ordumuzla milli həmrəylik nümayiş etdirməsi idi. Belə ki, iyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc paytaxtımızda yürüş edərək Azərbaycan Ordusuna dəstəyini göstərib. Növbəti günlərdən başlayaraq, çoxsaylı azərbaycanlı gənc ordu sıralarına yazılmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə müraciət edib. Nazirlər Kabinetinin iyulun 15-də keçirilmiş iclasında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Əgər kimsə, hansısa vətənpərvər insan orduda xidmət etmək istəyirsə, mən bunu ancaq alqışlayıram” çağırışına səs verən minlərlə vətəndaşımız xidmətin yerli idarə, şöbə və bölmələrinə gələrək könüllü şəkildə orduda xidmət etmək barədə arzularını bildirib və müvafiq qaydada qeydiyyata alınıblar.

İyulun 16-da səhər mövqelərimizə yenidən hücum etməyə cəhd göstərən düşmən Tovuz rayonunun Ağdam, Dondar Quşçu və Vahidli kəndlərini iriçaplı silahlar və minaatanlardan atəşə tutub. Lakin qarşı tərəf yenə cavab atəşi ilə susdurulub.

İyulun 17-də Tovuz rayonu istiqamətində nisbi sakitlik olsa da, ümumilikdə gərginlik davam edib.

Tovuz döyüşlərindən 2 il ötür

Beləliklə, Azərbaycan Ordusunun yüksək peşəkarlığının daha bir örnəyi olan Tovuz döyüşləri zamanı Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhidlik zirvəsinə ucalıb və 1 mülki şəxs həlak olub. Bu döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edilib, döyüş texnikası sıradan çıxarılıb. Xalq bu döyüşlər zamanı şəhidlik zirvəsinə ucalan öz mərd, vətənsevər oğullarını böyük izdihamla son mənzilə yola salıb.

Qeyd edək ki, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər, eləcə də Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.

Tovuz döyüşləri başlayandan qardaş Türkiyə daim Azərbaycanın yanında oldu, bir an belə qayğısını, diqqətini əskik etmədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana “sonuna qədər dəstək veriləcəyini” bəyan etdi, bildirdi ki, bu, Ermənistanın “boyunu aşan təxribatdır”.

Türkiyənin müdafiə naziri Hulusi Akar da ölkəsinin Azərbaycanın yanında olduğunu bəyanladı. “Yuxarı Qarabağı haqsız və qanunsuz şəkildə işğal edən Ermənistan bu yaxınlarda Azərbaycanın Tovuz bölgəsinə boyunu və həddini aşan hücum gerçəkləşdirib. Azərbaycan bizim canımızdır. Bu ağrını dərindən hiss edirik. Bu mənfur hücumu ən ağır, şəkildə şiddətlə pisləyirik. Biz Türkiyə olaraq daim can qardaşımız Azərbaycanın yanında olmağa davam edəcəyik”, cənab Akar bildirdi.

Türkiyənin Müdafiə Sənayesi İdarəsinin direktoru İsmail Demir “PUA-larımız, silah-sursat və raketlərimiz Azərbaycanın əmrindədir”, bəyanatı ilə düşməni şaşırtdı.

Azərbaycan ordusunun düşmənin “dişini” qırdığı Tovuz döyüşlərinin qələbəmizdə oynadığı rolla bağlı ekspertlərimizini maraql fikirləri var.

