İnsanlara hürriyət, millətlərə istiqlal!

Çeviközün xəyanətə bərabər “çevikliyi”: Qərbdəki antitürk dairələrin əlamanıdırmı...  

2723 29.10.2021 15:57 Gündəm A A

Türkiyə və Azərbaycanın dövlət maraqlarına zidd davranışlar sərgiləyən keçmiş səfirin mübhəm müdafiəçiləri də onunla eyni projedə olanlardır...

Türkiyənin Azərbaycandakı keçmiş səfiri, hazırda CHP rəhbərlərindən olan Əhməd Ünal Çeviköz həm özünün, həm də təmsil etdiyi partiyanın nüfuzuna ciddi zərbə vuran, eyni zamanda Türkiyəyə, Azərbaycana qarşı şübhəli davranışlarını davam etdirir. 

İkinci Qarabağ savaşı zamanı Türkiyə dövləti, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı bütün istiqamətlərdə tam dəstəklədi, qardaş olaraq yanında durdu. Dünya tarixində görünməmiş bir qardaşlıq nümunəsi ortaya qoyuldu.
Türkiyənin bütün siyasi quruluşları da bu savaşda tam dəstək ifadə etdilər...
Vətən Müharibəsi dövründə təbii ki, Azərbaycanda hamı yumruq kimi birləşmişdi, yalnız bir neçə başıpozuq, ermənipərəst dairələrin məngənəsində olan “ yerli sülh göyərçinləri” peyda olmuşdu. Çatlaq səslər gəldi onlardan.
Eyni zamanda qardaş Türkiyədə də belə bir adam oldu: Əhməd Ünal Çeviköz Türkiyə və Azərbaycanın maraqlarına zidd, özünün, bəlkə də təmsil etdiyi CHP-nin, yaxud bu partiyadakı hansısa mübhəm qruplaşmaların siyasi kimliyini ortaya qoyan bir açıqlama vermişdi.
Azərbaycan Vətən Müharibəsi apardığı zaman ermənipərəst ölkələr, dairələr Azərbaycan və Türkiyəni şərləmək üçün bir demaqogiya ilə məşğul olurdular. Guya Türkiyədən Azərbaycana silah daşınır, muzdlular Türkiyə vasitəsilə döyüşlərə cəlb edilir. Təbii, bütün bunlar iftira idi, bunu iddia edənlər heç bir fakt göstərə bilmədilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında onlardan bircə belə fakt göstərmələrini tələb etdi. Təbii, onlar bunu edə bilmədilər, çünki belə hal yox idi. Əksinə, Azərbaycan sübut etdi, konkret faktlar, foto və videolar göstərdi ki, Ermənistan tərəfdən Azərbaycana qarşı muzdlular, terror təşkilatlarının üzvü olanlar döyüşür. Onlardan bəziləri Fransa vətəndaşı idi, bu faktlar təsbit olundu və elə Fransanın özündə cinayət işi də açıldı...
Xülasə, İkinci Qarabağ savaşında bizə qarşı irəli sürülən bu yalanların heç bir əsası yox idi, ancaq bu cür qarayaxmadan istifadə edən, çatlaq səsi gələnlərdən biri də təəssüf ki, Əhməd Ünal Çeviköz olmuşdu. O, “Gələn xəbərlərdə Türkiyədən Azərbaycana silah yardımı və döyüşçülərin göndərildiyi ifadə olunur”, “Təəssüf ki, biz Azərbaycana dəstək verdik” kimi yanlışlıq yapmışdı. Bunu bilməyərəkdən etdiyini söyləmək əbəsdir. Çünki adam peşəkar diplomatdır, belə naşılıq etməzdi.
CHP-nin bununla AKP ilə siyasi rəqabətdə istifadə ediləcək arqument əldə edəcəyi də o qədər inandırıcı görünmürdü. Çünki Türkiyə ictimaiyyəti bunu həmən iqnor edər və həmin “arqument” elə CHP-nin öz əleyhinə yönələrdi.

Bəs Çeviköz niyə belə eləmiş ola bilərdi?

Bunu onun bir neçə gün öncəki “siyasi davranışı” müəyyən qədər açır.
Söhbət sayın Ərdoğanın Osman Kavala olayından dolayı Qərbin 10 səfirinə qarşı tam haqlı mövqeyinin, onları persona non-qrata elan etməyə çağırmasının ardınca bəzilərinin Türkiyə Prezidentini hədəfə almasından gedir. Onlardan biri də Çeviköz idi. Əhməd Ünal bunun guya doğru olmadığını iddia etdi, Türkiyənin maraqlarına zidd təbliğata başladı.
Ərdoğan Füzuli beynəlxalq hava limanının açılışından dönərkən jurnalistlərin suallarına cavab olaraq, belə yanlış təbliğat aparanları yerində oturdan reaksiya verdi. Konkret olaraq Çeviközün Türkiyə və Azərbaycanın maraqlarına xəyanət sayılan davranış göstərdiyini, diplomat etikasını pozaraq Azərbaycana da xəyanət etdiyini dilə gətirdi. Sitat: “İlk növbədə səfir olduğunuz ölkənin siyasətinə hörmət etməyi öyrənin”.
                         

                               ***

Həm indiki, həm də ötənlərdəki davranışları Çeviközün Qərbin antitürk dairələrinin əlamanı olmasına ciddi şübhələr yaradır. Bunu iddia etmək üçün kifayət qədər əsaslar mövcuddur:

- Çeviköz İkinci Qarabağ savaşı zamanı məhz Qərbdəki anti-Azərbaycan, anti-Türkiyə dairələrin ritorikasını (Türkiyədən silah, muzdlu getməsi uydurması) təkrarlayırdı;

- Ərdoğan Osman Kavala məsələsində Qərbin anti-Türkiyə mövqeyində dayanan səfirlərinə təpindi, Çeviköz isə dərhal onların müdafiəsinə qalxdı.

Maraqlıdır, niyə? Bu suala cavab axtaranda ortaya çox ciddi faktlar çıxır. Çeviköz hələ diplomatik xidmətdə olduğu illər ərzində şübhəli fəaliyyətlə məşğul olub.
2001-2004-cü illərdə Türkiyənin Azərbaycandakı səfiri olmuş Ünal Çeviköz ermənilərə simpatiya bəsləyən siyasi fiqur kimi yaddaşlarda qalıb.
2009-cu ildə Türkiyə ilə Ermənistan arasında imzalanmış məşhur, bədnam, “erməni açılımı” kimi təqdim edilən “Sürix protokolları”nın müəllifi məhz Əhməd Ünal Çeviköz olub.

Həmin protokolları hazırlayan zaman Çeviköz Türkiyə Xarici İşlər Nazirliyinin məsul əməkdaşı idi, öz səlahiyyətlərindən bu cür sui-istifadə etdi.
Bu təhlükəli layihə Azərbaycan hakimiyyəti və ictimaiyyətinin sərt təpkisi, həmçinin Türkiyə dövlətinin, xüsusi ilə Ərdoğanın da konkret mövqeyi nəticəsində reallaşmadı, geri çevrildi.

suri.jpg (32 KB)

2009-cu ildə ABŞ, Fransa, Rusiya, İsveçrənin rəsmi şəxslərinin iştirakçılığı ilə Türkiyə və Ermənistan arasında imzalanmış “Sürix protokolları”nın əsas məqsədi Türkiyə-Ermənistan sərhədlərinin açılması idi. Amma Türkiyə parlamenti həmin protokolları ratifikasiya etmədi, beləliklə Çeviközün özfəaliyyəti baş tutmadı.

Çeviközün Qərb dairələrinin təsiri altında olması iddiası çoxdan mövcuddur. O, hələ 1989-cu ildə NATO-nun qərargahında, 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunda çalışıb. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz 2001-2004 illərdə Azərbaycanda, 2004-2006-cı illərdə İraqda Türkiyənin səfiri olub. 2010-cu ildə Londona səfir gedib. 2014-cü ildə Londondan döndükdən sonra diplomatik fəaliyyətini dayandırıb, təqaüdə çıxmasına israr edib və dərhal da siyasi arenaya transfer edib.
Əgər məqsədi dincəlmək, rahat yaşamaq idisə, diplomatik fəaliyyətdən heç də asan olmayan aktiv siyasətə niyə başlayırdı? Şübhələr yaranır ki, bu, Qərbdəki dairələrin təlimatı ilə baş verib...

Hansı ki, Əhməd Ünal Çeviköz vaxtilə diplomatiya sahəsində çalışıdığından siyasi partiya üzvü ola bilməzdi. Bu qaydanı belə pozub öz missiyası üzrə...
Onun belə şübhəli, anti-Türkiyə, anti-Azərbaycan fəaliyyətinə CHP sədri Kamal Kılıçdaroğlunun reaksiya verməməsi də təəssüf doğurur. Belə mənzərə yaranır ki, sayın Kılıcdaroğlu Əhməd Ünal Çeviközla razılaşır...

                                                                         ***

Daha bir maraqlı məqam isə Çeviközün yanlış fəaliyyətini hər kəs tənqid etdiyi halda, Azərbaycanda xaricdən yönətilən bir media orqanı – Meydan TV tərəfindən ciddi cəhdlə müdafiə olunmasıdır. Sirr deyil ki, Meydan TV də Qərbdəki anti-Azərbaycan, anti-Türkiyə dairələr tərəfindən idarə olunur, maliyyələşdirilir.
Bu media quruluşu Qərbin Azərbaycandakı əlamanlarından birini dərhal efirinə çıxarıb və Çeviközün müdafiəsi təşkil olunub.
Maraq nədir? Əlbəttə, bu işlər səbəbsiz deyil. Görünür, eyni dairəyə bağlıdırlar...

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR