İnsanlara hürriyət, millətlərə istiqlal!

CHP Türkiyə-Azərbaycan qardaşlığından niyə narahatdır – Aykut Erdoğdunun iddialarında “beşinci kolon” izi

2290 03.02.2022 15:40 Gündəm A A

Azərbaycan-Türkiyə qardaşlığından, iki dövlətın vahid maraqlar üzərində siyasət yürütməsindən, İkinci Qarabağ Savaşındakı dəstəkdən və ondan sonrakı dönəmdə münasibətlərin daha da dərinləşməsindən dünyada ciddi narahat olan güclərin mövcudluğu şübhəsizdir. Bəziləri bunu açıq şəkildə etiraf da edir. Biriləri isə hiyləgərcəsinə, kəmfürsətcəsinə Türkiyə-Azərbaycan qardaşlığına zərbələr vurmaq üçün planlar üzərində düşünürlər.

Hazırda olduqca mühüm və tarixi bir dönəmdir, günlərdir: Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi parlamentlərdə ratifikasiya olunmaqdadır. Daha dəqiqi, Azərbaycan parlamenti bu həftənin əvvəlində Bəyannaməni təsdiq etdi.

Fevralın 3-də - bu gün isə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Komissiyadan sonra sənəd BMM-də gündəliyə daxil edilərək, ratifikasiya olunacaq.

eliyev-erdogan-sened-1.jpg (50 KB)

Çox böyük bir tarixi hadisədir: Faktiki olaraq Türkiyə və Azərbaycan arasında imzalanan bu sənəd gələcəyin qarantıdır, xaricdən gələ biləcək təhdidlərin anında və “beşikdəcə məhv edilməsi” deməkdir. Bu o deməkdir ki, artıq hansısa bir güc istər hərbi, istər iqtisadi, istər siyasi baxımdan Azərbaycana qıcanan dişləri həm də Türkiyə qıracaq. Eynilə Türkiyəyə qarşı hansısa təhdid olarsa, qarşılarında həm də Azərbaycanı görəcəklər. Bəli, Azərbaycan da artıq dünyada xüsusi yeri olan, sözü eşidilən, Cənubi Qafqaz regionunda diqtə edən, Avropa ilə enerji və təhlükəsizlik məsələlərində konkret və mühüm yeri olan dövlətdir.

Bu, təbii ki, türk dünyasını, konkret olaraq Türkiyə və Azərbaycanı güclü görmək istəməyən bədxahların planlarını pozur, onları qıcıqlandırır. Odur ki, Qərbdəki, Avropadakı anti-türk qüvvələr bütün vasitələrlə hərəkətə keçiblər, iki qardaş ölkəyə qarşı təxribatlara başlayıblar. Xüsusilə Türkiyə və Azərbaycan cəmiyyətlərində mənfi rəylər yaratmaq üçün hər cür eybəcərlikləri etmək cəhdlərini görməkdəyik. Mənzərə bundan ibarətdir ki, həm Türkiyədə, həm də Azərbaycanda Qərbin, Avropanın “beşinci kolon”u hərəkətlənib.

Sübut olaraq CHP-dən olan deputat Aykut Erdoğdunun cəfəng iddialarını göstərmək olar. Türkiyə ictimaiyyətinə səslənir ki, guya Azərbaycandan Türkiyəyə təbii qazın verilişində korrupsiya halları var, ona görə də Türkiyədə qaz bahalaşıb...

Bunun iqtisadi cəhətdən təkzibi bir cümlə ilədir əslində: Adamın xəbəri yoxdur ki, qaz bütün dünyada bahalaşıb və burada günahkar onun da bağlı olduğu şübhə doğurmayan missioner Qərb, Avropa dairələridir...

İndiki həssas dönəmdə, Şuşa Bəyannaməsi ratifikasiya olunan günlərdə Türkiyə-Azərbaycan cəmiyyətlərində kəmfürsətcəsinə xoşagəlməz rəylər yaratmaq cəhdləri kimin marağındadır? Əlbəttə, anti-Türkiyə və anti-Azərbaycan dairələrin.

Bəs elə isə Türkiyə deputatı Erdoğdu niyə Türkiyə və Azərbaycana çamur atır? Bir türk bunu nədən etsin? Təbii, səbəbsiz deyil! Belə görünür ki, CHP yetkilisi türklüyünü, Türkiyə-Azərbaycan qardaşlığının türk coğrafiyasına hansı qazancları gətirdiyini “unudaraq”, boynuna götürdüyü missiya üzrə çalışır - “beşinci kolon”un əmrlərini yerinə yetirir: İki ölkə cəmiyyətində dövlətlərin birliyinin səmimiliyinə kölgə salmağa, bacardığı qədər mənfi rəylər formalaşdırmağa, qıcıqlar yaratmağa çalışır. Başqa heç bir bəhanə tapa bilmirlər, bu cür ideoloji təxribatlara baş vururlar.

Hesab edirlər ki, bununla Türkiyə və Azərbaycan ictimaiyyətində şübhə toxumları səpə biləcəklər. Təbii, buna cəmiyyətlər özü layiqincə cavab verəcək, keçməz belə hayqırtılar.

Sadəcə, təəssüflər olsun ki, CHP kimi bir partiya erməni, anti-türk dəyirmanına su tökməkdə davam edir. Ona görə “davam edir” yazırıq ki, bu, ilk deyil...

Uzun illərdir CHP rəhbərliyində olan adamlar Qərbin “beşinci kolonu”nun təmsilçisi rolundadırlar.

İkinci Qarabağ savaşı zamanı CHP-nin rəhbər şəxslərindən olan Əhməd Unal Çeviköz xəyanətə bərabər açıqlamaları ilə yadda qaldı. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur, bədnam, “erməni açılımı” kimi təqdim edilən “Sürix protokolları”nın müəllifi məhz Əhməd Ünal Çeviköz olub.

chpnin_dis_politikasini_emanet_ettigi_unal_cevikozun_skandal_sozleri_1601375440_4778.jpg (13 KB)

Ərdoğan bir müddət öncə Türkiyəyə həqarətli davranışlar göstərən bəzi səfirlərə təpindi, Çeviköz isə dərhal onların müdafiəsinə qalxdı.

Bütövlükdə davranışları Çeviközün Qərbin antitürk dairələrinin əlamanı olmasına şübhə qoymur. Buna dair daha əvvəllər yazdığım məqalədə bütün təfərrüat və faktlar yer alıb. Link: https://musavat.com/news/cevikozun-xeyanete-beraber-cevikliyi-qerbdeki-antiturk-dairelerin-elamanidirmi_840531.html

İndi də ortaya Erdoğdu düşüb. Belə mənzərə yaranır ki, “beçinci kolon” Türkiyədə CHP üzərindən hərəkətlənməkdə davam edir. Heyif Atatürkün qurmuş olduğu bu partiyadan. 2010-cu ildə Kamal Kılıcdaroğlu CHP-yə rəhbər gəldikdən sonra bu qurum faktiki Türkiyəyə, türk dünyasına qarşı xain projelərdə yer almış kimi görünür.

Ortada ciddi faktlar var buna dair! Çeviköz və Erdoğdu nümunələri kifayət edir...

Bir incə məqamı da qeyd edək: Türkiyə-Azərbaycan qardaşlığından narahat olan dairələr Bakıdakı əlamanlarını da hərəkətləndiriblər. Məsələn, bir neçə gün öncə bir “Soros uşağı”nın Bakıda Türkiyə bayrağına həqarət etməsi də bu kontekstdə təsadüfi hesab oluna bilməz. Hər iki hadisədə - Erdoğdu və türk bayrağına həqarət edən azərbaycanlı əlamanın etdiklərinin ortaq məqsədi ən həssas və ən yaxın münasibətlər dövründə Türkiyə cəmiyyətini qıcıqlandırmağa, aqressiv açıqlamalara nail olmaq idi.

Ancaq istər Türkiyə cəmiyyəti, istərsə də Azərbaycan cəmiyyəti bu cür hiylələri, təxribatları anındaca ifşa edəcək qədər ayıqdır. Buna cəhd edənlər özlərini yormasınlar. Davam edərlərsə, toplum onların özünü yerində oturdacaq.

3a711bd8ba59c29ab74f9b80ab2f6621.jpg (85 KB)

Elşad MƏMMƏDLİ

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR