İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, müstəqil Ukraynanın sonu olacaq–Timoşenko məhkəmədə sərt bəyanat verdi

1182 16.01.2026 16:17 Dünya A A

Ukraynada müxalifətçi “Batkivşina” Partiyasının lideri Yuliya Timoşenko deputatların rüşvətlə ələ alınması işi üzrə ona qarşı seçiləcək qətimkan tədbiri ilə bağlı keçirilən məhkəmə iclasında ittihamları bir daha qətiyyətlə rədd edib.

Musavat.com xəbər verir ki, Timoşenko ona qarşı irəli sürülən ittihamları siyasi sifariş adlandıraraq, prosesin məqsədinin onu siyasi mübarizədən kənarlaşdırmaq olduğunu bildirib. Onun sözlərinə görə, bu iş hüquqi yox, tamamilə siyasi xarakter daşıyır və Ukraynada müxalif səslərin susdurulmasına xidmət edir.

Məhkəmə çıxışı zamanı Timoşenko ölkənin gələcəyi ilə bağlı son dərəcə sərt və bədbin proqnoz səsləndirib. O bildirib ki, qarşıdakı beş il Ukrayna tarixində müstəqil dövlət kimi son mərhələ ola bilər.

“Növbəti beş il müstəqil Ukraynanın tarixində sonuncu illər olacaq. Bizim gerbimiz, bayrağımız, himnimiz və dünyanın dörd bir tərəfinə səpələnmiş xalqımız qalacaq. Amma bunlardan başqa heç nə olmayacaq”, – deyə Timoşenko vurğulayıb.

Siyasi müşahidəçilər qeyd edirlər ki, bu açıqlama təkcə öz məhkəmə işi ilə bağlı müdafiə mövqeyi deyil, eyni zamanda hakimiyyətin daxili və xarici siyasətinə yönəlmiş açıq ittihamdır. Ekspertlərin fikrincə, Timoşenko Ukraynanın suverenliyinin, dövlət institutlarının və milli gələcəyinin ciddi təhlükə altında olduğunu demək istəyir.

Xatırladaq ki, Yuliya Timoşenko son aylarda Ukrayna siyasətində yenidən aktivləşib və hakimiyyətin qərarlarını kəskin tənqid edir. Onun barəsində açılan rüşvət işi isə müxalif düşərgədə siyasi təzyiq aləti kimi qiymətləndirilir. Hakimiyyət nümayəndələri isə ittihamların hüquqi əsaslara söykəndiyini bildirirlər.

Məhkəmənin hansı qərar verəcəyi hələlik bəlli deyil. Lakin analitiklər hesab edirlər ki, bu proses Ukraynada daxili siyasi gərginliyi daha da artıracaq və cəmiyyət daxilində parçalanmanı dərinləşdirə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR