İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT-nin yeni rəhbəri kim olacaq - əsas NAMİZƏDLƏR

2446 21.07.2026 11:42 Son xəbər A A

Təhlükəsizlik Şurasının razılığı olmadan heç bir namizəd baş katib seçilə bilməz

Birləşmiş Millətlər Təşkilatında (BMT) növbəti beş il üçün təşkilata rəhbərlik edəcək baş katibin müəyyənləşdirilməsi prosesi sürətlənir. Dünyada geosiyasi qarşıdurmaların, regional müharibələrin və beynəlxalq təşkilatlara etimad böhranının dərinləşdiyi bir dövrdə keçirilən bu seçki son illərin ən mühüm qlobal siyasi hadisələrindən biri hesab olunur.

Məhz bu səbəbdən BMT Təhlükəsizlik Şurasının daimi üzvləri namizədlərlə fəal təmaslara başlayıblar.

Musavat.com xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada Seneqalın sabiq prezidenti və baş katibliyə namizəd Maki Sall ilə görüşü də bu prosesin tərkib hissəsidir.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı namizəd öz proqramını təqdim edib, Lavrov isə Moskvanın gələcək baş katibdən gözləntilərini açıqlayıb. Tərəflər həmçinin BMT-nin beynəlxalq münasibətlərdə əsas koordinasiyaedici rolunun qorunmasının vacibliyini vurğulayıblar. Bundan əvvəl Lavrov digər namizədlərdən biri – Maria Espinosa ilə də analoji görüş keçirmişdi.

Picture background

BMT-nin baş katibinin seçilməsi proseduru 25 noyabr 2025-ci ildə rəsmi olaraq başlayıb. Həmin gün BMT Baş Assambleyasının sədri və Təhlükəsizlik Şurasının sədri üzv dövlətlərə məktub göndərərək yeni baş katibin seçilməsi prosesinə start veriblər. Seçki bir neçə mərhələdən ibarətdir. İlk olaraq üzv dövlətlər öz namizədlərini irəli sürürlər. Daha sonra namizədlər açıq dinləmələrdə proqramlarını təqdim edir, üzv ölkələrin və ictimaiyyətin suallarını cavablandırırlar. Bu mərhələ əvvəlki seçkilərdən fərqli olaraq daha şəffaf formatda keçirilir. Ən mühüm mərhələ isə Təhlükəsizlik Şurasındakı gizli səsvermədir. Burada namizədin seçilməsi üçün ən azı doqquz üzvün dəstəyi tələb olunur. Bununla yanaşı, beş daimi üzvdən – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransadan hər hansı birinin vetosu namizədin seçilməsinin qarşısını ala bilər. Təhlükəsizlik Şurasının tövsiyə etdiyi namizəd daha sonra formal təsdiq üçün Baş Assambleyanın səsverməsinə çıxarılır.

Hazırda baş katib postu uğrunda dörd əsas namizəd mübarizə aparır.

Çilinin sabiq prezidenti Mişel Baçelet hesab edir ki, BMT yalnız böhranlara reaksiya verməklə kifayətlənməməli, onların qarşısını əvvəlcədən almaq üçün daha fəal işləməlidir. O, insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəsini və "sakit diplomatiya" mexanizmlərinin gücləndirilməsini prioritet sayır.

Kosta-Rikanın sabiq vitse-prezidenti Rebeka Qrinspan beynəlxalq təşkilata inamın zəiflədiyini bildirərək, BMT-nin daha çevik və operativ fəaliyyət göstərməsinin vacibliyini vurğulayır. Onun proqramında vasitəçilik missiyalarının artırılması və münaqişə bölgələrində birbaşa iştirak əsas yer tutur.

Seneqalın sabiq prezidenti Maki Sall isə təşkilatın idarəetmə sisteminin yenilənməsini əsas məqsəd kimi müəyyənləşdirib. O, BMT-də islahatların aparılmasını, xərclərin optimallaşdırılmasını və qurumun daha effektiv fəaliyyət göstərməsini vəd edir. Sall hesab edir ki, geosiyasi rəqabət, silahlı münaqişələr, iqlim dəyişiklikləri, miqrasiya və sosial bərabərsizlik kimi çağırışlar yalnız güclü və islahatçı BMT vasitəsilə həll oluna bilər.

Dördüncü namizəd Argentinadan olan Rafael Qrossidir. Hazırda Beynəlxalq Atom Enerjisi Agentliyinə rəhbərlik edən Qrossi hesab edir ki, BMT son illərdə qlobal qərarların qəbulunda əvvəlki təsir imkanlarını itirib. O, təşkilatın nüfuzunun və səmərəliliyinin artırılması üçün geniş institusional dəyişikliklərin zəruri olduğunu bildirir.

Rəsmi olaraq seçki namizədlər arasında getsə də, əslində proses dünyanın aparıcı dövlətlərinin siyasi maraqlarının toqquşduğu diplomatik mübarizə meydanıdır. Təhlükəsizlik Şurasının beş daimi üzvü veto hüququna malik olduğundan, onların razılığı olmadan heç bir namizəd baş katib seçilə bilməz.

Ekspertlər hesab edirlər ki, qarşıdakı aylarda seçki daha da gərgin mərhələyə keçəcək və yeni namizədlərin də yarışa qoşulması istisna edilmir. Məhz buna görə 2026-cı ilin BMT baş katibi seçkiləri son onilliklərin ən mühüm və ən rəqabətli beynəlxalq siyasi proseslərindən biri kimi qiymətləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR