İnsanlara hürriyət, millətlərə istiqlal!

DƏHŞƏT! Azərbaycandakı qəfil ölümlərin SƏBƏBİ... - Çin vaksini?

1466 31.07.2024 08:38 Yaşam A A

Professor: “Vaksinlərlə bağlı çox ciddi araşdırmalar gedir, yaxın vaxtda...”

Son aylar Azərbaycanda qəfil ölümlərin sayı xeyli artıb. Qəfil ölümlərin səbəbləri sırasında ürək-damar xəstəlikləri ilk yerdə göstərilir. Lakin bu tək səbəb deyil. Belə düşünülür ki, koronavirus əleyhinə vurulan peyvəndlər qəfil ölümlərin sayında artıma səbəb olub. Xüsusilə ölkəmizdə də tətbiq olunan Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin qəfil ölümlərə səbəb olduğu güman edilir.

Bəllidir ki, koronavirusun yayıldığı ilk zamanlardan peyvəndlərlə bağlı ən müxtəlif iddialar vardı. Qısa zaman ərzində bu peyvəndlərin hazırlanması və satışa çıxarılması insanlarda şübhə yaratmışdı. 

Həmçinin bir çox ölkələrdə peyvəndlərin yaratdığı əks-təsirlərə görə məhkəməyə müraciət edən şəxslər də olub. Almaniyanın “BioNTech” şirkəti tərəfindən istehsal olunan COVİD-19 peyvəndlərinin yan təsirləri ilə bağlı Almaniyada tibb işçisi iddia qaldırmışdı. Tibb işçisi iddia edirdi ki, peyvənd olunduqdan sonra onda ürək ritminin pozulması, bədəninin yuxarı hissəsində ağrı, qol və ayaqlarda şişkinlik, yorğunluq, yuxu pozğunluğu və beyininin “dumanlı olması” (zehni yorğunluq və çaşqınlıq növü) kimi problemlər ortaya çıxıb.

Qeyd edək ki, “Cardiovaskulyar Research” jurnalının 2023-cü ilin yanvar ayında dərc edilmiş son araşdırmasında 2020-ci ilin mart və noyabr ayları arasında (yəni peyvəndin hazırlanmasından əvvəl) COVİD-19-a yoluxmuş, əvvəldən ürək xəstəliyi olan və olmayan 7500-dən çox insan iştirak edib. Müəyyən olunub ki, yoluxmamış insanlarla müqayisədə bu qrupun ürək-damar xəstəliyinə tutulma ehtimalı təxminən 40% və sonradan 18 ay ərzində ölmə ehtimalı 5 dəfə çox olub. Şiddətli infeksiyası olan insanlar daha böyük risk altında olub. Həm qısamüddətli, həm də uzunmüddətli xəstəliyi keçirmiş şəxslər ürək və qan dövranı problemləri ilə daha yüksək risk altında olublar. Bunlar əsasən ürəktutmaları, ürək işemiyası, ürək çatışmazlığı və dərin damar trombozu (DVT) olub. Qeyd edək ki, bəzi sübutlar COVİD-19 infeksiyasından sonrakı həftələrdə diabetin də inkişaf riskinin artması arasında əlaqə olduğunu göstərir. Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatları göstərir ki, 2023-cü ilin fevral ayının sonuna qədər İngiltərə və Uelsdə COVİD-19 peyvəndinin  yan təsirləri səbəbindən 60 nəfər dünyasını dəyişib.  

Professor Peter Openşou qeyd edib ki, ölüm hallarının çox olmasının əsas səbəbi səhiyyəyə az sərmayə qoyuluşu, habelə kadr və çarpayı çatışmazlığı ilə bağlıdır. O, qrip, COVİD infeksiyası, respirator sinsitial virus (RSV) və rinovirusun birləşməsinin insult və ürək xəstəliklərinin artmasına səbəb olduğunu da söyləyib. 

Adil Qeybulla Halal dərman standartını şərh edib

Adil Qeybulla

Tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, peyvəndlərin təsiri ilə bağlı söz-söhbətlər artmaqdadır: “Əslində peyvəndlə bağlı tarix boyu müəyyən problemlər olub. Donuz qripinə qarşı Amerikada aparılan peyvəndləmə zamanı müəyyən problemlər olub. Əslində koronavirusun  yaratdığı problemlər çox ciddidir. Əgər peyvənd olmasaydı, biz pandemiyanın qarşısını ala bilməyəcəkdik. Pandemiyada infeksiya zəncirinin qırılmasında peyvənd xüsusi rol oynayır. Bunu nəzərə almaq lazımdır. Ayrı-ayrı həkimlərin açıqlamaları yox, nüfuzlu, mötəbər, Ümumdünya Səhiyyə Təşkilatının rəyini nəzərə aldığı beynəlxalq təşkilatlar, tibbi mərkəzlərin verdiyi rəylər əsas götürülməlidir. Koronavirusun törətdiyi fəsadlar və vaksinlərlə bağlı çox ciddi araşdırmalar gedir. Onların nəticələri yaxın vaxtda açıqlanacaq. Fikrimcə, bu məsələdə tələsmək lazım deyil. Bu fəsadlar, ölüm halları ən azı koronavirusun orqanizmdə törətdiyi təlatümlərlə bağlıdır”.

Kardioloq-Jale Abbasova - YouTube

Jalə Abbasova    

Bizimlə söhbətdə kordioloq Jalə Abbasova da deyib ki, son illərdə ürəktutmasından qəfləti ölümlərin yaranmasının əsas səbəbi koronavirusla bağlıdır: “Əvvəldən də qeyd edilirdi ki, COVİD-dən sonra qan-damar xəstəlikləri artacaq. Yəni COVİD-dən sağalmaq o demək deyil ki, insan tam sağlamdır. Baxın, nə qədər müddət keçib, ürəkdən ölümlərin sayı artıb. Ölümlərə səbəb vaksinlər deyil. Təəssüf ki, məhz Azərbaycanda tibb bacıları evdə "həkimlik" edib əksər xəstələrə sistem köçürdülər. Xəstə COVİD-dən sağaldı, amma onun ağırlaşmalarını biz kardioloqlar gördük. Cavan adam gəlir ki, təngnəfəsdir. Məlum olur ki, COVİD-ə yoluxub, evdə müalicə alıb, ağır sistemlər vurulub, ürəyin gücü 15 faizə düşüb. Çox təəssüf ki, COVİD ağırlaşmaları və onların düzgün müalicə olunmamasının indi acı nəticələrini görürük. Bu yalnız bizdə oldu ki, tibb bacıları müalicə yazırdı, insanlar da elə inanırdılar ki. Həmin evdə müalicə nəticəsində ağırlaşmaların əksəriyyətinin qarşısını aldıq. Çox belə xəstə qəbul etdik. Azərbaycanda ölümün ən əsas səbəbi də budur. Hazırda COVİD olmasa da, onun dəyişmiş formaları var. Amma yenə də soruşursan, deyirlər sistem edirik. Sistemdə “Kokarboksilaza”, “Riboksin”, natrium-xlor. Kokarboksilaza, “Riboksin” artıq dünya səhiyyəsində yoxdur. Xəstələnmisiniz, hərarət var, həkimə müraciət edin. İlk növbədə terapevtə gəlsinlər. Bundan sonra qan analizi götürülür, kardioloqa göndərilir, EKQ, EXO da olunur. Müayinələr normal olarsa, lakin şikayət davam edərsə, digər kardioloji müayinələr davam etdirilir. İndi İcbari Tibbi Sığorta var, xəstələr pulsuz müayinələrdən keçə bilir. Dövlət bu şəraiti yaradıb. Yalnız düzgün həkimə müraciət etmək qalır. Problemlərdən biri də odur ki, təzyiqdən əziyyət çəkən qadınlarımız, kişilərimiz dərmanlarını qəbul edirlər, təzyiq normal olan kimi qəbul etmirlər. Sonra da şikayətlə gəlirlər ki, dərman təsir etmir. Ya da deyirlər həkim pisdir. Təzyiq dərmanını hər gün qəbul etmək lazımdır. Çünki infarkt, insult, ürək çatışmazlığı yaranır. Xolesterini çox olan xəstələr zəncəfil içirlər, amma xolesterin çoxdursa, buna o bitki təsir etməyəcək, buna mütləq dərman lazımdır. Təmiz havada gəzmək lazımdır, bəzən insanlar deyir, evdə gəzirik. Xeyir, havada olmaq, gəzmək lazımdır ki, damarlara oksigen gəlsin, yağların parçalanması sürətlənsin, enerjiyə çevrilsin. Çörəyi yemirlər, amma şirniyyatı yeyirlər, bunlar da un məmulatı sayılır axı. Şəkəri olan xəstələr kardioloqa getmirlər. Yalnız diabetlər üçün dərman qəbul edirlər. Onlar qan durulaşdırıcı, xolesterin dərmanlarını qəbul etməlidirlər. Dünyada qəbul olunmuş protokol var. Qidalanma mütləq düzgün olmalıdır. Xüsusilə 40 yaşından sonra qidalanmaya fikir verilməlidir, duzlu qidalardan, şirniyyatlardan uzaq durmaq lazımdır".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR