İnsanlara hürriyət, millətlərə istiqlal!

Çavuşoğlunun verdiyi mühüm mesajlar, Azərbaycanla uzlaşdırılan maraqlar və ...

991 14.12.2021 15:46 Gündəm A A

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu qardaş ölkə ilə Ermənistanın ikitərəfli münasibətlərinin normallaşdırılması istiqamətində atılacaq addımların anonsunu verib. O bəyan edib ki, görüləcək işləri müzakirə etmək üçün hər iki ölkə xüsusi nümayəndələr təyin edəcək. XİN başçısı əlavə olaraq İstanbulla İrəvan arasında çarter reyslərinin bərpa olunacağını da diqqətə çatdırıb.

Mühüm gəlişmədir. İlk növbədə bu, postmüharibə dövründə Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar kontekstində həyata keçirilən proses kimi qiymətləndirilməlidir.
Əlbəttə, Türkiyə Ermənistanla münasibətlərə dair atdığı və atacağı bütün addımları Azərbaycanın maraqları çərçivəsində həyata keçirəcək, buna zərrə qədər şübhə də ola bilməz. Bu yöndə Çavuşoğlu xüsusi olaraq vurğulayıb ki, rəsmi Ankara Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar Azərbaycanla koordinasiya edilir.

780efaf95b2b150891094df9ba3fedef.jpg (72 KB)

Postmüharibə dövründə Türkiyə ilə Ermənistan arasında münasibətlərin yaxşılaşdırılmasında hansısa bir neqativ baxış yersiz olardı. Bu tam normal bir prosesdir.
Regional əməkdaşlıq, kommunikasiyaların açılması postmüharibə dövrünün tələbidir. Əvvəla, Azərbaycan rəsmi şəkildə dəfələrlə bəyan edib ki, bu prosesi dəstəkləyir.
Ümumiyyətlə, Azərbaycan bölgədə sülh və barışın, bütün istiqamətlər üzrə bütün region ölkələri, o cümlədən Ermənistanla əməkdaşlığın tərəfdarı olduğunu bildirib.
Yeganə olaraq bu prosesə müxtəlif təxribatçı davranışlarla əngəl olan Ermənistandır.
Ancaq İrəvanın, müxtəlif revanşist qrupların da dirəniş göstərməsi anormal bir hərəkətdir, çünki regional əməkdaşlıq ilk növbədə iflas həddində olan Ermənistan üçün mühümdür.

İkincisi, Azərbaycan və Türkiyənin ortaq maraqları bəllidir: Türkiyə Ermənistanla sərhədlərini 1993-cü ildən bu yana məhz Qarabağın işğalı faktına görə qapatmışdı. İndi Azərbaycan Qarabağı işğaldan azad edib, qalib dövlətdir və regional inkişaf üçün bütün səylərini əsirgəmir.
Bu nöqteyi-nəzərdən Türkiyənin Ermənistanla ikitərəfli münasibətləri normallaşdırılması tamamilə təbii məsələdir və bu, böyük bir jest, barış əlidir.
Təbii, vəziyyət indiki kimi qeyri-stabil davam edə bilməz. Məqsəd Qarabağı azad etmək idi, ona nail olunub, bundan sonra Ermənistan özünü tamamilə normal aparmalı, habelə 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatının da tələblərini yerinə yetirməlidir.
Yeri gəlmişkən, Ermənistanla Türkiyənin münasibətlərinin normallaşdırlmasına dair təşəbbüs “3+3” formatı üzrə əməkdaşlığın bir detalı kimi də qiymətləndirilə bilər.
Görünən budur ki, Ermənistanda da artıq reallıqları dərk edirlər.

