İnsanlara hürriyət, millətlərə istiqlal!

Xristianın göndərdiyi pulu talayan müsəlmanların din davası

1398 21.07.2026 12:12 Yazarlar A A

Yazıda bir çox futbolçuların adı keçəcək, amma bu, futbol söhbəti deyil.

Sadəcə, başa çatmış mundial bizə bir çox mətləbləri ahəstəcə başa saldı.

Biz ideoloji təbliğatın gücünü, yalan-böhtanlarla kütlələri necə qızışdırıb idarə etməyin konturlarını gördük.

Futbol üzrə dünya çempionatının oyunları yarıya çatanda milli azarkeşlərimiz artıq iki tirəyə bölünmüşdülər. Bir hissə klassik futbol ölkələrinin (Almaniya, Braziliya, Fransa, İngiltərə, İspaniya) birinə azarkeşlik edir, onların baxımlı və üstün oyun oynadıqlarını əsas gətirərək, çempion olmasını istəyirdilər.

Digər tirə isə mundiala qatılan müsəlman ölkələrindən (Türkiyə, Mərakeş, İran, Özbəkistan, Seneqal, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Əlcəzair) birinin mərhələ adlamasını, yarımfilana qədər irəliləməsini, hətta çempion olmasını arzu edirdi.

Din təəssübkeşlik məsələsi idmana sirayət etmişdi. Milyonlarla azarkeş məsələyə bu prizmadan yanaşırdı. Məgər digər dini konfessiyalar yarışa qatılanlar arasında din-məzhəb ayrı-seçkiliyi edirdilər? Məsələn, finlandiyalı, danimarkalı azarkeşlər öz ölkələrində oturub-durub deyirdilərmi ki, hansı ölkə çempion olur-olsun, təki xristian ölkəsi olsun. Belə bir şey yox idi. O ölkələr sırf qonşuluğa görə Norveçin uğur qazanmasını istərdilər.

Amma bizim azarkeşlərin bir xeylisi 2026 mundialına xristian-müsəlman yarışı kimi baxırdılar.

Gerçəklik budur ki, hələlik futbol sahəsində müsəlman ölkələrin futbolçuları Avropa və Amerika milli komandalarından geri qalırlar, onlarla müqayisədə zəifdirlər və bu, özünü oyunların nəticəsində də göstərirdi.

Məhz bu zaman ortaya kütləvi şəkildə cığallıqlar, iftira və böhtanlar çıxdı. Argentina millisinə qarşı səslənən ittihamların əksəriyyəti bu komandanın müsəlman ölkələrinin (Əlcəzair, İordaniya, Misir) yığma komandalarına qalib gəlməsi ilə bağlıydı.

Başqa müsəlman ölkələrində kükrəmiş anti-Argentina və anti-Messi kampaniyası tezliklə bizim ölkəyə də sirayət etdi və yüz minlərlə azarkeş birdən-birə Messinin sionistliyindən, yəhudilərin köləsi olmasından, mason lojasının Argentinanı çempion etmək səylərindən danışmağa başladı.

Bu, irqindən, milliyyətindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bəşər əhlini bir araya gətirən futbola, ən populyar idman növünə çirkinlik gətirməklə yanaşı, heç də həqiqətə uyğun deyildi.

Məsələnin mahiyyəti budur: Lionel Messinin yaratdığı fond hər il fələstinli uşaqlara milyonlarla avro göndərib, Messi özü heç zaman İsrailin Qəzza sektorunda törətdiyi cinayətlərə haqq qazandırmayıb. O, 13 il əvvəl “Barselona” klubunun tərkibində Fələstində olub, nümayiş matçı oynayıb, uşaqlara hədiyyə verib. Həmin vaxt Messi komanda yoldaşları Puyol, Xavi, İnyesta, Pike, Neymar və başqaları ilə birlikdə İsraildəki Ağlama divarını da ziyarət edib, Holokostda ölənlərin xatirəsini anıb. O divarın önündə bir neçə dəqiqəliyə durmaqla Messi nə yəhudi olası deyildi, nə də İsrail kəşfiyyatı ilə işləməyə razılaşası.

Ayrıca, 3 il əvvəl Türkiyənin cənub-şərqində dağıdıcı zəlzələ olanda və 10 şəhər yerlə bir olanda Messi ilk həftədə zərərçəkənlərə 3,5 milyon avro pul göndərib. Türkiyənin özündə belə zəlzələdən zərərçəkənlərə göndərilmiş milyonlarla pul vəsaitinin mənimsənilməsinin üstünün açıldığı günlərdə, bu, heç də xırda məbləğ deyil. Təsəvvür edin, bir xrisitian futbolçu zərərçəkən müsəlmanalara milyonlar göndərir, başqa vaxt dindən, imandan, mərhəmətdən, əxlaqdan danışan müsəlmanlar öz din qardaşlarının, soydaşlarının haqqını yeyirlər.

Məsələ budur. Təəssüf ki, dini konfessiyalar arasında nifaq salmaq istəyən qüvvələr, cahil çoxluq hər məsələdə olduğu kimi idman sferasında da insanların dini hisslərini qızışdırır, onun arxasında duraraq öz çirkin məqsədlərinə doğru irəliləyirlər. Onlar müsəlman və xristian dünyası arasına qalın və hündür dəmir pərdə çəkməyə çalışır, təmas nöqtələrini məhv etmək, qarşılıqlı inteqrasiyaya son qoymaq istəyirlər.

Ona da təəssüf ki, biz əlimizdə yetərli informasiya olmadan bu cür idbar məqsəd daşıyan təbliğatların təsiri altına düşürük, həqiqətin nədən ibarət olduğunu bilmədən, araşdırmadan, xaricdən bizə sırınmış qənaət və ehkamları təkrar edə-edə davam edirik.

Bu, qorxulu tendensiyadır. Öz işlərinə gələndə “dünya müsəlmanlarını cihada qaldırmaq” təşəbbüsü ilə çıxış edənlər bizim cihadlıq günümüzdə cınqırlarını belə çıxarmamışdılar. Amma indi istəyirlər ki, biz hər an onların səsinə səs verək, yanlarında dayanaq, onların əsgəri olaq və onların düşmənləri ilə vuruşaq.

Uzun sözün kəsəsi, islam həmrəyliyi yaxşıdır, ancaq hər məsələyə dini təəssübkeşlik prizmasından, eləcə də İranın, Səudiyyənin mövqeyindən yanaşmalı deyilik.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR