Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç bülletenlərin 100%-i hesablandıqdan sonra 74,68% səs toplayıb və seçkilərin ikinci turunda qalib gəlib.
Bu barədə ölkənin Dövlət Seçki Komissiyasının məlumatında deyilir.
Milanoviç seçki qərargahında “Mən bunu son 5 ildəki fəaliyyətimin təsdiqi, mənə olan inamın əlaməti kimi qəbul edirəm” deyib.
Onun ikinci turdakı rəqibi, qərbyönlü kursun tərəfdarı olan və hazırkı prezidenti Xorvatiya üçün təhlükə adlandıran keçmiş təhsil naziri Draqan Primorak artıq məğlubiyyətini etiraf edib:
“Xorvatiya vətəndaşları qərarını verib və biz onların qərarına hörmət etməliyik”.
Qeyd edək ki, Milanoviç 2020-ci ilin fevralından prezident vəzifəsini icra edir. O, əvvəllər Xorvatiya Sosial Demokrat Partiyasına rəhbərlik edib. Milanoviç dəfələrlə Ukraynanı tənqid edərək, onu dünyanın ən korrupsiyalaşmış ölkəsi adlandırıb, Avropa İttifaqı və NATO-nun Kiyevə yardımına qarşı çıxıb.
Rusiyanın RBK kanalı xatırladır ki, prezident mütəmadi olaraq baş nazir Andrey Plenkoviçlə toqquşur. Hətta hazırkı prezident Xorvatiyanın NATO-nun NSATU (Ukraynaya Təhlükəsizlik və Təlim Yardımı) proqramında iştirakına qarşı çıxanda o, Milanoviçi “Putinin pudeli” adlandırıb. Hökumət bu proqramda iştirak qərarını parlamentdən keçirə bilmədi. Hazırda Xorvatiya və Macarıstan NSATU-da iştirakdan imtina edən, NATO üzvü olan yeganə Aİ üzvüdürlər.
Ümumiyyətlə, Zoran Milanoviçin NATO ilə bağlı fikirləri birmənalı deyil və bəzən mübahisəli olub. Xorvatiya prezidenti kimi o, NATO-nun üzvü olan ölkəsini dəstəkləsə də, bəzi hallarda alyansın fəaliyyətini və qərarlarını tənqid edib. Onun fikirləri əsasən regional təhlükəsizlik məsələləri, Qərbi Balkanlar, Ukrayna münaqişəsi və NATO-nun genişlənməsi ilə bağlı olub. Milanoviç NATO-nu Xorvatiyanın təhlükəsizliyi üçün mühüm alyans hesab edir, lakin o, bəzən NATO-nun qərarlarının region üçün balanslı olmadığına dair narahatlıqlarını ifadə edib.
O, Ukrayna ilə bağlı NATO-nun fəaliyyətinə ehtiyatla yanaşıb və bəzi hallarda Rusiya ilə münaqişənin daha çox diplomatik yollarla həll edilməsini müdafiə edib. Milanoviç Ukraynanın NATO-ya üzvlüyü məsələsində ehtiyatlı yanaşmağın tərəfdarı olduğunu, bunun Avropada gərginliyi artıracağını bildirib.
Milanoviç xüsusilə Finlandiya və İsveçin alyansa qoşulması məsələsində Xorvatiyanın milli maraqlarının nəzərə alınmasını tələb edib və Qərbi Balkanlardakı məsələlərin həll edilməsinin prioritet olduğunu qeyd edib. O ki qaldı regional məsələlərə, Milanoviç hesab edir ki, NATO daxilində Xorvatiyanın maraqlarını qorumağın vacibliyini vurğulayır və xüsusilə Bosniya və Herseqovinadakı vəziyyətlə bağlı Xorvatiyanın mövqeyinin nəzərə alınmasını istəyir.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Avropa ölkələrində rusiyameylli şəxslərin hakimiyyətə gəlməsi müəyyən problemlər yaradır:
“Avropa İttifaqı, yaxud NATO ölkələrində, söhbət daha çox Şərqi Avropa və Mərkəzi Avropa ölkələrindən gedir, rusiyameylli şəxslərin hakimiyyətə gəlməsi alyans üçün müəyyən problemlər yaradır. NATO və Avropa İttifaqında qərarlar konsensus yolu ilə qəbul edilir. Macarıstanın yardımla bağlı mövqeyinin ləngiməyə səbəb olduğunu xatırlatmaq yerinə düşər. Aydın məsələdir ki, hər iki təşkilatda lider dövlətlər var ki, sonda maraqlarına uyğun nəticələr əldə edə bilirlər. Buna baxmayaraq, rusiyameylli yaxud Qərbə qarşı olan şəxslərin hakimiyyətdə olması ümumilikdə prosesə mənfi təsir göstərir. Xüsusilə, son illərdə Avropa, ABŞ-də ultrasağ, radikal cərəyanlar xeyli populyarlaşıb, radikal sağçılar seçkilərdə kifayət qədər səs toplayırlar. Onların əksəriyyəti isə Rusiyaya loyal yanaşır. Bu da Qərb dövlətləri üçün problemlər yaradır. Xüsusilə, Qərb dövlətlərinin Rusiya ilə münasibətlərinə, strategiyaya mənfi təsir göstərir”.
M.Məmmədlinin fikrincə, məsələyə Rusiya-Ukrayna müharibəsi kontekstində yanaşdıqda vəziyyət daha həssasdır:
“Rusiya-Ukrayna müharibəsi yekunlaşmayıb, hansı nəticələrlə yekunlaşacağı bəlli deyil. Cəbhədə son aylarda taktiki olaraq Rusiya üstün vəziyyətdədir. Ancaq bunun strateji qələbəyə gətirib çıxarıb-çıxarmayacağı qeyri-müəyyəndir. Belə bir məqamda müəyyən Qərb dövlətlərində rusiyameylli şəxslərin qalib gəlməsi müəyyən problemlər yaradır. Bu tendensiyaya çevrilsə, problemlər daha qabarıq formada üzə çıxacaq”.
Nigar HƏSƏNLİ,
Musavat.com