Ermənistanın xarici işlər naziri Vaan Unanyan özünün facebook səhifəsində yazıb ki, Ermənistan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Yerevanla münasibətlərin tənzimlənməsi üçün xüsusi nümayəndə təyin etmək barədə bəyanatını alqışlayır və dialoqun başlaması üçün öz nümayəndəsini təyin edəcək.
Sitat: “Yerevan Ermənistan hökumətinin proqramında təsbit olunduğu kimi, ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin tənzimlənməsi prosesinə hazırdır. Bu səbəbdən Türkiyə xarici işlər nazirinin münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edilməsi ilə bağlı bəyanatını müsbət qiymətləndirir və dialoqa başlamaq üçün Ermənistan tərəfinin də xüsusi nümayəndə təyin edəcəyini təsdiqləyirik”.

Məğlub Ermənistan gerçəklikləri qəbul etmədən, yeni situasiyaya uyğun davranmadan fəlakətlərə məruz qalacağını fərq etməmiş deyil.
Təbii, qarşıda görüləcək işlər çoxdur: Ermənistan Türkiyənin Azərbaycanla koordinasiya edərək ikitərəfli münasibətləri normallaşdırmaq jestinə adekvat reaksiyalar verməlidir. İlk növbədə Türkiyə və Azərbaycana qarşı torpaq iddialarından birdəfəlik əl çəkilməli, separatizm meylləri aradan qalxmalı, sülh müqaviləsi imzalamağa razılaşmalıdır. Proseslər məhz bu ardıcıllıqla inkişaf etməlidir və ümid edək ki, Ermənistan bundan boyun qaçırmayacaq, ən azı erməni xalqını daha da bədbəxt etməmək üçün...
Hazırda yanlış bir müqayisənin də şahidi oluruq. Türkiyə-Ermənistan münasibətlərinin yaxşılaşdırılması, əməkdaşlıq təşəbbüsləri 2008-2009-cu ildə ortaya atılmış, ancaq həyata keçməyən “Sürix razılaşması” ilə müqayisə olunur.

Ancaq burada paralellər aparmaq belə mümkünsüzdür. Əvvəla ona görə ki, “Sürix protokolları” qara niyyətlərə xidmət edirdi, Qarabağ işğaldan azad edilmədən Türkiyə-Ermənistan sərhədlərinin açılmasını özündə ehtiva edirdi. Bu protokolların müəllifi Avropanın ermənipərəst dairələrinin ruporu kimi tanınan sabiq səfir Əhməd Ünal Çeviköz idi. Həmin Çeviköz ki, Vətən müharibəsi dövründə Türkiyə və Azərbaycanın maraqlarına zidd, təxribatçı bir açıqlama vermişdi.
Sürix protokollarını məhz o təqdim etmişdi və bu, haqda bir müddət öncə geniş məqalə yazmışıq. Yazını aşağıdakı linkdən oxuya bilərsiniz : https://musavat.com/news/cevikozun-xeyanete-beraber-cevikliyi-qerbdeki-antiturk-dairelerin-elamanidirmi_840531.html

Ən azı bu yazını oxuyanda aydın olacaq ki, Sürix protokolları indiki davranışlarla niyə eynləşdirilə bilməz. Birincisi ona görə ki, o zaman Sürix prosesi məhz Azərbaycanın etirazı nəzərə alınaraq kənara atıldı, ratifikasiya edilmədi. Çünki Qarabağ azad olunmamışdı.

İndi isə tamam fərqli vəziyyətdir. Hazırda əməkdaşlıq məsələlərində Azərbaycanla Türkiyənin maraqları üst-üstə düşür, koordinasiya edilir. Ən əsası, qeyd etdiyimiz kimi, artıq Qarabağ azaddır və hazırda regionda yeni geosiyasi vəziyyət formalaşıb. Yeni təhlükəsizlik, əməkdaşlıq sistemi qurulur, 3+3 formatı üzərində işlənir, Zəngəzur dəhlizi açılacaq. Azərbaycan bu planların qısa zamanda baş tutması üçün əlindən gələni edir. Regionda sabitliyin başqa alternativi də yoxdur. Türkiyənin Ermənistanla bağlı siyasəti də təbii ki, Azərbaycanın maraqlarına uyğunlaşdırılır.

Elşad MƏMMƏDLİ
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR