Türk sosial media fenomeni Dilan Polat ailəsi ilə birlikdə Alaçatıda tətildə olarkən silahlı hücuma məruz qalıb.
Otel otağında çətin vəziyyətdə qalan Dilan Polat sosial şəbəkədə canlı yayım açaraq kömək istəyib. Ağlayaraq yayımlanan videoda o, “Nə olar buraya polis, təcili yardım göndərin. Can Polatı vurdular. Allahım həyatımız zindan oldu artıq. Nə olursunuz otaqda qalmışıq hamımız” ifadələrini işlədib.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Dilan Polatın mühafizəçisi və həyat yoldaşı Engin Polatın qohumu Can Polat bütün tibbi müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Hücumdan sonra şübhəli hadisə yerindən qaçaraq izini itirib.
Məlumata görə, həyatını itirən Can Polat 4 qız övladı atası idi.
Hadisənin gedişatına dair yeni detallara əsasən, Polat ailəsi oteldən ayrılarkən Can Polat onların çamadanlarını avtomobilə yerləşdirən zaman hücum baş verib. Bu vaxt silahlı şəxs yaxınlaşaraq atəş açıb və daha sonra qaçıb.
Polis hadisə ilə bağlı genişmiqyaslı əməliyyat başladıb. Polat ailəsinin ifadəsi alınıb.
Səlahiyyətlilər hücumun şəxsi ədavət və ya yeni nəsil cinayət şəbəkəsi ilə bağlı olub-olmadığını araşdırır.
Qeyd edilib ki, təxminən bir il əvvəl Dilan Polatın başqa bir mühafizəçisi də silahlı hücum nəticəsində yaralanmışdı.
İzmir Valiliyinin açıqlamasına görə, Çeşmə rayonunda silah səsləri barədə məlumat daxil olduqdan sonra polis və təcili yardım qrupları hadisə yerinə yönləndirilib.
Açıqlamada bildirilib ki, Can Polat oteldən ayrılarkən silahlı hücuma məruz qalıb. Yaralı 112 təcili yardım briqadası ilə xəstəxanaya çatdırılıb, lakin həyatını itirib.
Hadisənin şübhəlisi olduğu bildirilən 2003-cü il təvəllüdlü S.A. qısa müddətdə silahla birlikdə saxlanılaraq nəzarətə götürülüb. İstintaqın çoxşaxəli və diqqətlə davam etdiyi qeyd olunub.//Demokrat.az






