Bəzən tarixdə elə hadisələr yaşanır ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövr üçün deyil, onilliklər, hətta əsrlərlə üçün ölçülür. 1926-cı il fevralın 26-da Bakıda işinə başlayan Birinci Türkoloji Qurultay da məhz belə hadisələrdən biridir. Bu qurultay türk dillərinin elmi şəkildə öyrənilməsi məqsədilə çağırılsa da, əslində türk xalqlarının ortaq kimliyi, dili, mədəniyyəti və gələcəyi haqqında ən böyük intellektual platformaya çevrildi. Aradan düz 100 il keçdikdən sonra, yəni 2026-cı ildə yenidən Bakının türk dünyasının elm mərkəzinə çevrilməsi göstərir ki, bir əsr əvvəl səsləndirilən ideyalar bu gün də aktuallığını qoruyur.
XX əsrin əvvəllərini parçalanmış türk dünyası kimi xarakterizə etmək olar. Həmin dövrün ilk onillikləri türk xalqları üçün ağır sınaqlar dövrü idi. Osmanlı imperiyası Birinci Dünya müharibəsindən məğlub çıxmış, Rusiya imperiyası süqut etmiş, Qafqaz, Krım, Volqaboyu, Mərkəzi Asiya və Sibir türkləri müxtəlif siyasi rejimlərin təsiri altında qalmışdılar. Coğrafi sərhədlər dəyişsə də, türk xalqlarını düşündürən əsas suallar eyni idi.

Dil necə qorunmalıdır, milli kimlik necə yaşadılmalıdır və elm hansı istiqamətdə inkişaf etməlidir?
Hələ XIX əsrin sonlarında Krım tatarı maarifçisi İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, işdə birlik” şüarı ilə türk dünyasına yeni ideya vermişdi. Onun fikrincə, ortaq dil və ortaq maarif olmadan türk xalqlarının gələcəyi mümkün deyildi. Bu ideya sonralar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Yusuf Akçura, Ziya Göyalp kimi mütəfəkkirlərin əsərlərində daha da inkişaf etdirildi.
1926-cı ildə isə, Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi təsadüfi seçim deyildi. XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakı Qafqazın ən böyük sənaye şəhəri olmaqla yanaşı, türk-islam dünyasının mühüm elm, mətbuat və maarif mərkəzlərindən birinə çevrilmişdi. Burada nəşr olunan qəzet və jurnallar, fəaliyyət göstərən məktəblər və ziyalı mühiti bütün türk coğrafiyasından gələn fikir adamlarını özünə cəlb edirdi. Azərbaycan ziyalıları Şərqlə Qərb arasında körpü rolunu oynayırdı. Məhz buna görə də SSRİ rəhbərliyi və elmi ictimaiyyət türkologiya üzrə ilk beynəlxalq miqyaslı forum üçün Bakını ən uyğun məkan hesab etdi.
1926-cı il fevralın 26-dan martın 6-dək davam edən qurultayda 130-dan çox nümayəndə iştirak edirdi. Onlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Krım, Tatarıstan, Başqırdıstan, Yakutiya, Çuvaşıstan, Almaniya, Avstriya və digər ölkələri təmsil edirdilər. Qurultayın əsas təşkilatçılarından biri Səməd Ağamalıoğlu idi. Ən parlaq simalar sırasında isə professor Bəkir Çobanzadə, Türkiyənin görkəmli tarixçisi Fuat Köprülü, siyasətçi və alim Yusuf Akçura, məşhur şərqşünas Vasili Bartold, türkoloq Aleksandr Samoyloviç, Yevgeni Polivanov, Sergey Malov və digər nüfuzlu elm adamları yer alırdı. On gün ərzində dilçilik, əlifba, etnoqrafiya, tarix, folklor, terminologiya, arxeologiya və təhsil məsələlərinə dair onlarla məruzə dinlənildi. Birinci Türkoloji Qurultayın qəbul etdiyi tarixi qərarlar sonrakı onilliklərə istiqamət verdi.
Ən mühüm qərar latın qrafikalı əlifbaya keçidin dəstəklənməsi idi. Qurultay iştirakçıları hesab edirdilər ki, ərəb əlifbası elmin, maarifin və texniki tərəqqinin tələblərinə cavab vermir. Latın qrafikası isə həm öyrənilməsi asan, həm də türk xalqları arasında ortaq ünsiyyət vasitəsinə çevrilə bilər. Bununla yanaşı, türk dillərinin müqayisəli şəkildə öyrənilməsi, ortaq elmi terminologiyanın hazırlanması, qədim türk yazılı abidələrinin sistemli tədqiqi, milli dillərdə təhsilin inkişaf etdirilməsi və gələcəkdə türkoloqlar arasında daimi əməkdaşlıq mexanizminin yaradılması barədə qərarlar qəbul edildi.

Professor Bəkir Çobanzadə çıxışında bildirirdi ki, türk dilləri müxtəlif qollara ayrılsa da, onların kökü birdir və bu qohumluq elmi əsaslarla öyrənilməlidir. Fuat Köprülü türk tarixinin ayrı-ayrı dövlətlərin deyil, vahid sivilizasiyanın tarixi kimi araşdırılmasının vacibliyini vurğulayırdı. Yusuf Akçura isə qeyd edirdi ki, Türk xalqlarını birləşdirən ən güclü bağ ortaq tarix və ortaq mədəni yaddaşdır. Bu fikirlər sonrakı yüz il ərzində türkoloji elmin əsas istiqamətlərinə çevrildi. Lakin təəssüflər olsun ki, qurultayın yaratdığı böyük ümid uzun sürmədi. 1930-cu illərin sonlarında Stalin repressiyaları başlayanda Birinci Türkoloji Qurultayın bir çox iştirakçısı “pantürkist”, “millətçi” və “xalq düşməni” damğası ilə həbs olundu. Professor Bəkir Çobanzadə güllələndi. Aleksandr Samoyloviç repressiya qurbanı oldu. Yevgeni Polivanov və onlarla digər alim də eyni aqibətlə üzləşdi. Bir vaxtlar eyni zalda türk dillərinin gələcəyini müzakirə edən alimlərin çoxu cəmi on il sonra ya güllələnmiş, ya sürgün edilmiş, ya da elmdən uzaqlaşdırılmışdı. Bununla da Birinci Türkoloji Qurultayın yaratdığı böyük elmi məktəb ağır zərbə aldı.
Bu mərhələdə 1937–1991-ci illəri sükut dövrü adlandırmaq olar. Amma bu müddət ərzində ötən onilliklərdə türkologiya tamamilə yox olmasa da, ciddi ideoloji nəzarət altına düşdü. “Türk birliyi”, “ortaq dil”, “ortaq əlifba” kimi anlayışlar təhlükəli hesab olunur, bu mövzular ətrafında aparılan tədqiqatlar məhdudlaşdırılırdı. Bununla belə, Azərbaycan, Qazaxıstan, Özbəkistan və digər respublikalarda dilçilik, folklor, etnoqrafiya və qədim türk yazılı abidələrinin araşdırılması davam etdirildi. Birinci Türkoloji Qurultayın elmi ruhu gizli şəkildə yaşamaqda idi.
1991-ci il isə, sözün həqiqi mənasında yeni mərhələnin başlanğıcı sayılmalıdır. Belə ki, SSRİ-nin süqutu və türk respublikalarının müstəqillik qazanması ilə 1926-cı ildə yarımçıq qalan ideyalar yenidən gündəmə gəldi. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan müstəqil dövlətlər kimi türk dünyası arasında əməkdaşlığı genişləndirməyə başladılar. Ümummilli lider Heydər Əliyev dəfələrlə bildirirdi ki, Azərbaycanın türk dünyası ilə əlaqələrinin möhkəmləndirilməsi ölkənin strateji prioritetlərindən biridir. Onun təşəbbüsü ilə türk xalqlarının ortaq tarixi və mədəni irsinin araşdırılmasına xüsusi diqqət yetirildi. Qurultayın ideyaları yenidən həyata qayıdırdı. 2000-ci illərdən etibarən türk dövlətləri arasında əməkdaşlıq tamamilə yeni mərhələyə qədəm qoydu. TÜRKSOY, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Dövlətləri Təşkilatı kimi qurumlar yaradıldı. Birgə elmi layihələr, ortaq tarix araşdırmaları, dilçilik proqramları və mədəni tədbirlər həyata keçirildi. Ən diqqətçəkən hadisələrdən biri 2024-cü ildə ortaq türk əlifbası layihəsi üzrə əldə olunan razılaşma oldu. Bu addım bir əsr əvvəl Bakıda qəbul edilən qərarların müasir dövrdəki davamı idi.

Prezident İlham Əliyevin sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illiyi dövlət səviyyəsində qeyd olunmağa başladı. Azərbaycan Milli Elmlər Akademiyası, Türk Akademiyası, TÜRKSOY və digər beynəlxalq qurumların iştirakı ilə çoxsaylı konfranslar, sərgilər və elmi sessiyalar təşkil edildi. Hazırda Bakıda keçirilən təşkil olunan və iyulun 3-dək davam edəcək “Türk Dünyası Həftəsi” və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan beynəlxalq konfranslar dünyanın müxtəlif ölkələrindən yüzlərlə alimi bir araya gətirdi. Müzakirələrin əsas mövzuları artıq yalnız tarix deyil, süni intellekt dövründə türk dillərinin inkişafı, rəqəmsal lüğətlər, ortaq terminologiya, ortaq əlifba və ortaq elmi məkanın yaradılması idi. Bu, 1926-cı ildə başlanan ideyanın XXI əsrdə yeni məzmun qazanaraq yaşadığını nümayiş etdirdi.
Sonda tarixə ekskursiya edib əminliklə diqqətə çatdıraq ki, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultay tarixə yalnız dilçilik və ya əlifba islahatı ilə bağlı toplantı kimi düşmədi. O, türk xalqlarının ortaq yaddaşını, ortaq elmi düşüncəsini və gələcəyə baxışını formalaşdıran ilk böyük beynəlxalq platforma oldu. Onun qəbul etdiyi qərarlar repressiyalar dövründə susdurulsa da, məhv edilmədi. Əksinə, müstəqillik dövründə yenidən dirçəldi və bu gün türk dövlətləri arasında inkişaf edən siyasi, iqtisadi, mədəni və elmi əməkdaşlığın ideoloji təməllərindən birinə çevrildi.
Bir əsr əvvəl Bakıda səslənən “ortaq dil”, “ortaq əlifba”, “ortaq elm” və “ortaq gələcək” ideyaları bu gün artıq sadəcə nəzəri mülahizə deyil, türk dünyasının strateji inkişaf xəttidir. Tarix göstərdi ki, Birinci Türkoloji Qurultay təkcə öz dövrünün deyil, gələcək yüz ilin də yol xəritəsini müəyyənləşdirən nadir hadisələrdən biri idi. Buna görə də 1926–2026-cı illər arasındakı yüzillik yol, əslində, türk dünyasının parçalanmadan əməkdaşlığa, susqunluqdan yenidən yüksəlişə doğru keçdiyi böyük tarixi yolun salnaməsidir.
Cavanşir Abbaslı
Musavat.com