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

 Arzu Nağıyev

Tovuz rayonunu təmsil edən deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Tovuz döyüşləri ən vacib bir necə məqamı ortaya qoydu: “İlk növbədə Azərbaycan-Ermənistan sərhədinin qorunmasının vacibliyini, bütün yüksəkliklərin strateji əhəmiyyətə malik olduğunu və bu istiqamətdə istehkamların qurulmasının strateji əhəmiyyətini göstərdi. Ermənilər cidd-cəhdlə məhz bu istiqamətdə təxribatlar törədir, atəşkəsi pozur, diversiya qrupları göndərməklə zəif bənd axtarırdılar. Bura dövlət sərhədidir, ona görə də onlar KTMT-ni, daha dəqiq desək, Rusiyanı bu çirkin siyasi oyunlara qatmağa çalışırdılar. Təbii ki, Bakı -Tiflisi - Qars dəmir yolunun ərazidən keçən hissəsini, neft kəmərlərini daima atəş altında saxlamağa cəhd edirdilər. Bütün bunların qarşısının alınması Tovuz döyüşlərinin nə qədər mühüm olduğunu göstərdi. Digər məsələ Ali Baş Komandan kimi İlham Əliyevin bir çağırışına nə qədər vətəndaşımızın səs verməsi xalqımızın vəhdətini göstərdi. Əsas məqamlardan biri də istər general, istər əsgərin, istərsə də adi vətəndaşın, məmurun, iş adamının, bütün sahələrdə çalışan vətəndaşlarımızın bir səngərdə olması idi. Təbii ki, peşəkar, rəşadətli Azərbaycan Ordusunun, milli kadrlarımızın, müasir texnikamızın, silahlarımızın olması da mühüm bir amil idi”. A.Nağıyev qeyd etdi ki, Tovuz döyüşlərindən 2 ay keçdikdən sonra başlayan, 44 günlük zəfər qələbəsi ilə başa çatan müharibənin də təməli məhz burada qoyuldu: “Başqa yol yox idi. Tovuz döyüşləri ölüm-dirim savaşı idi və onun qələbə ilə başa çatması çox mühüm idi. Ən mühüm amillərdən biri də 1988-ci ildən daim erməni təxribatı ilə üz-üzə olan sərhəd kəndlərinin sakinlərinin şücaəti oldu. Bu, əsgərlərimizə verilən ən böyük ruh yüksəkliyindən biri idi. Bütün bölgələrdən xalqın axını bir daha göstərdi ki, bu qələbə gələcək qələbələrimizin təməlidir. Çünki geriyə yol yox idi. Ermənilər bir daha başa düşdülər ki, Azərbaycan Ordusunun, xalqının, Ali Baş Komandanının qarşısında tab gətirə bilməyəcəklər. Buna görə də böyük itkilər verməklə geri çəkilməyə məcbur oldular”.

Deputat bildirdi ki, bu gün də bu istiqamətdə müəyyən təxribatlara əl atmağa cəhdlər olunur: “Lakin artıq onlar da başa düşürlər ki, heç bir müsbət nəticə əldə edə bilməzlər, çünki biz QALİB XALQIQ və bu adı daima saxlamaq üçün son qanımıza qədər vuruşmağa hazırıq!”

Akif Nağı da namizədliyini verəcək

Akif Nağı 

QAT sədri Akif Nağı bildirdi ki, Tovuz döyüşləri bir çox cəhətdən əhəmiyyətli rol oynadı: “Biz həmin döyüşlərin gedişinə dair Tovuz rayon şöbəsinin sədri rəhmətlik Tofiq bəydən və digər mənbələrdən məlumat alır, analiz edirdik. Sədrimiz Asif bəy birinci Qarabağ müharibəsinin qazisi,  ”Bozqurd" batalyonun komandir müavini idi. Hadisələrin içərisində idi, təəssüf ki, döyüşlərin son günündə ürəyi dayandı. Bizdə olan məlumatlara görə, vəziyyət o qədər də yaxşı deyildi, proses bizim üçün çox pis başlamışdı". A.Nağı dövlət başçısının prosesi çox düzgün qiymətləndirdiyini qeyd etdi: “Məncə, Prezident İlham Əliyev bu döyüşlərin gedişində çox şeyi nəzərdən keçirdi, o cümlədən ordunun döyüş vəziyyətini təhlil etdi, cəmiyyətin reaksiyasını yoxladı, xarici dövlətlərin və beynəlxalq təşkilatların münasibətlərini izlədi. Eyni zamanda düşmənin taktikası öyrənildi. Məhz bundan sonra düşünürəm ki, İkinci Qarabağ müharibəsi ehtimalı, düşmənə cavab verməyin vacibliyi ilə bağlı qərar qəbul edildi. Tovuz döyüşlərinin təcrübəsi olmasaydı, 44 günlük müharibədə qələbəmiz xeyli çətin olardı”.

63 yaşlı Qafar Çaxmaqlı: “Həmişə hər şeyi sıfırdan başlamışam” - MÜSAHİBƏ

Qafar Çaxmaqlı 

İrəvan Türk Cümhuriyyətinin başqanı, politoloq Qafar Çaxmaqlı da hesab edir ki, 4 günlük Tovuz döyüşləri 44 günlük müharibənin baş məşqi idi: “Azərbaycanın neft-qaz və digər kommunikasiya xətlərini tutmaq, Azərbaycanı çətin duruma salmaq planları iflasa uğradı və bir daha bu gerçəyi ortaya qoydu ki, ermənilərin nazı ilə oynamaq olmaz və onun dərsi verilməlidir. Tovuz döyüşlərində şəhidlər versək də qələbənin işartılarını gördük və ordumuz qəhrəmanlıq səhifələri yazdı”.

Q.Çaxmaqlının sözlərinə görə, əgər bu döyüşlərdə uğursuzluq olsaydı, 44 günlük savaşda qələbəni təmin edə bilməzdik: “Tovuz döyüşləri ilə bölgədə oyun quranların planları suya düşmüş oldu... Böyük zəfərə gedən yolda bu, həlledici faktor oldu. Bu döyüşlər Azərbaycanın hərb tarixində qəhrəmanlıq səhifəsidir”.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR